Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
Mərkəzi Seçki Komissiyasının (MSK) təşəbbüsü və təşkilatçılığı
ilə noyabrın 15-də Şirvanda növbəti regional seminar-müşavirə keçirilib.
Seçki hüquqlarının pozulmasına dair şikayətlərin
məhkəmə qaydasında həlli mövzusunda keçirilən tədbir dairə seçki
komissiyalarının bu istiqamətdə məlumatının artırılması və işgüzar
fəaliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədi daşıyıb.
Seminar-müşavirə MSK katibi Arifə Muxtarova, Ali
Məhkəmənin hakimi Xəqani Məmmədov və Şirvan Apellyasiya Məhkəməsinin sədri
Rəşadət Ağayevin açılış nitqləri ilə başlayıb. Çıxışlarda layihənin vətəndaşların
seçki hüquqlarının daha səmərəli təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyi
vurğulanıb.
Tədbirdə, həmçinin MSK,
Ali Məhkəmə və Şirvan Apellyasiya Məhkəməsinin nümayəndələri tərəfindən "Vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və onların araşdırılması qaydası”, "Seçki
hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi
təcrübəsi” və "Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə
icraat” mövzularında məruzələr oxunub.
Müvafiq məhkəmələrin təmsilçilərinin və
region üzrə 27 seçki dairəsindən dairə seçki komissiyaları sədrlərinin
qatıldığı seminar-müşavirə öz işini seçki mübahisələrinin həlli ilə bağlı
müxtəlif məsələr ətrafında müzakirələrlə davam etdirib.
Qeyd etmək lazımdır ki, sözügedən seminar-müşavirə
MSK-nın maarifləndirmə proqramı çərçivəsində gerçəkləşdirilən genişmiqyaslı
layihənin dördüncü tədbiridir və noyabrın 18-də Naxçıvan Muxtar Respublikasında
keçirilməsi nəzərdə tutulan seminar-müşavirə ilə bu layihəyə yekun
vurulacaq.
AZƏRTAC