2022-ci il iyulun 26-da Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
2022-ci il iyulun 26-da Məzahir Pənahovun sədrliyi ilə
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. Əvvəlcə Komissiyanın 27 may 2022-ci
il tarixli iclasının protokolu təsdiq olunub.
Sonra seçki dairələrinin
sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın yenidən formalaşdırılması
məsələsinə baxılıb. Xatırladılıb ki, 2022-ci ilin
daimi seçici siyahılarının tərtib olunması və dəqiqləşdirilməsi prosesi
yekunlaşdıqdan sonra bir sıra seçki məntəqələrinin ərazisində seçici sayının
Seçki Məcəlləsi ilə müəyyən edilmiş saydan çox olması müəyyən edilmişdi. Bu
səbəbdən də Komissiya seçici sayı qanunvericiliklə müəyyənləşdirilmiş saydan
çox olan seçki məntəqələrinin ərazisində təxirə salınmadan əlavə seçki məntəqələrinin
yaradılmasını müvafiq dairə seçki komissiyalarına həvalə etmişdi. Qeyd olunub
ki, Mərkəzi Seçki Komissiyasının müvafiq qərarından sonra Seçki Məcəlləsinin
tələblərinə ciddi əməl edilməklə gerçəkləşdirilən intensiv və genişmiqyaslı
fəaliyyət nəticəsində 103 seçki dairəsi üzrə 832 yeni seçki məntəqəsi yaradılıb
və beləliklə ölkə üzrə ümumi seçki məntəqələrinin sayı 6274-ə çatdırılıb.
İclasda bildirilib ki,
Seçki Məcəlləsinin tələblərinə əsasən seçki dairələrinin yaradılması sxemini,
onun qrafik təsvirlərini, habelə seçki dairələrinin hüdudlarına dair təklifləri
Mərkəzi Seçki Komissiyası tərəfindən yaradılan və mütəxəssislərdən ibarət olan
komissiya hazırlayır. Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə
sözügedən komissiyanın işinə Mərkəzi Seçki Komissiyasının sədr müavini
rəhbərlik edir və vəzifəsinə görə o, komissiyanın sədri hesab olunur. Mərkəzi
Seçki Komissiyasının yeni tərkibdə formalaşması əsas məqsədi seçki dairələrinin
qanunvericiliyin tələblərinə uyğun yaradılmasını təmin etmək olan komissiyanın
da yeni tərkibdə təsdiq edilməsi zərurətini ortaya çıxarıb. Yuxarıda
sadalananlar və Seçki Məcəlləsinin tələbləri əsas götürülərək, seçki
dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya Mərkəzi Seçki
Komissiyasının sədr müavininin rəhbərliyi ilə müvafiq Komissiya üzvləri və
aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət tərkibdə yenidən təsdiq
edilib.
Komissiyanın iclasında, həmçinin
bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər
edilib və cari məsələlərə baxılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi