Mərkəzi Seçki Komissiyası seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayır
Azərbaycan
Respublikasının Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin
səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki
komissiyalarına aid hissədə icrası ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) aşağı
seçki komissiyalarının maarifləndirilməsi layihəsi çərçivəsində oktyabrın
15-dən paytaxt Bakıda və regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış
kurslara başlayır. Aşağı seçki komissiyaları üzvlərinin bələdiyyə seçkiləri ilə
bağlı müxtəlif istiqamətlərdə maarifləndirilməsi məqsədi daşıyan kurslar ölkə
üzrə dairə seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki
komissiyalarının sədrlərini əhatə edəcək. Tədris proqramına uyğun olaraq
kurslarda MSK təmsilçiləri, dairə seçki komissiyalarının sədrləri, habelə yerli
icra hakimiyyəti, məhkəmə, prokurorluq və polis orqanlarının rəhbər şəxsləri tərəfindən
təqdimatlar keçiriləcək və müxtəlif mövzular ətrafında müzakirələr aparılacaq.
Genişmiqyaslı
maarifləndirmə layihəsi olan seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların 3
gün davam etməsi və oktyabrın 17-də başa çatması nəzərdə tutulur.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi