Mərkəzi Seçki Komissiyasının sədri Avropa Şurasının nümayəndə heyəti ilə görüşüb
2019-cu il mayın 6-da Mərkəzi Seçki Komissiyasının
(MSK) sədri Məzahir Pənahov Azərbaycan Respublikasında səfərdə olan Avropa
Şurasının Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin başçılıq
etdiyi nümayəndə heyəti ilə görüşüb.
Sədr Məzahir Pənahov qonaqları salamlayaraq
görüşdən məmnunluğunu ifadə edib və MSK-nın nüfuzlu beynəlxalq təşkilatlarla, eləcə
də Avropa Şurası və onun müxtəlif qurumları ilə uzunmüddətli səmərəli
əlaqələrindən söhbət açıb. O qeyd edib ki, MSK beynəlxalq təşkilatlarla
qarşılıqlı faydalı əməkdaşlığa hər zaman mühüm əhəmiyyət verir. Azərbaycanın
seçki sahəsində əldə etdiyi uğurlar və seçki praktikasının ilbəil daha da
inkişaf edərək hazırkı səviyyəyə çatması məhz Avropa Şurası və digər beynəlxalq
qurumlarla əməkdaşlığın nəticəsidir.
Avropa Şurasının Siyasi Məsələlər Direktorluğunun
rəhbəri Aleksandr Qessel MSK-dakı səmimi qəbula görə minnətdarlığını bildirib. O,
Azərbaycanda seçki təcrübəsinin daha da təkmilləşdirilməsi istiqamətində atılan
addımlar, seçici siyahılarının dəqiqləşdirilməsi və siyasi partiyaların maliyyə
hesabatları ilə əlaqədar görülən işlərlə maraqlanıb.
Qonaqların suallarını ətraflı cavablandıran M.Pənahov
ölkəmizin seçki sistemi, seçici siyahılarının dəqiqləşdirilməsi və siyasi
partiyaların maliyyə hesabatlarının MSK-ya təqdim edilməsi fəaliyyəti ilə bağlı
geniş məlumat verib, son illər ölkəmizdə keçirilən seçkilərdə əldə olunan
nailiyyətləri və qabaqcıl təcrübəni onların diqqətinə çatdırıb.
Avropa Şurasının nümayəndə heyəti görüş və əhatəli
məlumat üçün MSK sədrinə bir daha təşəkkürlərini bildiriblər.
Görüşdə həmçinin, qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri
və maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media
və ictimai əlaqələr şöbəsi