Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilib
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçki iştirakçıları üçün müxtəlif istiqamətlər üzrə çoxsaylı layihələri əhatə edən genişmiqyaslı maarifləndirmə proqramına start verib.
Qeyd etmək lazımdır ki, seçki sistemi və praktikasının təkmilləşdirilməsi, seçicilərin məlumatlandırılması, seçki iştirakçılarının maarifləndirilməsi, habelə dairə və məntəqə seçki komissiyaları üzvlərinin bilik, bacarıq və peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi məqsədilə Mərkəzi Seçki Komissiyasının 16 dekabr tarixli iclasında fərqli istiqamətlər üzrə əhatəlimaarifləndirmə layihələrinin gerçəkləşdirilməsi barədə müvafiq qərar qəbul edilib.
Yuxarıda sözügedən mühüm dövlət sənədinin seçki komissiyalarına aid hissədə icrası ilə əlaqədar ilk maarifləndirmə tədbiri məhz aşağı seçki komissiyyalarını əhatə edib. Belə ki, dekabrın 20-də Bakı şəhərində, Komissiyanın inzibati binasında dairə seçki komissiyalarının sədrləri üçün geniş müşavirə keçirilib. Tədbirin açılışında çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov iştirakçıları salamlayaraq dövlət başçısının Sərəncamı ilə təsdiq edilən Milli Fəaliyyət Proqramının MSK tərəfindən reallaşdırılan bütün maarifləndirmə layihələrinin əsas hüquqi bazasını təşkil etdiyini bildirib. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün ölkə üzrə bütün dairə və məntəqə seçki komissiyalarının geniş imkanlar və əlverişli şəraitlə təmin olunduğunu deyən MSK sədri seçkilərə hazırlıqla bağlı görülən işləri və atılan addımları iştirakçıların diqqətinə çatdırıb, nəzərdə tutulan irimiqyaslı layihələr barədə ətraflı məlumat verib.
Tədbirdə, həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclis Sədrinin birincimüavini Əli Hüseynli, ədliyyə nazirinin müavini Toğrul Musayev, daxili işlər nazirinin müavini İsmət Əliyev və Baş Prokurorun birinci müavini Elçin Məmmədovun müxtəlif mövzularda çıxışları dinlənilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi