Mərkəzi Seçki Komissiyası Sumqayıtda seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr edilən regional seminar keçirib
Gələn il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yüksək səviyyədə, azad, ədalətli və şəffaf təşkil olunması məqsədilə Mərkəzi Seçki Komissiyası ardıcıl və sistemli şəkildə genişmiqyaslı tədbirlər keçirir. Seçki iştirakçıları üçün müxtəlif istiqamətləri əhatə edən maarifləndirmə proqramına uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının Hüquq və İnsan Haqları İnstitutu ilə birgə layihəsi çərçivəsində Sumqayıtda seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr edilən regional seminar təşkil olunub.
Tədbirdə Hüquq və İnsan haqları üzrə mütəxəssislər, Abşeron, Sumqayıt, Quba, Xızı, qərb zonası üzrə dairə seçki komissiyalarının Ekspert qruplarının üzvləri iştirak ediblər.
Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri İlqar Əlizadə "Seçki hüquqlarının pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri və şikayətlərin araşdırması prinsipləri”, Hüquq və İnsan Haqları İnstitutunun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı "Avropa İnsan Hüquqları Konvensiyasında azad seçki hüququ (1 hissə)” mövzusunda təqdimatlarla çıxış ediblər.
Bildirilib ki, yeni forma və məzmunda ilk dəfə Azərbaycan Respublikası Prezidenti seçkilərində keçirilən tədbir vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan müraciət və şikayətlərin araşdırılması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin məlumatının artırılmasına, bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib. Əyani vəsaitlərdən istifadə etməklə mövzular barədə ətraflı məlumat verilib.
Mərkəzi Seçki Komissiyası üzvü Nailə Əsgərovanın, institutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin təlimçi-eksperti Hamlet Babayevin seçkilərlə bağlı Ekspert qruplarının fəaliyyətlərinin əsasları, kazuslar üzrə praktiki məşğələlər, sinaq testlərin həlli və digər məsələlər ətrafında maraqlı və faydalı çıxışları dinlənilib.
Tədbirin praktiki hissəsində seçki qanunvericiliyi və ekspert fəaliyyəti ilə bağlı kazuslar üzrə məşğələlər keçirilib, iştirakçılar sınaq testlərinin həllinə cəlb edilib.
Sonda iştirakçılara ilk dəfə olaraq ekspert qrupunun üzvləri üçün hazırlanan, onlara yardımçı olacaq yeni yaddaş kitabçası paylanılıb.
Qeyd edək ki, layihənin proqramına əsasən, növbəti seminar dekabrın 27-də Gəncə və Şəkidə keçiriləcək.
AZƏRTAC