2021-ci il avqustun 19-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə avqustun
19-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi. Əvvəlcə
Komissiyanın 13 fevral, 15 fevral, 17 fevral, 18 fevral, 19 fevral, 20 fevral,
21 fevral, 22 fevral, 23 fevral, 24 fevral, 25 fevral 2020-ci il və 27 aprel
2021-ci ildə keçirilmiş iclaslarının protokolları təsdiq olundu.
Sonra respublika üzrə dairə seçki
komissiyalarının tərkibinin yenidən formalaşdırılması ilə bağlı məsələyə baxıldı.
Bildirildi ki, seçki qanunvericiliyinə əsasən seçki komissiyalarının səlahiyyət
müddəti 5 ildir. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən 2021-ci il aprelin 27-də Mərkəzi Seçki
Komissiyası yeni tərkibdə formalaşdırılıb. Hazırda ölkədəki 125 seçki dairəsi
dairə seçki komissiyalarının da üzvləri təyin olunmalı və dairə seçki
komissiyaları yenidən təşkil edilməlidir.
Seçki Məcəlləsi ilə müəyyən olunmuş
qaydada hər bir dairə seçki komissiyasının 3 üzvünün namizədliyi deputatları
Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında
təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi deputatları
Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki
Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi
isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını Mərkəzi
Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunur.
Heç bir siyasi partiyaya mənsub olmayan deputatları Mərkəzi Seçki
Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən hər bir dairə seçki
komissiyasına namizədlərin ikisi maraqlı tərəflərlə – bir namizəd deputatları
Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında
təmsil edən komissiya üzvləri ilə, digər namizəd isə deputatları Milli Məclisdə
azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən
komissiya üzvləri ilə razılaşdırılaraq irəli sürülür.
Mərkəzi Seçki Komissiyasının iclasında
aparılan müzakirələrdən sonra yuxarıda sözügedən prinsiplər əsas götürülməklə
namizədliyi təqdim olunan şəxslərin dairə seçki komissiyalarının üzvləri təyin
olunması barədə qərar qəbul edildi. Beləliklə, respublika
üzrə 125 seçki dairəsinin dairə seçki komissiyaları tam tərkibdə yenidən təşkil
olundu.
Qeyd edək ki, dairə seçki komissiyalarının
yeni tərkibdəki üzvlərinin təqribən 90%-i ali təhsillidir.
Xarici qurumların və kütləvi informasiya
vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin cari məsələlərə
baxıldı.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media
və ictimai əlaqələr şöbəsi