Naxçıvanda seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan seminar keçirilib

29 dekabr 2023 20:00

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil olunan tədbirdə Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova və Hüquq və İnsan Haqları İnstitutunun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı çıxış ediblər.

Çıxışlarda vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan müraciət və şikayətlərinin araşdırılması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin məlumatının artırılmasından, bilik, bacarıq və işgüzar vərdişlərin daha da təkmilləşdirilməsindən, Avropa İnsan Hüquqları Konvensiyasında azad seçki hüququndan danışılıb.

Sonra Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazovun və institutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin təlimçi-eksperti Hamlet Babayevin seçki hüququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri və şikayətlərin araşdırılması prinsipləri, seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılmasına dair çıxışları dinlənilib, slayd vasitəsilə mövzular barədə ətraflı məlumat verilib.

Seminara qatılan dairə seçki komissiyalarının Ekspert qrupu üzvlərinə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan, şikayət və müraciətlərin araşdırılması müddətləri, ardıcıllığı, qaydaları və sübutların qiymətləndirilməsi, habelə rəylərin və qərar layihəsinin hazırlanması prosedurlarını aydın və əhatəli əks etdirən yeni "Yaddaş kitabçası” təqdim olunub.

Qeyd edək ki, seminarda Naxçıvan Muxtar Respublikası üzrə 6 dairə seçki komissiyasının sədr, katib və ekspert qrupunun 36 üzvü iştirak edib.

AZƏRTAC