Şirvanda seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda seminar-müşavirə təşkil olunub
Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramına uyğun olaraq, yanvarın 8-dən etibarən növbəti tədbirlərə - Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihə çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirələrə start verilib.
Yanvarın 10-da Şirvan şəhərində təşkil olunan tədbirdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Şirvan Apellyasiya Məhkəməsinin, həmçinin regionlar üzrə müvafiq məhkəmə orqanlarının hakimləri və dairə seçki komissiyalarının sədrləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli beynəlxalq müşahidəçiləri iştirak ediblər.
Seminar-müşavirə Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevin çıxışları ilə başlayıb. Sonra gündəliyə uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov və Şirvan Apellyasiya Məhkəməsinin hakimi Samir Həsənov, Azərbaycan Respublikası Prezidenti seçkilərində vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarına verilməsi və onların araşdırılması qaydaları, seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat barədə təqdimatlarla çıxış ediblər.
Bildirilib ki, sözügedən layihənin reallaşdırılmasında başlıca məqsəd fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yüksək səviyyədə təşkil olunması, azad, ədalətli və şəffaf keçirilməsi yönündə görülən işlərlə yanaşı, seçki mübahisələrinin həlli ilə bağlı dairə seçki komissiyalarının bilik, bacarıq və məlumatlılıq səviyyəsinin yüksəldilməsi, bu istiqamətdə atılan addımların səmərəliliyinin artırılması, eləcə də vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasıdır.
Sonda seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
AZƏRTAC