Masallıda MSK-nın təşkilatçılığı ilə Ekspert qruplarının üzvləri üçün regional seminar keçirilib

17 iyul 2024 17:30

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına dair növbəti regional seminar Masallı rayonunda keçirilib.

Tədbirdə region üzrə 19 dairə seçki komissiyasından ekspert qruplarının üzvləri iştirak ediblər.

Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov seminarda “Seçki hüquqlarının pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri və şikayətlərin araşdırılması prinsipləri” mövzusunda geniş məruzə söyləyib. Bildirilib ki, regional seminarların keçirilməsində əsas məqsəd dairə seçki komissiyalarının ekspert qrupunun üzvlərinin seçki prosedurları ilə bağlı məlumatlılığının artırılması və praktiki vərdişlərinin gücləndirilməsindən ibarətdir.

Sonra MSK-nın üzvü Nailə Əsgərova ekspert qruplarının fəaliyyətlərinin əsasları, kazuslar üzrə praktiki məşğələlər, sınaq testlərin həlli və digər məsələlər barədə məlumat verib.

Həmçinin iştirakçılar əyani vəsaitlərdən istifadə etməklə bağlı ətraflı məlumatlandırılıb.

Tədbirin praktiki hissəsində kazuslar üzrə müxtəlif şikayət nümunələri nəzərdən keçirilib, seçki komissiyaları tərəfindən həmin şikayətlərə dair müvafiq qərarların qəbul edilməsi məsələlərinə baxılıb.

Sonra ekspert qrupunun üzvləri üçün hazırlanan və onlara yardımçı olacaq yeni yaddaş kitabçası paylanılıb.


AZƏRTAC