2023-cü il oktyabrın 18-də Mərkəzi Seçki Komissiyasının iclası keçirildi
Məzahir Pənahovun sədrliyi ilə oktyabrın 18-də Mərkəzi Seçki Komissiyasının iclası keçirildi. Əvvəlcə Komissiyanın 19 sentyabr 2023-cü ildə keçirilmiş iclasının protokolu təsdiq olundu.
Sonra seçki dairələri üzrə dairə seçki komissiyalarının təşkil edilməsi məsələsinə baxıldı. Mərkəzi Seçki Komissiyasının 2023-cü il 19 sentyabr tarixli qərarı ilə ölkə üzrə seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq olunduğu, bununla da seçki dairələri dairə seçki komissiyalarının təşkil edilməsinə zərurət yarandığı bildirildi. Diqqətə çatdırıldı ki, Mərkəzi Seçki Komissiyasının 2021-2023-cü illərdə müxtəlif vaxtlarda qəbul olunmuş müvafiq qərarları bir sıra seçki dairələri dairə seçki komissiyalarına aid hissədə nəzərə alınmaqla həmin seçki dairələri üzrə dairə seçki komissiyaları təşkil edilmiş hesab olunmalı, bəzi seçki dairələri üzrə dairə seçki komissiyaları isə Seçki Məcəlləsinə uyğun təşkil edilməlidir.
Qeyd etmək lazımdır ki, seçki qanunvericiliyi ilə müəyyən olunmuş qaydada hər bir dairə seçki komissiyasının 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunur. Heç bir siyasi partiyaya mənsub olmayan deputatları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən hər bir dairə seçki komissiyasına namizədlərin ikisi maraqlı tərəflərlə – bir namizəd deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə razılaşdırılaraq irəli sürülür.
Komissiyanın iclasında aparılan müzakirələrdən sonra yuxarıda sözügedən prinsiplər əsas götürülməklə namizədliyi təqdim olunan şəxslərin müvafiq seçki dairələri üzrə dairə seçki komissiyalarının üzvləri təyin edilməsi barədə qərar qəbul olundu.
Media nümayəndələri tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin cari məsələlərə baxıldı.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi