2023-cü il dekabrın 19-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Dekabrın 19-da Məzahir Pənahovun
sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyası tərəfindən
Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülmüş İlham Heydər
oğlu Əliyevin namizədliyinin təsdiq olunması məsələsinə baxılıb.
Bildirilib ki, 2024-cü il fevralın 7-nə təyin
edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Yeni
Azərbaycan Partiyası İdarə Heyətinin 15 dekabr 2023-cü il tarixli iclasının
Qərarı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının
sədri İlham Heydər oğlu Əliyevin namizədliyi irəli sürülüb. Namizədliyin irəli
sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2023-cü il dekabrın 16-da partiyanın
səlahiyyətli nümayəndəsi tərəfindən MSK-ya təqdim olunub. Bununla əlaqədar
Seçki Məcəlləsində nəzərdə tutulan müddətdə və qaydada müvafiq araşdırma
aparılıb, irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsasların olduğu
müəyyən edilib.
Komissiya 2024-cü il fevralın 7-nə təyin olunmuş
növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi Yeni
Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyevin
namizədliyinin irəli sürülməsini təsdiq edib.
Sonra sözügedən seçkilərdə Yeni Azərbaycan
Partiyası tərəfindən təqdim olunmuş səlahiyyətli nümayəndələr və maliyyə
məsələləri üzrə səlahiyyətli nümayəndə qeydə alınıb.
Media nümayəndələrinin iştirak etdiyi iclasda,
həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində
dəyişiklik edilib və cari məsələlərə baxılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi