2019-cu il dekabrın 11-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

11 dekabr 2019 18:16

Məzahir Pənahovun sədrliyi ilə dekabrın 11-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 16 noyabr və 7 dekabr 2019-cu ildə keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası, Azərbaycan Ümid Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və sözügedən partiyalar tərəfindən təqdim olunan şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.

İclasda, həmçinin 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələrə seçkilərin yekunlarının müəyyən olunması məsələsi müzakirə edilib və Komissiyanın qərarı ilə bu cür bələdiyyələr üzrə səsvermə protokollarını tərtib etməli olan dairə seçki komissiyaları müəyyənləşdirilib.


Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində də dəyişikliklər olunub və cari məsələlərə baxılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi