2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Müsavat Partiyasının və NİDA Vətəndaş Hərəkatının iştirakdan imtina etməsi ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının bəyanatı

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə Müsavat Partiyasının və NİDA Vətəndaş
Hərəkatının iştirakdan imtina etməsi ilə əlaqədar
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının

 

B Ə Y A N A T I

2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə Müsavat partiyası öz iştirakının dayandırılması və pariyanın qeydə alınmış namizədlərinin geri çağrılmasının həmin namizədlərin mülahizəsinə verilməsi barədə qərar qəbul etmişdir.

Bildiririk ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən siyasi partiya öz nizamnaməsinə uyğun olaraq, siyasi partiyaların bloku isə ona daxil olan siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qərarı ilə səsvermə gününə ən geci 10 gün qalanadək istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı ərizə verərək, birmandatlı seçki dairəsi üzrə irəli sürülmüş namizədi, qeydə alınmış namizədi geri çağırmaq hüququna malikdir.

Seçki Məcəlləsinin 99.4-cü maddəsinə əsasən isə seçki bülletenləri Mərkəzi Seçki Komissiyasının qərarı ilə onun nümayəndələrinin müşahidəsi altında poliqrafiya müəssisələrində səsvermə gününə ən azı 10 gün qalmış hazırlanır.

Müsavat Partiyasının bu barədə qərarının məhz cari ilin noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərə 10 gündən az müddət qalmış vaxtda qəbul edilməsi Seçki Məcəlləsinin tələblərinin pozulması ilə yanaşı, həmçinin keçiriləcək seçkilərə şüurlu olaraq əngəllər törətmək kimi qiymətləndirilir.

Səsvermə prosesində seçicilərin çaşdırılmasına xidmət edən bu addım seçki subyekti olmayan, seçki prosesində ümumiyyətlə iştirak etməyən və namizəd qeydə aldırmaq hüququna malik olmayan NİDA Vətəndaş Hərəkatının belə bəyanat verməsi ilə daha da qabarıq ortaya çıxmışdır.

Təəssüflər olsun ki, seçki təcrübəsinə mənfi təsirsiz ötüşməyən belə neqativ addımlar onlar tərəfindən davamlı olaraq atılmaqdadır.

Belə ki, Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərinin təxirə salınaraq 4 ay sonraya təyin olunması da Müsavat Partiyası tərəfindən irəli sürülmüşdür.

Halbuki, bu təklifi irəli sürənlər bilməlidirlər ki, Azərbaycan Respublikasının Konstitusiyasının 84-cü maddəsinin ll hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir və onun iddia edilən müddətə və əsaslarla təxirə salınması qaydası seçki qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır.

Bütün bu hərəkətlər onu sübut edir ki, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin qanunun tələblərinə uyğun olaraq keçirilməsi Müsavat Partiyasının və NİDA Vətəndaş Hərəkatının maraqlarına cavab vermir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası