2022-ci il martın 17-də Mərkəzi Seçki Komissiyasının iclası keçirildi

17 mart 2022 18:48

Məzahir Pənahovun sədrliyi ilə 2022-ci il martın 17-dəMərkəzi Seçki Komissiyasının iclası keçirildi.

Əvvəlcə Komissiyanın 3 sentyabr 2021-ci il tarixli iclasının protokolu təsdiq olundu. Sonra VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Şahin Kamil oğlu Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxıldı. Bildirildi ki, Milli Məclisin deputatı Şahin Seyidzadə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edildiyinə görə Azərbaycan Respublikası Konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə əsasən deputat səlahiyyətlərinə xitam verilməlidir. Mərkəzi Seçki Komissiyası qeyd olunan əsasları nəzərə alıb, qanunvericiliyə uyğun olaraq Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul etdi.


Daha sonra "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Qanunda nəzərdə tutulmuş sənəd nümunələrinin təsdiq olunması və Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş "Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalar”da dəyişiklik edilməsi məsələsinə baxıldı. Komissiya üzvlərinin müzakirəsindən sonra "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun və Seçki Məcəlləsinin tələbləri əsas götürülərək, sözügedən sənəd nümunələri təsdiq edildi və müvafiq normativ xarakterli akt son dövrlərdə qanunvericilikdə edilmiş dəyişikliklərə uyğunlaşdırıldı.

İclasda, həmçinin bir sıra seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişliklər edildi.


Kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan iclasda cari məsələlərə də baxıldı.


Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi