Şirvanda seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda seminar-müşavirə keçirilib

23 iyul 2024 19:35

Bu il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramına uyğun olaraq, iyulun 22-dən etibarən növbəti ümumrespublika miqyaslı tədbirlərə - Ali Məhkəmə və Apellyasiya Məhkəmələri ilə birgə layihə çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirələrə start verilib.

Layihə çərçivəsində növbəti seminar-müşavirə iyulun 23-də Şirvanda region üzrə müvafiq məhkəmə orqanları və seçki dairələrinin dairə seçki komissiyalarını əhatə etməklə reallaşdırılıb. Seminar-müşavirə Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov və Şirvan Apellyasiya Məhkəməsinin sədr əvəzi Elçin Xasməmmədovun giriş nitqləri ilə başlayıb. Onlar öz çıxışlarında vətəndaşların seçki hüquqlarının realizə olunmasında qanunvericiliyin tələblərinə dəqiqliklə riayət olunmasının vacibliyini diqqətə çatdırıblar.

Açılış nitqlərinin ardınca Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov və Şirvan Apellyasiya Məhkəməsinin hakimi Samir Həsənovun “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarında araşdırılması prinsipləri və xüsusiyyətləri”, “Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraatın xüsusiyyətləri” mövzularında təqdimatları dinlənilib. İştirakçılara Seçki Məcəlləsinin müraciət və şikayətlərə dair tələbləri, habelə seçki hüququnun müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi barədə ətraflı məlumat verilib və meydana çıxan suallara aydınlıq gətirilib.

Seminar-müşavirədə seçki mübahisələrinin məhkəmə qaydasında həlli ilə bağlı fikir mübadiləsi və müzakirələr aparılıb.


AZƏRTAC