İyulun 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
21 iyul 2005 16:28
İyulun 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvəlcə Komissiyanın sədri 22 iyul Milli Mətbuatın 130 illiyi münasibətilə mətbuat nümayənədlərini təbrik etmiş, onların hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda oynadıqları əhəmiyyətli roldan danışmışdır.
Sonra MSK katibi Natiq Məmmədov 2005-ci il noyabrın 6-da keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar "İslahat” siyasi partiyalar blokunun Mərkəzi Seçki Komissiyasında qeydə alınması məsələsinə baxılması haqqında məlumat vermişdir. Komissiya həmin blokun qeydə alınması haqqında qərar qəbul etmişdir. MSK "Azadlıq” və "Yeni Siyasət” siyasi partiyalar bloklarının da qeydiyyat məsələsini müsbət həll etmişdir.
Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov isə "Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə seçki bülletenlərinin, onların qoyulması üçün istifadə olunan zərflərin və seçki komissiyalarının səsvermə protokollarının hazırlanması, dairə və məntəqə seçki komissiyalarına verilməsi qaydaları haqqında Təlimat”ın layihəsi haqqında məlumat vermiş və Komissiya bu Təlimatı layihəsinin təsdiq edilməsi barədə qərar çıxarmışdır.
Mərkəzi Seçki Komissiyası "Seçici vəsiqələrinin verilməsi qaydası haqqında Təlimat”ın və "Seçki komissiyalarının məşvərətçi səs hüquqlu üzvlərinin statusu haqqında Təlimat”ın layihəsini də təsdiq etmişdir.
Komissiya bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi haqqında da qərar çıxarmışdır.
Cari məsələlərin müzakirəsi zamanı MSK nəzdində "Seçkilər” İnformasiya Mərkəzinin direktoru İqbal Babayev Mərkəzi Seçki Komissiyasının internet ünvanında yerlşdirilmiş məlumatlardan danışmış, bildirmişdir ki, maraqlananlar seçicilərin sayı, seçki dariələrinin hüdudları, seçki məntəqlərinin ünvanları haqqında və s. məlumatları bu ünvandan əldə edə bilərlər.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri uiştirak etmişlər.