Masallıda MSK-nın təşkilatçılığı ilə Ekspert qruplarının üzvləri üçün regional seminar keçirilib

29 dekabr 2023 16:37

Gələn il fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərin şəffaf, azad və ədalətli təşkili məqsədilə Mərkəzi Seçki Komissiyası paytaxt Bakı ilə yanaşı, regionlarda da tədbirlər təşkil edir.

Mərkəzi Seçki Komissiyasının Hüquq və İnsan Haqları İnstitutu ilə birgə layihəsi çərçivəsində "Seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr edilən” növbəti regional seminar Masallı rayonunda baş tutub.

Tədbirdə Hüquq və İnsan haqları üzrə mütəxəssislər, eləcə də region üzrə 19 dairə seçki komissiyasından Ekspert qruplarının üzvləri iştirak edib.

Mərkəzi Seçki Komissiyasının üzvü Tofiq Həsənov seminarda "Seçki hüquqlarının pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri və şikayətlərin araşdırması prinsipləri” mövzusunda geniş məruzə söyləyib.

Hüquq və İnsan Haqları İnstitutunun Ekspert şurasının üzvü Vəfaddin İbayev "Avropa İnsan Hüquqları Konvensiyasında azad seçki hüququ (I hissə)” mövzusunda təqdimatla çıxış edib.

Həmçinin iştirakçılar əyani vəsaitlərdən istifadə etməklə bağlı ətraflı məlumatlandırılıblar.

Digər çıxış edənlər "Seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması, Ekspert qruplarının fəaliyyətinin əsasları”, "Avropa İnsan Hüquqları Konvensiyasında azad seçki hüququ (II hissə)”, seçkilərlə bağlı Ekspert qruplarının fəaliyyətlərinin əsasları, kazuslar üzrə praktiki məşğələlər, sınaq testlərin həlli və digər məsələlər barədə məlumat verib.

Tədbirin praktiki hissəsi başa çatandan sonra MSK nümayəndələri seçki qanunvericiliyi və ekspert fəaliyyəti ilə bağlı kazuslar üzrə məşğələlər keçib, dairə seçki komissiyalarının üzvləri sınaq testlərinin həllinə cəlb olunublar.

Ekspert qrupunun üzvləri üçün hazırlanan, onlara yardımçı olacaq yeni yaddaş kitabçası paylanılıb.

AZƏRTAC