Naxçıvanda seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan seminar keçirilib
Naxçıvan "ASAN xidmət" mərkəzində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan seminar keçirilib.
Seminarda Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov seçki hüququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri və şikayətlərin araşdırılması prinsiplərindən danışıb.
Bildirilib ki, seminarlar seçkilərdə vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması, dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin məlumatının artırılması, bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib.
MSK-nın digər üzvü Tofiq Həsənov seçki hüququn pozulmasını iddia edən subyektlərin müraciətləri zamanı qarşıya çıxan məsələlər, şikayət və müraciətlərin xarakteri barədə ətraflı izah verib.
Seminar çərçivəsində bütün iştirakçılara seçki hüququ ilə bağlı müraciətlərin araşdırılması, habelə müvafiq rəy və qərar layihələrinin hazırlanması prosedurlarını aydın, müfəssəl əks etdirən “Ekspert qrupunun üzvləri üçün yaddaş” kitabçası da təqdim olunub.
Seminarda Naxçıvandakı 6 seçki dairəsi üzrə dairə seçki komissiyalarının hər birindən 3 ekspert olmaqla, ümumilikdə 18 nəfər iştirak edib.
Tədbirin sonunda fikir mübadiləsi və müzakirələr aparılıb, həmçinin iştirakçıları maraqlandıran məqamlara aydınlıq gətirilib.
Qeyd edək ki, Naxçıvandakı seminar MSK-nın qarşıdan gələn Milli Məclisə seçkilərlə əlaqədar genişmiqyaslı maarifləndirmə proqramı çərçivəsində reallaşdırılan və seçki hüququ üzrə müraciətlərə baxılmasına həsr olunan layihəsinin sonuncu tədbiri idi.
AZƏRTAC