MSK-nın Şəkidə keçirdiyi regional seminar-müşavirədə seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) Ali Məhkəmə və Apellyasiya Məhkəmələri ilə birgə layihəsi çərçivəsində Şəki şəhərində keçirilən regional seminar-müşavirədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair məsələlər ətraflı müzakirə olunub.
Şəki şəhərindəki “ASAN xidmət” mərkəzində keçirilən seminar-müşavirədə MSK-nın üzvləri, region üzrə apellyasiya məhkəmələrinin hakimləri, respublikanın şimal-qərb bölgəsində, ətraf şəhər və rayonlarda fəaliyyət göstərən 17 seçki dairəsinin dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.
Seminar-müşavirə MSK-nın üzvü Qabil Orucov və Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyevin açılış nitqləri ilə başlayıb. Bildirilib ki, Şəki ilə yanaşı, ölkənin daha bir neçə regionunda təşkil edilən seminar-müşavirələr seçki mübahisələrinin həlli ilə bağlı dairə seçki komissiyalarının bilik, bacarıq və məlumatlılıq səviyyəsinin yüksəldilməsi, eləcə də vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi məqsədi daşıyır.
Qeyd olunub ki, Azərbaycanda hökm sürən sabitliyin, demokratik prinsiplərə əsaslanan seçki qanunvericiliyinin mövcudluğu tam əminliklə deməyə əsas verir ki, Milli Məclisə seçkilər də əvvəlki seçkilər kimi, azad, ədalətli və şəffaf keçəcək, vətəndaşların konstitusion hüquqları təmin olunacaq.
Sonra MSK Katibliyinin hüquq şöbəsinin müdiri Rafiq Abbasov “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarında araşdırılması prinsipləri və xüsusiyyətləri” mövzusunda təqdimatla çıxış edib.
Seminar-müşavirədə, həmçinin Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri Rövşən Rəfiyevin “Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat” mövzusunda təqdimatı dinlənilib.
Təqdimatlardan sonra müzakirə olunan məsələlərlə bağlı iştirakçıların sualları cavablandırılıb.
AZƏRTAC