2020-ci il fevralın 5-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə fevralın 5-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Əvvəlcə Mərkəzi
Seçki Komissiyasının bəyanatı oxunub. İndiyə qədər ölkəmizdə keçirilən seçki və
referendumlarda Ermənistanın təcavüzü nəticəsində öz doğma yurdlarından
didərgin salınan Azərbaycan vətəndaşlarının seçki hüquqularının təmin
olunduğunu və milli mənsubiyyətinə görə vətəndaşlar arasında heç bir fərq
qoyulmadığını diqqətə çatdıran Mərkəzi Seçki Komissiyası bəyan edib ki,
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni əsilli Azərbaycan vətəndaşları da
digər vətəndaşlarımız kimi qarşıdan gələn Milli Məclisə seçkilərdə öz səsvermə
hüquqlarından azad və sərbəst şəkildə istifadə edə bilər və bunun üçün
Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq bütün
addımların atılmasına hazırdır.
Sonra
Komissiyanın 27 yanvar 2020-ci ildə keçirilmiş iclasının protokolu təsdiq olunub.
Ardınca fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərlə
əlaqədar səsvermə günü seçki məntəqələrində proseslərin əvvəldən axıradək,
fasiləsiz və arasıkəsilmədən izlənilməsi məqsədi ilə, işğal edilmiş ərazilər
istisna olmaqla, respublika ərazisinin tam əhatə olunması prinsipi əsas
götürülərək, 119 seçki dairəsi üzrə 1000 (min) seçki məntəqəsində veb-kamera
quraşdırılmasına qərar verilib.
İclasda qarşıdan gələn Milli Məclisə
seçkilərdə Vahid Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə
alınması məsələsinə də baxılıb və sözügedən siyasi partiya tərəfindən təqdim olunan
şəxslər səlahiyətli nümayəndələr kimi qeydə alınıb.
Komissiya 2020-ci il fevralın 9-na
təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar
daxil olmuş müraciətlərə də baxıb. Maraqlı subyektlərin iştirakı ilə müraciətlərlə
bağlı aparılan geniş müzakirələrdən sonra bir namizədin qeydə alınmasına dair
müvafiq dairə seçki komissiyasının qərarı ləğv edilərək, namizədə verilmiş
vəsiqə etibarsız hesab edilib, habelə digər bir seçki subyektinə xəbərdarlıq olunub.
Beynəlxalq müşahidə missiyalarının,
xarici qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak
etdiyi iclasda cari məsələlərə də baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media və
ictimai əlaqələr şöbəsi