Martın 25-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası
Əvvəlcə Komissiyanın 17 mart 2009-cu ildə keçirilmiş iclasının protokolu təsdiq edilmişdir.
Sonra MSK üzvü Qabil Orucov 18 mart 2009-cu ildə keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmasına dair məsələ barədə məlumat vermişdir.
O, qeyd etmişdir ki, 2009-cu il martın 18-də keçirilmiş referendumla əlaqədar "Respublikaçılar” və "Qarabağ və Respublika Uğrunda Hərəkat” referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri 23 mart 2009-cu il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına birgə müraciət edərək, səsvermə günü bəzi seçki (referendum) məntəqələrində qanun pozuntularının baş verməsini iddia edib, qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmiş və müraciət araşdırma üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada Mərkəzi Seçki (Referendum) Komissiyası nəzdində ekspert qrupunun üzvünə verilmişdir.
Ekspert qrupunun üzvü müraciətlə bağlı əlavə araşdırmanın tələb olunduğunu əsas gətirərək araşdırma müddətinin uzadılması barədə vəsatət qaldırmışdır.
Eyni zamanda, araşdırma materiallarının bir hissəsi müvafiq dairə seçki (referendum) komissiyalarının səlahiyyətinə aid olduğundan, ekspert qrupunun üzvü həmin materialların aidiyyəti üzrə baxılması üçün müvafiq dairə seçki (referendum) komissiyalarına göndərilməsi barədə rəyə gəlmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.