Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə əlaqədar Şəkidə seminar-müşavirə təşkil edib
2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə
əlaqədar seçki mübahisələrinin həllinə dair növbəti regional seminar-müşavirə
Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramına uyğun olaraq Şəkidə
gerçəkləşdirilib.
Noyabrın 14-də Şəki şəhərindəki "ASAN xidmət”
mərkəzində keçirilən və seçki hüquqlarının pozulmasına dair şikayətlərin
məhkəmə qaydasında həlli mövzusuna həsr olunan seminar-müşavirədə Mərkəzi Seçki
Komissiyasının nümayəndələri, müvafiq məhkəmə orqanlarının təmsilçiləri, eləcə
də Şəki və ətraf regionların 17 seçki dairəsi üzrə dairə seçki komissiyalarının
sədrləri iştirak ediblər.
Operativlik, şəffaflıq, nəzakətlilik və məsuliyyət prinsipləri ilə
vətəndaş rahatlığı üçün uğurla fəaliyyət göstərərək ölkəmizin hüdudlarından
kənarda da kifayət qədər tanınan və öyrənilən "ASAN xidmət”in digər mərkəzləri
kimi, Şəki "ASAN xidmət” mərkəzindəki hərtərəfli şərait tədbirin keyfiyyətlə
təşkil olunub keçirilməsinə öz töhfəsini verib.
Seminar-müşavirə MSK katibi Mikayıl Rəhimov, Ali Məhkəmənin hakimi
Kəmaləddin Bədəlov və Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovun
açılış nitqləri ilə başlayıb.
Sonra tədbir MSK, Ali Məhkəmə və Şəki Apellyasiya Məhkəməsinin
təmsilçilərinin seçki mübahisələrinin həlli ilə bağlı müxtəlif aktual məsələlər
- "Vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və
müraciətlərin verilməsi və onların araşdırılması qaydası”, "Seçki hüquqlarının
müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi”
və "Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat”
mövzularında məruzələri ilə davam edib.
Təqdimatlardan sonra əhatə olunan məsələlər ətrafında aparılan
müzakirələrdə iştirakçıların sualları cavablandırılıb və seminar-müşavirə başa
çatıb.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyasının maarifləndirmə
proqramı əsasında seçki mübahisələrinin həllinə dair növbəti regional seminar-müşavirələrin
noyabrın 15-də Şirvanda və 18-də Naxçıvan Muxtar Respublikasında keçirilməsi
nəzərdə tutulur.
AZƏRTAC