Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda seminar–müşavirə keçirilib
Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Azərbaycan Respublikasının Ali Məhkəməsi və apellyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində regionlarda seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda seminar–müşavirələr start götürüb.
Bununla bağlı yanvarın 10-da Gəncədə seminar–müşavirə keçirilib.
Çıxış edən Mərkəzi Seçki Komissiyasının üzvü Bəxşeyiş Əsgərov bildirib ki, yanvar ayının 8-dən başlayan lahiyə bu gündən respublikanın dörd şəhərində - Gəncə, Naxçıvan, Şəki və Şirvanda həyata keçirilir. Seminar-müşavirələrin məqsədi seçki mübahisələrinin məhkəmə qaydasında həlli məsələləri üzrə maarifləndirmə işini təmin etməkdir.
Sonra Mərkəzi Seçki Komissiyası Katibliyi Hüquq şöbəsinin əməkdaşı Cavid Zeynalov "Azərbaycan Respublikası Prezidenti seçkilərində vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarına verilməsi və onların araşdırılması qaydaları”, Cinayət Kollegiyasının sədri Rafiq Cəfərov "Azərbaycan Respublikası Prezidenti seçkilərində seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi”, İnzibati Kollegiyanın sədri Rəşad Mamedov "Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat” mövzularında təqdimatlarla çıxışlar ediblər.
Seminar-müşavirənin sonunda iştirakçıların sualları cavablandırılıb.
AZƏRTAC