Bələdiyyə seçkiləri ilə əlaqədar veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
Qarşıdan gələn 23 dekabr bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə dekabrın 19-da Komissiyanın inzibati binasında yerləşən veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçiriblər. Seçkilərdə şəffaflığın təmin edilməsində xüsusilə mühüm əhəmiyyət kəsb edən veb-kameraların quraşdırılması istiqamətində son hazırlıq işləri ilə tanış olan MSK sədri və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri prosesin seçki qanunvericiliyinin tələblərinə uyğun dəqiqliklə yerinə yetirilməsi üçün öz tövsiyələrini veriblər.
Qeyd etmək lazımdır ki, dekabrın 23-də bələdiyyə seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi məqsədi ilə bütün zəruri addımlar atılıb. Yerli və beynəlxalq müşahidəçilər, kütləvi informasiya vasitələrinin nümayəndələri və digər aşkarlıq institutlarının seçki prosesi boyunca azad və sərbəst fəaliyyət göstərmələri üçün hərtərəfli şərait yaradılıb. Seçkilərdə bütün digər vasitələrlə yanaşı, ən son innovativ nailiyyətlərdən səmərəli istifadə olunması səsvermə günü prosesləri əvvəldən-axıradək fasiləsiz izləməyə, arasıkəsilmədən müşahidə aparmağa və şəffaflığın daha geniş miqyasda təmin edilməsinə imkan verir.
Azərbaycanın seçki təcrübəsində 11 ildir ki uğurla tətbiq edilən və səsvermə günü seçki məntəqələrində prosesləri internet vasitəsilə hər kəs üçün açıq platformada canlı nümayiş etdirən veb-kameralardan bu il keçiriləcək bələdiyyə seçkilərində də istifadə olunması nəzərdə tutulub. Seçki məntəqələrində səsvermə günü proseslərinin birbaşa izlənilməsi üçün bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində (bələdiyyə seçkiləri keçirilən məntəqələrin təqribən 20%-də) quraşdırılan veb-kameralar vasitəsilə keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin olunması üçün kameraların tənzimlənməsi və digər texniki parametrlərin daha da təkmilləşdirilməsi daim diqqətə saxlanılır. Veb-kameralar seçki günü internet istifadəçilərinə istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın rəsmi internet səhifəsinə daxil olmaqla heç bir qeydiyyat tələb olunmadan səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsi proseslərini fasiləsiz müşahidə imkanı yaradacaq.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi