MSK-nın Şəkidə keçirdiyi regional seminar-müşavirədə seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub

10 yanvar 2024 14:20

Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində yanvarın 10-da Şəki şəhərində keçirilən regional seminar-müşavirədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair məsələlər ətraflı müzakirə olunub.

Şəki şəhərindəki "ASAN xidmət” mərkəzində keçirilən seminar-müşavirədə MSK-nın üzvləri, region üzrə apellyasiya məhkəmələrinin hakimləri və dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.

Seminar-müşavirə MSK-nın üzvü Tofiq Həsənov və Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyevin açılış nitqləri ilə başlayıb. Bildirilib ki, Şəki ilə yanaşı, ölkənin daha bir neçə regionunda təşkil edilən seminar-müşavirələr seçki mübahisələrinin həlli ilə bağlı dairə seçki komissiyalarının bilik, bacarıq və məlumatlılıq səviyyəsinin yüksəldilməsi, eləcə də vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi məqsədi daşıyır.

Bildirilib ki, bu gün ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilib. Bu, həm ölkəmizdə, həm də regionda yeni reallıqlar yaradıb. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Azərbaycanda hökm sürən sabitliyin, demokratik prinsiplərə əsaslanan seçki qanunvericiliyinin mövcudluğu tam əminliklə deməyə əsas verir ki, seçkilər yüksək əhval-ruhiyyədə keçəcək.

Sonra MSK-nın üzvü İlkin Şahbazov "Azərbaycan Respublikası Prezidenti seçkilərində vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarına verilməsi və onların araşdırılması qaydaları” mövzusunda təqdimatla çıxış edib.

Seminar-müşavirədə, həmçinin Şəki Apellyasiya Məhkəməsinin hakimi Vəzirxan Məlikovun "Azərbaycan Respublikası Prezidenti seçkilərində seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat” mövzusunda təqdimatı dinlənilib.

Təqdimatlardan sonra müzakirə olunan məsələlərlə bağlı iştirakçıların sualları cavablandırılıb.

Seminar-müşavirədə ATƏT-in uzunmüddətli beynəlxalq müşahidəçiləri də iştirak ediblər.


AZƏRTAC