AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
HESABATI

Növbədənkənar Azərbaycan Respublikası
Prezidenti seçkiləri - 2024

www.msk.gov.az
www.cec.gov.az
www.infocenter.gov.az



2024-cü il fevralın 7-də ilk dəfə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş şəraitdə, işğaldan azad edilmiş regionlarımız da daxil olmaqla, respublikanın hər bir bölgəsində təşkil edilib keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri milli dövlətçilik tariximizin müstəsna əhəmiyyətli ictimai-siyasi hadisəsi idi.

Seçkilərin yüksək səviyyədə hazırlanıb azad, ədalətli və şəffaf gerçəkləşdirilməsi istiqamətində bütün fəaliyyət Seçki Məcəlləsinin tələbləri əsas götürülməklə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən tərtib olunub təsdiqlənmiş Təqvim planına uyğun ardıcıl, sistemli və mütəşəkkil qaydada həyata keçirildi. İstər MSK, istərsə də aidiyyəti qurumlar tərəfindən seçki qanunvericiliyində nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin dəqiqliklə yerinə yetirilməsinə xüsusi diqqətlə yanaşıldı. Seçki prosesinin mühüm mərhələləri olan seçicilər siyahısının dəqiqləşdirilməsi, seçicilər də daxil olmaqla, bütün seçki subyektlərinin maarifləndirilməsi, prezidentliyə namizədlərin irəli sürülməsi və qeydə alınması, bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat imkanlarının təmin edilməsi, müşahidəçilər və media nümayəndələrinin fəaliyyəti üçün sərbəst və maneəsiz şəraitin yaradılması, seçki günü səsvermənin təşkili ilə əlaqədar prosedurlara düzgün əməl olunması və digər bu kimi tədbirlər qanunvericiliklə müəyyənləşdirilmiş qaydada, vaxtında və keyfiyyətlə reallaşdırıldı.

Həm 2023-cü il ərzində, həm də seçkilər rəsmən təyin edildikdən sonra reallaşdırılan çoxsaylı genişmiqyaslı layihələr seçkilərin ölkə qanunvericiliyinə, müasir tələblərə, beynəlxalq norma və standartlara uyğun hazırlanıb keçirilməsində mühüm rol oynadı.

Seçici siyahılarının dəqiqləşdirilməsi
Seçki Məcəlləsinin tələblərinə əsasən 2023-cü il yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsinə başlanıldı. Seçki qanunvericiliyində nəzərdə tutulduğu kimi, siyahılar müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumu başçılarının, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında hazırlanmışdı. İlkin olaraq məntəqə seçki komissiyalarının üzvləri müvafiq məntəqələr üzrə seçicilər siyahısını tərtib edərək dəqiqləşdirdilər. Sonradan bu məlumatlar dairə seçki komissiyalarına ötürüldü və onlar da öz növbəsində məntəqə seçki komissiyalarından daxil olan seçici siyahılarını yoxlayaraq, əlaqədar qurumlardan (yerli qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbələri və sözügedən sahəyə məsul olan digər qurumlar) daxil olan məlumat və statistik göstəricilərlə qarşılaşdıraraq bir daha təhlil etdilər. Növbəti mərhələdə MSK seçicilərin daxil olduğu məlumat bazasını toplayıb, siyahılara daxil edilən seçicilərin məlumatlarının xüsusi proqram təminatı vasitəsilə orfoqrafik təftişi, keyfiyyət və statistik təhlili, seçici məlumatlarının təkrar və oxşarlıq parametrləri üzrə yoxlanılmasını həyata keçirdikdən, lazımi dəqiqləşdirmələr apardıqdan sonra seçici siyahılarının dürüst variantını DSK-lara təqdim etdi. Seçici siyahılarının bu müddət ərzində dəqiqləşdirilən son variantının bir nüsxəsi dairə seçki komissiyalarında, digər nüsxəsi isə MSK-da saxlanıldı, o cümlədən dəqiqləşdirilən sonuncu nüsxə MSK-nın internet səhifəsində yerləşdirilərək seçicilərə və şəffaflığın təmin olunması məqsədilə geniş ictimaiyyətə təqdim edildi.

Siyahıların tərtib edilib dəqiqləşdirilməsinə aşağı seçki komissiyalarının otuz səkkiz mindən artıq üzvü cəlb olundu və bütün proses boyunca müvafiq qurumlarla sıx, intensiv əməkdaşlıq edildi. Seçici siyahılarının dəqiqləşdirilməsində seçicilərin də maraqlı olması və aktivlik nümayiş etdirməsi, MSK-nın 115 nömrəli qaynar xətti, internet səhifəsindəki onlayn müraciət imkanı, rəqəmsal platformalarda seçiciləri siyahılarda adlarını yoxlamağa dəvət edən posterlər yerləşdirilməsi və bu kimi digər tədbirlər görülən işlərin səmərəliliyinin daha da artırılmasında önəmli rol oynadı. Prosesin bütövlükdə effektiv aparılmasına, seçici siyahılarının yüksək standartlara uyğun tərtib və çap olunmasına informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən, habelə hərtərəfli texniki imkanlara malik xüsusi proqram təminatlarından geniş istifadə edilməsi də əhəmiyyətli töhfə verdi.

Qeyd etmək lazımdır ki, seçici siyahıları da daxil olmaqla, ümumilikdə seçki məsələləri ilə əlaqədar daimi fəaliyyət göstərən 115 nömrəli qaynar xəttə və elektron qaynar xətlərə daxil olan bütün müraciətlərə MSK tərəfindən operativ reaksiya verilərək lazımi tədbirlər görüldü. Daxil olan müraciətlər, əsasən seçici siyahılarında seçicilərin məlumatlarının yoxlanması, lazımi hallarda düzəlişlər edilməsi, hüquqi məsələlər və s. barədə idi. Seçki komissiyalarının müvafiq qurumlarla əməkdaşlığı şəraitində ardıcıl və intensiv şəkildə aparılan genişmiqyaslı və çox əhatəli fəaliyyəti nəticəsində son illərdə olduğu kimi, 2023-cü ildə də seçici siyahılarının dəqiqliklə və yüksək keyfiyyətlə hazırlanması istiqamətində əsaslı addımlar atıldı.

Ötən il, həmçinin seçicilərin sayının artım dinamikası hərtərəfli təhlil edilərək, seçki dairələrində orta təmsilçilik normasının Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun tənzimlənməsinə zərurət olduğu, seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsi üçün hüquqi əsaslar yarandığı müəyyənləşdirildi. Seçki qanunvericiliyinin bu tələblərinin təmin edilməsi məqsədilə MSK tərəfindən yaradılan və mütəxəssislərdən ibarət olan seçki dairələrinin sərhədlərinin müəyyənləşdirilməsi üzrə komissiya qeydə alınmış seçicilərin orta təmsilçilik norması və qanunvericiliklə müəyyən edilmiş digər tələblər əsas götürülməklə hazırlanmış seçki dairələrinin sxemi və onun qrafik təsvirinin yenidən təsdiq olunması ilə bağlı təkliflərini MSK-nın müzakirəsinə təqdim etdi. Komissiya Seçki Məcəlləsinin tələblərini və sadalanan halları nəzərə alaraq seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsinə qərar verdi. Seçki dairələrinin siyahısı və hüdudlarına dair məlumat dərc edilməklə, eləcə də rəsmi internet səhifəsində yerləşdirilməklə ictimailəşdirildi.

Seçici siyahılarının dəqiqləşdirilməsi seçki qanunvericiliyinə uyğun olaraq, Prezident seçkilərinə rəsmi start verildikdən sonra da həyata keçirildi və səsvermə gününə 25 gün qalanadək yekunlaşdırıldı. Dəqiqləşdirmə prosesinə seçicilərin fəal cəlb olunması və görülən işlərin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə müxtəlif vasitələrlə intensiv təşviqat kampaniyası gerçəkləşdirildi, bu istiqamətdə media qurumları və sosial media platformalarının imkanlarından da geniş istifadə olundu. Belə ki, adların seçici siyahılarında yoxlanılması ilə bağlı MSK tərəfindən hazırlanan geniş tirajlı böyük ölçülü məlumatlandırma plakatları bütün ölkə ərazisinə yayılaraq, əhalinin xüsusilə sıx məskunlaşdığı yerlər və çoxsaylı məlumat lövhələrində yerləşdirildi, habelə sosial media platformalarında paylaşıldı. Seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı MSK-nın hazırladığı video və audio çarxlar televiziya və radio kanalları vasitəsilə yayımlanmaqla, eləcə də Komissiyanın rəsmi internet səhifəsində və sosial media platformalarında yerləşdirilməklə mütəmadi şəkildə nümayiş etdirildi.

Qeyd etmək lazımdır ki, MSK-nın Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə layihəsi çərçivəsində “ASAN xidmət” mərkəzlərində seçici siyahıları ilə əlaqədar ilk dəfə mütərəqqi və effektiv bir vasitə də təmin edildi. Mərkəzlərdəki müvafiq smart monitorlara yerləşdirilən yeni funksional bölmə “ASAN xidmət”lərə gündəlik müraciət edən on minlərlə vətəndaşa adlarını seçici siyahılarında yoxlamaq, aid olduqları seçki dairəsi və məntəqəsini  müəyyənləşdirmək, habelə bu məsələlərlə bağlı ehtiyac yarandığı halda yerindəcə MSK-ya operativ müraciət etmək imkanı yaratdı.

Məcburi köçkünlərin bütün respublika regionlarına səpələnməsi onların səsverməsinin təşkilini nə qədər çətinləşdirsə də, sərf edilən böyük zəhmət və gərgin əmək sayəsində bu kateqoriyadan olan vətəndaşlarımızın da səsvermə hüquqları maksimum şəkildə təmin olundu. Məcburi köçkün seçicilər müxtəlif regionlarda onlar üçün yaradılan, ümumilikdə 563 seçki məntəqəsində azad və sərbəst şəkildə səs verdilər.

Qeyd etmək lazımdır ki, Prezident seçkiləri ilə əlaqədar MSK ilk dəfə işğaldan azad olunmuş ərazilərdə 26-sı daimi, 21-i müvəqqəti olmaqla, ümumilikdə 47 seçki məntəqəsi yaratdı. Mütəmadi şəkildə xüsusi diqqətdə saxlanılan bu məntəqələr yerləşdirilməsi, yüksək iş şəraiti, təchizatı və imkanları baxımından nümunə göstərilə biləcək səviyyəyə çatdırıldı. Otuz il əvvəl ata-baba yurdlarından didərgin salınan vətəndaşlarımızın bir hissəsi müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, işğaldan azad olunmuş doğma torpaqlarında öz konstitusion hüquqlarını reallaşdırdılar.

Aşağı seçki komissiyalarının hazırlığı

MSK qanunvericiliyə uyğun olaraq, dairə və məntəqə seçki komissiyalarının fəaliyyətinə rəhbərlik etməklə yanaşı, onlara hüquqi, metodiki və texniki-təşkilati yardım göstərir, seçki komissiyaları üzvlərinin maarifləndirilməsi və peşə hazırlığının yüksəldilməsi ilə əlaqədar tədbirlər görür, aşağı seçki komissiyalarının fəaliyyət normativlərini formalaşdırır və bunlara əməl edilməsinə, həmçinin seçki komissiyalarının lazımi vasitələrlə təmin olunmasına nəzər yetirir, seçkilərin maddi-texniki təminatı ilə bağlı məsələləri həll edir. Bütün bu sadalananları təmin etmək üçün MSK mütəmadi şəkildə hər il aşağı seçki komissiyalarında maarifləndirmə-monitorinq tədbirləri həyata keçirir, monitorinqlərin nəticələri ətraflı təhlil edilir və lazımi layihələr gerçəkləşdirilir.

MSK 2022 – 2023-cü illər ərzində də ölkə üzrə bütün seçki dairələrində dairə seçki komissiyalarının fəaliyyəti, kargüzarlığın aparılması vəziyyəti, iş şəraitinin daha da yaxşılaşdırılması, habelə onların balansında olan aktivlərin və ehtiyatların inventarizasiyası istiqamətində geniş monitorinq həyata keçirdi. Əldə olunan nəticələrin təhlili əsasında mövcud prioritetlər müəyyənləşdirildi, Komissiya bu istiqamətləri əhatə edən layihələr işləyib hazırlayaraq öz fəaliyyət proqramına daxil etdi və ardıcıl olaraq müvafiq addımlar atdı.

Prezident seçkiləri təyin olunduqdan sonra MSK dairə və məntəqə seçki komissiyalarının iş şəraiti və təchizatının daha da təkmilləşdirilməsini xüsusi diqqətdə saxladı. Qısa müddətdə həyata keçirilən operativ və məqsədyönlü tədbirlər nəticəsində bütün aşağı seçki komissiyaları lazımi çap materialları, əyani vəsaitlər, səsvermə üçün seçki qutuları, gözə görünməyən mürəkkəb balonları, ultrabənövşəyi fənərlər və onlar üçün əlavə batareyalar, səsvermə kabinələri, birdəfəlik təhlükəsizlik kilidləri, protokolların saxlanması məqsədilə xüsusi çantalar, sənədlərin daşınması üçün kisələr, dəftərxana ləvazimatı və digər zəruri vasitələrlə təmin olundu və seçki gününə tam hazır vəziyyətə gətirildi.

Qeyd etmək lazımdır ki, aşağı seçki komissiyalarında maarifləndirmə-monitorinq tədbirləri mütəmadi xarakter daşımaqla demək olar ki, hər il həyata keçirilir və əldə olunan nəticələr ətraflı təhlil edilərək lazımi layihələr reallaşdırılır.

Seçkilərin normativ-hüquqi bazası

Seçki praktikasının təkmilləşdirilməsində normativ-hüquqi bazanın xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, MSK Prezident seçkilərinin yüksək səviyyədə hazırlanıb, azad və ədalətli keçirilməsi üçün normativ-hüquqi bazanın daha təkmil işlənib hazırlanması prosesini diqqət mərkəzində saxladı və bu istiqamətdə məqsədyönlü iş apardı. Seçki institutlarının fəaliyyətinin effektivliyinin yüksəldilməsi, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi, o cümlədən son dövrlərdə qəbul edilmiş qanunvericiliklə uyğunlaşdırılması məqsədilə MSK-nın qüvvədə olan bir çox normativ xarakterli aktlarına əlavə və dəyişikliklər olundu. MSK-nın bilavasitə Prezident seçkiləri, həmçinin ümumi seçki prosesi mərhələləri ilə əlaqədar təsdiq etdiyi təlimat, izah və qaydalardan ibarət, ümumilikdə 47 normativ xarakterli sənədi seçkilərə rəsmi start verildikdən sonra 15 toplu şəklində çap olunaraq aşağı seçki komissiyalarına və maraqlanan tərəflərə paylanıldı, habelə Azərbaycan və ingilis dillərində Komissiyanın rəsmi internet səhifəsində yerləşdirildi. Bu sənədlər seçicilər və aşağı seçki komissiyalarının üzvləri də daxil olmaqla, müxtəlif statuslu seçki iştirakçılarının maarifləndirilməsi, seçki qanunvericiliyinin müddəalarının peşəkarcasına icrası və seçki prosesi ilə bağlı biliklərin artırılmasında mühüm rol oynadı.

Beynəlxalq əməkdaşlıq çərçivəsində görüşlər

Beynəlxalq təşkilatlar və xarici ölkələrin ali seçki qurumları ilə qarşılıqlı əlaqələrin təşəkkülü və genişləndirilməsi, xarici dövlətlərin seçki qanunvericiliyinin, beynəlxalq təcrübənin öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması MSK-nın əsas prioritetləri sırasındadır. İlbəil genişlənən beynəlxalq əlaqələri çərçivəsində Komissiya bu prioritetləri diqqətdə saxlayaraq daim öz fəaliyyətini beynəlxalq və xarici təşkilatlarla sıx münasibətlər şəraitində qurur, müxtəlif layihələr gerçəkləşdirilir, görüşlər keçirilir, mümkün tərəfdaşlıq imkanları müzakirə edilir və fikir mübadiləsi aparılır.

Prezident seçkiləri ərəfəsində MSK sədrinin seçkilərin müşahidəsinə qatılan Türk Dövlətləri Parlament Assambleyası, ATƏT Parlament Assambleyası, MDB Parlamentlərarası Assambleyası, Belarus və Rusiya İttifaqının Parlament Assambleyası, Türk Dövlətləri Təşkilatının Müşahidə Missiyası, ATƏT/DTİHB-nin Ehtiyacların Dəyərləndirilməsi Missiyası və Seçki Müşahidə Missiyası, MDB Müşahidə Missiyası, İslam Əməkdaşlıq Təşkilatı və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndə heyətləri ilə görüşləri keçirildi. MSK sədri, həmçinin Türkiyə, Macarıstan, Gürcüstan, Qazaxıstan, Moldova, Monteneqro, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğız, Maldiv, Serbiya, Rusiya, Bolqarıstan, Belarus və Ukraynanın ali seçki qurumlarının müvafiq olaraq rəhbərləri və təmsilçiləri ilə Komissiyanın inzibati binasında görüşdü. Görüşlər çərçivəsində Prezident seçkiləri ilə bağlı müxtəlif mövzularda fikir mübadiləsi aparıldı və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə edildi. Bundan başqa, MSK-nın təmsilçilərinin də beynəlxalq qurumların və seçki müşahidə missiyalarının nümayəndələri ilə müxtəlif səviyyəli mütəmadi görüşləri keçirilir, habelə maarifləndirmə məqsədilə müraciət edən yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq olunur və lazımi dəstək göstərilirdi.

Qeyd etmək lazımdır ki, beynəlxalq əlaqələr çərçivəsində MSK nümayəndələri vaxtaşırı xarici ölkələrdə keçirilən seçkilərdə müxtəlif beynəlxalq müşahidə missiyalarının tərkibində beynəlxalq müşahidəçi qismində iştirak edir, həmçinin beynəlxalq konfrans, simpozium, seminar və digər bu səpkili tədbirlərə də qatılaraq təqdimatlarla çıxışlar edir və ünvanlanmış sualları cavablandırırdılar.

Müxtəlif istiqamətlər üzrə maarifləndirmə layihələri

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nı rəhbər tutaraq, MSK seçkilərə start verildikdən sonra intensiv şəkildə fərqli istiqamətlər üzrə çoxsaylı layihələri əhatə edən genişmiqyaslı maarifləndirmə kampaniyası həyata keçirdi. Seçicilərin məlumatlandırılması, seçki iştirakçılarının maarifləndirilməsi, dairə və məntəqə seçki komissiyaları üzvlərinin bilik, bacarıq və peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsinə həsr olunan əhatəli proqram əlaqədar qurumlarla sıx əməkdaşlıq şəraitində və beynəlxalq müşahidəçilərin, media nümayəndələrinin iştirakı ilə reallaşdırıldı.

Dairə seçki komissiyalarının sədrləri üçün müşavirə

Seçkilərlə əlaqədar ilk maarifləndirmə tədbiri 2023-cü il dekabrın 20-də MSK-nın inzibati binasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən geniş müşavirə oldu. Tədbirdə MSK sədri ilə yanaşı, ölkənin bir sıra ali dövlət qurumlarının – Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Milli Məclis, Konstitusiya Məhkəməsi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin rəhbər şəxsləri DSK sədrləri qarşısında müxtəlif mövzularda çıxış etdilər. Layihənin proqramına Prezident seçkilərinin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti, siyasi partiyaların və siyasi partiya bloklarının seçkilərdə iştirakının hüquqi əsasları, seçki hüququnun konstitusion əsasları və Prezident seçkilərində onun realizə mexanizmləri, Prezident seçkilərində ədliyyə orqanlarının və məhkəmələrinin rol və vəzifələri, Daxili İşlər Nazirliyi orqanlarının seçkilərdə rolu və fəaliyyət istiqamətləri, seçki hüquqlarının qorunmasında prokurorluq orqanlarının rolu kimi mövzular daxil olundu, habelə əvvəlki illərdə keçirilən seçkilər və "öyrənilmiş dərslər” nəzərdən keçirildi. İştirakçılar onları maraqlandıran suallarla natiqlərə müraciət edərək lazımi məlumatları aldılar. Beynəlxalq (xarici) qurumların təmsilçilərinin də dəvət olunduğu müşavirə media nümayəndələri tərəfindən geniş işıqlandırıldı.

Ekspert qruplarının üzvləri üçün seminarlar

Prezident seçkilərində vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması diqqətdə saxlanılaraq, MSK-nın Hüquq və İnsan Haqları İnstitutu ilə birgə layihəsi çərçivəsində seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan regional seminarlar təşkil edildi. Yeni forma və məzmunda ilk dəfə Azərbaycan Respublikası Prezidenti seçkilərində reallaşdırılan tədbir vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan müraciət və şikayətlərin araşdırılması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin məlumatının artırılması, bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənmişdi. Layihənin proqramına əsasən ilk regional seminar 2023-cü il dekabrın 25-də Bakıda, növbəti mərhələlərdə dekabrın 29-dək Sumqayıt, Gəncə, Şəki, Naxçıvan və Masallıda keçirildi. Həm paytaxtda, həm də bölgələrdə baş tutan tədbirlərdə MSK nəzdində Ekspert qrupunda təmsil olunan Komissiya üzvləri, Katibliyin əməkdaşları, həmçinin Hüquq və İnsan Haqları İnstitutunun mütəxəssislərinin seçki hüququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri və şikayətlərin araşdırılması prinsipləri, seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması və Ekspert qruplarının fəaliyyətinin əsasları, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasında seçkilərə dair məqamları özündə əks etdirən çıxışları dinlənildi, əyani vəsaitlərdən istifadə etməklə mövzular barədə ətraflı məlumat verildi. Tədbirin praktiki hissəsində seçki qanunvericiliyi və ekspert fəaliyyəti ilə bağlı kazuslar üzrə məşğələlər də keçirildi və iştirakçılar sınaq testlərinin həllinə cəlb edildilər. Seminara qatılan dairə seçki komissiyalarının bütün Ekspert qrupu üzvlərinə MSK tərəfindən ilk dəfə hazırlanan və şikayət və müraciətlərin araşdırılması müddətləri, ardıcıllığı, qaydaları və sübutların qiymətləndirilməsi, habelə rəylərin və qərar layihəsinin hazırlanması prosedurlarını aydın və əhatəli əks etdirən Yaddaş kitabçası da təqdim olundu.

Seçki mübahisələrinin həllinə dair seminar-müşavirələr

Gerçəkləşdirilən önəmli maarifləndirmə layihələrindən biri də MSK-nın Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə həyata keçirdiyi və seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr edilən regional seminar-müşavirələr oldu. Bu layihədə başlıca hədəf seçki mübahisələrinin həlli istiqamətində dairə seçki komissiyalarının məlumatının artırılması, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi ilə əlaqədar görülən işlərin effektivliyinin gücləndirilməsi idi. Seçki praktikasının təkmilləşdirilməsində və seçki hüququnun təmin olunmasındakı əhəmiyyəti nəzərə alınaraq, 2024-cü il yanvarın 8-də Bakıda keçirilən ilk seminar-müşavirədə MSK sədri və Ali Məhkəmənin sədri də iştirak etdi və açılış nitqləri ilə layihəyə strat verdilər. Sonra gündəliyə uyğun olaraq, MSK, Ali Məhkəmə və Bakı Apellyasiya Məhkəməsinin məsul vəzifəli şəxsləri Prezident seçkilərində vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarına verilməsi və onların araşdırılması qaydaları, seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat barədə təqdimatlarla çıxış etdilər. Növbəti mərhələsi yanvarın 10-da Gəncə, Naxçıvan, Şəki və Şirvanda təşkil olunan regional tədbirlər MSK üzvləri və Katibliyin aidiyyəti struktur bölmələrinin əməkdaşları, region üzrə apellyasiya məhkəmələrinin hakimləri və dairə seçki komissiyaları sədrlərinin iştirakı ilə keçirildi. Seminar-müşavirələrdə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair müxtəlif mövzulardə təqdimatlar dinlənildi, müzakirələr aparıldı və iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Daxili İşlər Nazirliyi ilə birgə polis üçün seminarlar

Seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində polisin seçki prosesində rolu haqqında məlumatının artırılması məqsədi ilə MSK Daxili İşlər Nazirliyi ilə birgə 2024-cü il 9-18 yanvar tarixlərində Bakı, Gəncə, Şəki, Şirvan və Naxçıvanda regional seminar-müşavirələr keçirdi. Prezident seçkilərində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunan tədbirlərdə MSK üzvləri, Katibliyin əməkdaşları və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının nümayəndələri təqdimatlar etdi. Seminarlarda insan hüquqlarının qorunması, seçki qanunvericiliyi, səsvermə prosesi, onun mərhələləri və müddətləri, seçki kampaniyası dövründə və səsvermə günü ictimai asayişin təmin edilməsində polis əməkdaşlarının vəzifələri, səsvermədən sonrakı dövrdə seçki bülletenlərinin və digər seçki sənədlərinin dairə seçki komissiyalarına və MSK-ya gətirilməsi zamanı zəruri təhlükəsizlik tədbirlərinin görülməsi, habelə seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları barədə ətraflı məlumat verildi. MSK və Daxili İşlər Nazirliyi tərəfindən birgə hazırlanan "Polis əməkdaşları üçün yaddaş kitabçası" da tədbir iştirakçılarına təqdim edildi.

Aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər

Prezident seçkilərində MSK dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi və fəaliyyətlərinin təkmilləşdirilməsində önəmli rolu olan treninqlərə xüsusi diqqət yetirdi. Qeyd etmək lazımdır ki, hələ 2002-ci ildə müxtəlif beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq şəraitində əsası qoyulan və ilbəil təkmilləşdirilərək 2008-ci ildən daha da genişləndirilən treninq layihəsi mütəmadi şəkildə bütün seçkilərdə keçirilməklə dairə və məntəqə seçki komissiyaları üzvlərinin bilik və bacarıqlarının artırılmasına, işgüzar və peşəkar vərdişlərinin gücləndirilməsinə mühüm töhfələr verib.

Seçkilərə təqribən bir ay qalmış MSK aşağı seçki komissiyalarının maarifləndirilməsi məqsədi ilə 2 mərhələdən ibarət treninq layihəsinə başladı. Birinci mərhələ çərçivəsində 2024-cü il 10-14 yanvar tarixlərində Bakıda MSK-nın Treninq qrupu tərəfindən fasiləsiz olaraq ”Trenerlər üçün treninq” keçirildi. Tam praktiki məşğələlər şəklində, müxtəlif əyani, metodiki və yardımçı vəsaitlərdən də istifadə olunmaqla təşkil edilən bu treninqlərdə 125 seçki dairəsi üzrə dairə seçki komissiyalarının hər birindən iki təmsilçi olmaqla, ümumilikdə 250 yerli trener iştirak etdi. Treninqlər zamanı iştirakçılar Prezident seçkilərində səsvermə prosesi, müstəsna hallar, səslərin sayılması, nəticələrə dair protokolların doldurulması da daxil olmaqla, səsvermə günü prosedurları barədə ətraflı məlumatlandırıldı və bilikləri daha da təkmilləşdirildi, səsvermə günü ortaya çıxa biləcək hallar praktiki məşğələlər yolu ilə aydın şəkildə izah olundu. Həmçinin hər bir yerli trener təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün MSK tərəfindən hazırlanan "Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallarla da təmin edildi.

Treninq layihəsinin dairə və məntəqə seçki komissiyalarının üzvlərinin cəlb olunduğu ikinci mərhələsinin də müəyyən edilən tələblərə uyğun və yüksək səviyyədə təşkil olunması üçün MSK-nın Treninq qrupu bütün lazımi məlumatları özündə əks etdirən xüsusi yardımçı slaydlar hazırladı və yerli treninq qruplarına təqdim etdi. Aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə yanvarın 17-dən başlanıldı və seçki dairələri üzrə məntəqələrin sayına müvafiq olmaqla, yanvarın 30-dək uğurla reallaşdırıldı. Praktiki məşğələlərə geniş yer verilən treninqlərin tərtib olunan cədvəllər üzrə təxminən 40 nəfərədək kiçik qruplar şəklində keçirilməsi onların interaktivliyinə və iştirakçıların mövzuları daha yaxşı mənimsəmələrinə imkan yaradırdı. Bütövlükdə treninq layihəsi 38000-ə yaxın aşağı seçki komissiyası təmsilçisinin seçki prosesi ilə bağlı müfəssəl məlumatlandırılmasında əhəmiyyətli rol oynadı.

Media nümayəndələri üçün müşavirə

Prezident seçkiləri ilə əlaqədar gerçəkləşdirilən mühüm maarifləndirmə tədbirlərindən biri də media nümayəndələrini əhatə etdi. Belə ki, MSK, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə 2024-cü il yanvarın 11-də Bakı şəhərində media subyektləri üçün geniş müşavirə keçirildi. Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan tədbirdə MSK sədri, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru, Audiovizual Şuranın və Mətbuat Şurasının sədrləri, eləcə də respublikada fəaliyyət göstərən 45 media qurumunun rəhbərləri və təmsilçiləri iştirak etdi. Müşavirədə təşkilatçı qurumların rəhbərlərinin açılış nitqlərindən sonra MSK üzvlərinin Prezident seçkilərində seçkiqabağı təşviqata dair ümumi tələblər, seçkiqabağı təşviqat subyektləri, onların hüquq və vəzifələri, ödənişli və ödənişsiz əsaslarla aparılan seçkiqabağı təşviqat prosesində media subyektlərinin rol və vəzifələri barədə təqdimatları dinlənildi. Seçkilərin müxtəlif mərhələlərində medianın fəaliyyət istiqamətlərinə həsr olunan çıxışları iştirakçılar maraqla qarşıladı. Tədbirin sonunda müzakirələr aparıldı və meydana çıxan suallar ətraflı cavablandırıldı.

Vətəndaşların seçki hüququnun təmin edilməsinə həsr olunan tədbir

Prezident seçkiləri ilə əlaqədar maarifləndirmə layihələrindən biri də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə birgə təşkilatçılıqla gerçəkləşdirilən “Vətəndaşların seçki hüqunun təmini” mövzusunda silsilə tədbirlər oldu. 2024-cü il yanvarın 12-də Bakı şəhərində MSK sədri və Ombudsmanın açılış nitqləri ilə başlayan ilk dəyirmi masada MSK Katibliyi və Ombudsman Aparatının müvafiq struktur bölmələrinin əməkdaşları, habelə region üzrə dairə seçki komissiyalarının sədrləri iştirak etdi. Layihə fevralın 2-dək Gəncə, Şəki, Masallı, Quba və Naxçıvanda da reallaşdırılmaqla, müvafiq ətraf bölgələrin seçki dairələrinin dairə seçki komissiyalarını əhatə etdi. Tədbirlərdə MSK üzvləri, Katibliyin təmsilçiləri və Ombudsman Aparatının nümayəndələri tərəfindən Prezident seçkilərinə hazırlıq istiqamətində görülmüş işlər, seçki hüququ və onun mənsubiyyəti, seçkilərdə şəffaflığın təmin olunmasında aşkarlıq institutlarının rolu, yerli və beynəlxalq müşahidəçilərin hüquq və vəzifələri, o cümlədən media nümayəndələrinin seçkilərdə fəaliyyətinin əsasları barədə ətraflı məlumat verildi, müzakirələrin gedişində yaranan suallar cavablandırıldı.

Seçkilərdə medianın rol və vəzifələrinə həsr olunan praktiki seminarlar

Fərqli statuslu digər seçki iştirakçıları ilə yanaşı, media nümayəndələrinin Prezident seçkiləri ilə bağlı maarifləndirilməsinin əhəmiyyəti nəzərə alınaraq, onlar üçün yanvarın 12-də Bakı şəhərində və yanvarın 18-də Naxçıvanda praktiki seminarlar da təşkil olundu. MSK və Medianın İnkişafı Agentliyinin birgə layihəsi çərçivəsində keçirilən tədbirlər media nümayəndələrinin seçkilərdə məlumatlılığının artırılması və fəaliyyətlərinin səmərəliliyinin daha da yüksəldilməsinə həsr olundu. Seminarlarda MSK və Medianın İnkişafı Agentliyinin təmsilçilərinin media nümayəndələri üçün təqdimatları dinlənildi. İştirakçılara seçki hüququnun nəzəri aspektləri, mənsubiyyəti və realizə imkanları, seçkilərin mediada işıqlandırılması, seçkiqabağı təşviqat mərhələsində və səsvermə günü media nümayəndələrinin  rol, vəzifə və məsuliyyətləri, səsvermə günü prosedurları, həmçinin media ilə məlumat mübadiləsi və peşəkar medianın fəaliyyətinin təşkili barədə ətraflı məlumat verildi, onları maraqlandıran məsələlərə aydınlıq gətirildi.

Ədliyyə Nazirliyi ilə birgə seminar-müşavirə

Prezident seçkilərində maarifləndirmə tədbirlərindən biri də MSK-nın Ədliyyə Nazirliyi ilə birgə layihəsi çərçivəsində Penitensiar xidmətdə geçəkləşdirildi. Yanvarın 19-da keçirilən seminar-müşavirəyə Penitensiar xidmətin rəhbərliyi, MSK təmsilçiləri, Xidmətin Baş idarəsinin məsul əməkdaşları, cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının rəisləri, habelə həmin qurumların yerləşdiyi ərazilər üzrə müvafiq dairə seçki komissiyalarının sədrləri və media nümayəndələri qatıldı. Tədbirdə MSK təmsilçiləri tərəfindən Penitensiar xidmətin əməkdaşlarına seçki hüququnun konstitusion əsasları, qapalı müəssisələrdə Prezident seçkilərinin təşkili və səsvermənin keçirilməsi barədə  hərtərəfli məlumat verildi, seçki günü prosedurları əhatəli şəkildə izah edildi, həmçinin ortaya çıxan suallara aydınlıq gətirildi.

Xarici İşlər Nazirliyi ilə birgə seminar

Azərbaycan Respublikasının Seçki Məcəlləsi ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan vətəndaşlarımızın Prezident seçkilərində iştirakını və bunun üçün müvafiq imkanların yaradılmasını nəzərdə tutur. Qanunvericiliyin sözügedən tələbinin yerinə yetirilməsi məqsədilə respublika hüdudlarından kənarda yaşayan Azərbaycan vətəndaşlarının seçicilər siyahısının hazırlanması və onların Prezident seçkilərindən səsvermə hüquqlarının təmin edilməsi istiqamətində Xarici İşlər Nazirliyi ilə birgə əhatəli iş aparıldı və lazımi tədbirlər görüldü. Xaricdə yaşayan vətəndaşlarımızın səsvermədə iştirakı üçün respublikamızın 37 xarici ölkədəki diplomatik nümayəndəliklərində 49 seçki məntəqəsi yaradıldı. Beləliklə, əvvəlki illərdəki seçkilərlə müqayisədə, istər Prezident seçkilərinin təşkil olunduğu ölkələrin, istərsə də xaricdə yaradılan seçki məntəqələrinin sayında əhəmiyyətli artım oldu və bu baxımdan Azərbaycanda indiyədək keçirilən seçkilər üzrə ən yüksək göstərici qeydə alındı.

Yanvarın 22-də MSK-nın Xarici İşlər Nazirliyi ilə birgə layihəsi çərçivəsində respublika hüdudlarından kənarda seçkilərin təşkili, xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının seçkilərdə iştirak hüquqlarının həyata keçirilməsinin tənzimlənməsi, seçki məntəqələrinin yaradılması, səsvermənin təşkili və digər məsələlərlə bağlı seminar da keçirildi. Tədbirdə hər iki qurumun rəhbər şəxsləri, MSK və Xarici İşlər Nazirliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşları, ölkəmizin xarici ölkələrdəki diplomatik missiyalarının səlahiyyətli təmsilçiləri, habelə xarici ölkələrdə yaradılan seçki məntəqələrinin aid olduğu seçki dairələri dairə seçki komissiyalarının sədrləri iştirak etdi. Seminarda ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli ezamiyyətlərdə olan vətəndaşların Prezident seçkilərində iştirakının və səsvermə hüququnun təmin olunması üçün müvafiq diplomatik nümayəndəliklərdə və konsul idarələrində yaradılan seçki məntəqələrində səsvermənin təşkili ilə əlaqədar məsələlər müzakirə edildi. Həmçinin seçki məntəqələrinin təşkil olunması, səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, şəffaflığın təmin edilməsi, səsvermə günü prosedurları, müstəsna hallar, səslərin hesablanması və nəticələrin müəyyənləşdirilərək dairə seçki komissiyasına göndərilməsi və digər müvafiq məsələlər müzakirə olundu. Media nümayəndələri tərəfindən geniş işıqlandırılan tədbirdə iştirakçıları maraqlandıran suallar da cavablandırıldı.

İnformasiya texnologiyaları üzrə mütəxəssislər üçün praktiki seminarlar

Prezident seçkilərinə hazırlıq istiqamətində gerçəkləşdirilən maarifləndirmə layihələrindən biri də 24-26 yanvar tarixlərində keçirilən və dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssislərini əhatə edən praktiki seminarlar oldu. Layihənin başlıca məqsədi dairə seçki komissiyalarında elektron məlumatların işlənməsini həyata keçirən mütəxəssislərin Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi və onun yenilənərək daha da təkmilləşdirilən imkanları barədə məlumatlarını dərinləşdirmək, sistemin proqram təminatlarından praktiki istifadə etmək, eləcə də iştirakçıları maraqlandıran məsələlərə əyani şəkildə yerindəcə aydınlıq gətirmək idi. Seminarlarda Prezident seçkiləri günü seçicilərin fəallığı və səsvermənin nəticələrinə dair protokol məlumatlarının birbaşa MSK-ya ötürülməsi üçün hazırlanan xüsusi proqram modullarından test rejimində istifadə imkanı yaradılması informasiya texnologiyaları üzrə mütəxəssislərin fəaliyyətinin effektivliyini yüksəltməklə bərabər, onların praktiki biliklərini, peşəkar vərdişlərini və iş təcrübələrini də gücləndirdi.

Qadınların seçkilərdə fəallığının yüksəldilməsinə həsr olunan tədbirlər

Prezident seçkilərində reallaşdırılan genişmiqyaslı maarifləndirmə proqramı cəmiyyətdəki fəal mövqeyi, məqsədyönlü fəaliyyətləri günbəgün daha da güclənən qadınları da əhatə etdi. MSK-nın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) ilə birgə layihəsi çərçivəsində qadınların seçkilərdə fəallıqlarının daha da artırılması məqsədilə 2023-ci il dekabrın sonlarından etibarən qadın təşkilat və birlikləri ilə çoxsaylı seminar və görüşlər təşkil olunmağa başlandı, paytaxtda və regionlarda intensiv şəkildə keçirilən silsilə tədbirlər seçki gününə qısa müddət qalanadək müvəffəqiyyətlə davam etdi.

Qadınların seçkilərdə fəallığının yüksəldilməsinə həsr olunan layihənin əhəmiyyəti və zəruriliyi nəzərə alınmaqla, layihənin yekunu olaraq yanvarın 29-da Bakı şəhərindəki dəyirmi masa MSK və AQUPDK sədrlərinin bilavasitə iştirakı ilə keçirildi və hər iki qurumun rəhbərləri açılış nitqi ilə çıxış etdilər. Tədbirdə MSK, AQUPDK və bir sıra qadın hüquqlarına dair təşkilatlarının nümayəndələrinin təqdimatları dinlənildi, iştirakçılara seçki hüququnun mənsubiyyəti, onun təmin edilməsi və reallaşdırılmasının əsasları, qadınların seçkilərdə fəallıqlarını daha da artırması üçün imkanlar barədə ətraflı məlumat verildi. Qadın məsələlərinə dair təşkilatlar, vətəndaş cəmiyyəti institutları və ictimai birliklərin 75 təmsilçisinin qatıldığı tədbirin sonunda aidiyyəti mövzularla bağlı müzakirələr aparıldı və suallar cavablandırıldı.

Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə seminar

Seçkilərlə əlaqədar digər bir maarifləndirmə tədbiri də MSK-nın Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə təşkilatçılığı çərçivəsində yanvarın 30-da Komissiyanın inzibati binasında keçirildi. Səhhəti ilə əlaqədar seçicilərin müvəqqəti olduqları yerlərdə Prezident seçkilərinin təşkilinə dair məsələlərə həsr olunan seminarda MSK, Səhiyyə Nazirliyi və TƏBİB-in nümayəndələri, Komissiya Katibliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşları, müvafiq dairə və məntəqə seçki komissiyalarının sədrləri iştirak etdi. Tədbirdə səhhəti ilə əlaqədar müvəqqəti məskunlaşma yerlərində olan şəxslərin seçici kimi əhatə dairəsinin müəyyən edilməsi və seçki məntəqələrinin yaradılması, həmin məntəqələrdə səsvermənin təşkili, nəticələrin müəyyən olunması və ictimailəşdirilməsi, seçki günü məntəqə seçki komissiyalarının vəzifələri və səsvermə prosedurları barədə çıxışlar dinlənildi, fikir mübadiləsi aparıldı və müzakirələr zamanı ortaya çıxan məqamlar izah olundu.

İlk dəfə səs verən seçicilər üçün maarifləndirmə layihələri

Prezident seçkilərində reallaşdırılan maarifləndirmə layihələrinin böyük bir hissəsi ilk dəfə səs verən gənc seçiciləri əhatə etdi. Bu kateqoriyadan olan seçicilərin maarifləndirilməsi, məlumatlandırılması və seçki prosesinə daha fəal şəkildə cəlb edilməsi məqsədilə MSK-nın dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə 2023-cü il dekabrın 27-dən 2024-cü il yanvarın 29-dək ölkənin 41 ali və 33 orta ixtisas təhsili müəssisəsində 170 görüş baş tutdu. Fevralın 2-də Bakı Konqres Mərkəzində keçirilən və Azərbaycan Gəncləri Gününə həsr olunan “Gənc Seçici Forumu” ilə irimiqyaslı kampaniyaya yekun vuruldu. Demək olar ki, fasiləsiz şəkildə hər gün bir neçə fərqli ünvanda təşkil edilən tədbirlərdə MSK üzvləri və Katibliyin əməkdaşları tərəfindən iştirakçılara seçki hüququ, Prezident seçkilərinə hazırlıq, səsvermə günü prosedurları və digər hüquqi məsələlər barədə ətraflı məlumat verildi, gəncləri maraqlandıran suallar cavablandırıldı. Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Şamaxı və digər regionları əhatə edən görüşlərə, ümumilikdə 28000-dən artıq gənc seçici qatıldı. Qeyd etmək lazımdır ki, 590000-dən çox gənc 2024-cü il Prezident seçkilərində ilk dəfə səsvermə hüququ əldə etdi.

MSK-nın təşəbbüsü ilə, həmçinin seçki günü – fevralın 7-də 18 yaşı tamam olmaqla aktiv seçki hüququ əldə edən 229 gənc üçün "İlk dəfə səs verən seçici” layihəsi çərçivəsində xüsusi təbrik kartları hazırlandı və səs verərkən həmin gənclərə təqdim edilməsi təmin olundu.

Bütün seçiciləri əhatə edən məlumatlandırma layihələri

Prezident seçkilərində seçicilərin məlumatlandırılması MSK-nın daim diqqət mərkəzində oldu və bu istiqamətdə intensiv şəkildə bir sıra layihələr gerçəkləşdirildi. Seçicilərin adlarının seçici siyahısında yoxlanılması, səsvermə proseduru, Prezident seçkilərində qeydiyyatdan çıxma vəsiqəsindən istifadə, eləcə də səsvermədə iştiraka çağırış məqsədilə MSK müxtəlif vasitələrlə intensiv təşviqat kampaniyası apardı, media subyektləri ilə qurulan səmərəli əməkdaşlıq bu istiqamətdə məqsədyönlü fəaliyyət imkanlarını daha da genişləndirdi.

Seçiciləri seçkilərdə aktiv iştiraka səsləyən, onları öz hüquqlarından fəal istifadəyə dəvət edən, seçici siyahılarında məlumatları yoxlamağın zəruriliyini vurğulayan, səsvermə proseduru, çağırış xarakterli və s. mövzularda geniş tirajlı məlumatlandırma plakatları əhalinin xüsusilə sıx məskunlaşdığı və asanlıqla görünə bilən yerlərdə (ticarət və əyləncə mərkəzləri, avtobus dayanacaqları və digər sosial məişət obyektlərində) asıldı, habelə sosial media platformalarında paylaşıldı.

MSK tərəfindən səsvermədə iştiraka çağırış, seçki gününün xatırladılması, seçici siyahılarında adın yoxlanılması, əlavə seçicilər siyahısı əsasında səsvermə, qeydiyyatdan çıxma vəsiqəsindən istifadə və səsvermə proseduru ilə bağlı hazırlanan, ümumilikdə 8 video və audio çarx televiziya və radio kanallarında, habelə sosial media platformalarında mütəmadi şəkildə nümayiş etdirildi.

Prezident seçkilərində seçicilərin məlumatlandırılması məqsədilə MSK Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə ilk dəfə yeni bir sosial layihə də reallaşdırıldı. Belə ki, Azərbaycanda fəaliyyət göstərən mobil operatorlarla əməkdaşlıq şəraitində seçkilərə bir müddət qalmış, eləcə də səsvermə günü də daxil olmaqla müxtəlif vaxtlarda vətəndaşlara SMS bildirişlər göndərildi və seçicilər seçkilərdə aktiv iştiraka və səsvermə hüquqlarından istifadə etməyə dəvət olundular.

Bütün bunlarla yanaşı, Seçki Məcəlləsinin tələbinə əsasən seçicilərin səs verəcəkləri seçki məntəqəsinin ünvanı, səsvermənin yeri və vaxtı, səsvermədə istifadə olunan şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı, səsvermə qaydası və digər aidiyyəti prosedurlarla bağlı maarifləndirmə xarakterli məlumatları özündə əks etdirən bildirişlər hazırlandı. Seçicilərin sayına uyğun çap edilən bildirişlər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada seçicilərə paylanıldı. Qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərdə ilk dəfə seçkilərin keçirildiyi nəzərə alınaraq, həmin ərazilərdə səsvermə hüququ olan seçicilər üçün bildirişdə, həmçinin seçicilərə MSK adından xüsusi təbrik də yer alırdı.

Fiziki məhdudiyyətləri olan seçicilər üçün yaradılan imkanlar

Əvvəlki illərdə keçirilmiş seçkilərdəki ənənəyə sadiq qalaraq, MSK Prezident seçkilərində də fiziki məhdudiyyətləri olan seçicilərin heç kimin yardımı olmadan, sərbəst və maneəsiz şəkildə səsvermə hüquqlarının təmin edilməsi üçün müxtəlif layihələr həyata keçirdi. Bu fəaliyyətin başlıca məqsədi sözügedən seçicilərin cəmiyyətə fəal inteqrasiyası və onların əhalinin digər təbəqələri ilə bərabər imkanlar əldə etməsindən ibarət idi.

Gözdən əlil seçicilərin səs verməsi üçün seçki bülletenindəki məlumatların Brayl əlifbası ilə əks olunduğu trafaretlər hazırlandı və hər bir seçki məntəqəsi bu trafaretlərlə təmin edildi. Seçki günü gözdən əlil seçicilər həmin trafaretlərdən istifadə etməklə, heç bir yardıma ehtiyac duymadan, sərbəst şəkildə istədikləri namizədə səs verdilər.

Hərəkət qabiliyyəti məhdud olan seçicilərin maneəsiz hərəkəti üçün pandus quraşdırılan seçki məntəqələrinin sayı, əvvəlki illərdəki seçkilərlə müqayisədə daha da artırıldı. Belə ki, hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilərin sərbəst şəkildə seçki məntəqələrinə gələrək səs verə bilmələri üçün seçki məntəqələrinin müvafiq binalarda yerləşdirilməsi və panduslar quraşdırılması yolu ilə ehtiyac duyulan 2042 seçki məntəqəsində xüsusilə bu kateqoriyadan olan seçicilər üçün əlverişli vəziyyət təmin edildi.

Prezident seçkilərində seçici maarifləndirmə proqramı çərçivəsində MSK-nın bütün video çarxları alt yazısı (subtitr) ilə hazırlandı. Televiziya və radio kanalları, habelə sosial media platformaları vasitəsilə təqdim olunan bu layihə eşitmə qabiliyyəti məhdud olan seçicilərin maarifləndirilməsində əhəmiyyətli rol oynadı.

Bütün sadalananlardan başqa, seçki günü səhhətinə görə və ya digər üzrlü səbəblərdən səsvermə məntəqəsinə gələ bilməyən seçicilərin daşınan seçki qutusu ilə səs vermələri də qanunvericiliyin tələblərinə uyğun qaydada təmin olundu.

Maarifləndirmə xarakterli digər layihələr

MSK Prezident seçkiləri rəsmən təyin edildikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş əsas hərəkət və tədbirlərin ardıcıl, sistemli və keyfiyyətlə gerçəkləşdirilməsi, seçki subyektlərinə metodiki yardım göstərilməsi və onların seçki prosesindəki fəaliyyətlərinin sadələşdirilməsi məqsədi ilə Təqvim planı təsdiq etdi. Sənəd çap olunaraq aşağı seçki komissiyalarına paylanıldı, eləcə də bütün seçki subyektlərinin asanlıqla əldə etmələrindən ötrü Azərbaycan və ingilis dillərində MSK-nın rəsmi internet səhifəsində yerləşdirildi.

MSK ilk dəfə Prezident seçkiləri ilə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Ekspert qrupunun üzvləri üçün yaddaş” kitabçası hazırladı. Layihə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin məlumatının artırılması, fəaliyyətlərinin daha da təkmilləşdirilməsi və onlara metodiki kömək göstərilməsi üçün reallaşdırıldı. Kitabçada seçki hüququ ilə bağlı müraciətlərə baxılması, şikayət və müraciətlərin araşdırılması müddətləri, ardıcıllığı, qaydaları və sübutların qiymətləndirilməsi, habelə rəy və qərar layihəsinin hazırlanması prosedurları müfəssəl izah olunurdu. Yaddaş kitabçası aidiyyəti üzrə paylanıldı, eləcə də maraqlanan subyektlərin asanlıqla əldə edə bilmələrindən ötrü Komissiyanın internet səhifəsinə qoyuldu.

MSK seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində məntəqə seçki komissiyalarının üzvlərini seçki günü prosedurları ilə bağlı daha ətraflı məlumatlandırmaq məqsədi ilə “Seçki günü üçün yaddaş” kitabçası da hazırladı. Kitabçada seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, məntəqənin açılması, səsvermə saatlarında tədbirlər, məntəqənin bağlanması, səslərin hesablanması və səsvermənin nəticələrinə dair yekun protokolun doldurulması ətraflı şəkildə izah olunmuşdu. Seçki Məcəlləsinin müddəaları və MSK-nın qəbul etdiyi təlimat, izah və qaydalar əsasında hazırlanan Yaddaş kitabçası seçki subyektlərinə çatdırılması üçün aidiyyəti ünvanlara paylanıldı, habelə Komissiyanın internet səhifəsində yerləşdirildi.

Prezident seçkiləri ilə əlaqədar müşahidəçilərin maarifləndirilməsi məqsədi ilə "Müşahidəçilər üçün yaddaş” kitabçası da dərc edildi. Nəşrdə müşahidə aparılmasının prinsipləri əks olunur, eyni zamanda, müşahidəçilərin hüquq və vəzifələri izah edilirdi. Kitabçada müşahidəçilərin riayət etməli olduğu, həmçinin onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumatlar verilmişdi. Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında Azərbaycan, ingilis və rus dillərində çap olundu, internet səhifəsində yerləşdirildi və beynəlxalq müşahidəçilərə çatdırılması üçün müvafiq qurumlara, eləcə də yerli müşahidəçilərə paylanması məqsədi ilə DSK-lara, siyasi partiyalara və müşahidə prosesində iştirak edən digər təşkilatlara təqdim olundu.

Prezident seçkilərində "Polis əməkdaşları üçün yaddaş kitabçası” da çap olundu. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə hazırlanan nəşrdə polis əməkdaşlarının seçkiqabağı təşviqat dövründə, seçki günü, habelə seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində öz xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər, eləcə də rol və vəzifələri barədə ətraflı məlumat verilmişdi. Yaddaş kitabçası polis əməkdaşlarına çatdırılması üçün aidiyyəti qurumlara və aşağı seçki komissiyalarına paylanıldı, o cümlədən Komissiyanın internet saytına qoyuldu.

İctimaiyyətin məlumatlandırılması

Prezident seçkilərinə ictimaiyyətin daim nümayiş etdirdiyi böyük diqqət və marağı nəzərə alaraq, MSK seçkilər təyin olunduqdan sonra media ilə əlaqələrini daha da intensivləşdirdi, effektiv və məqsədyönlü fəaliyyət sərgilədi. Seçki hazırlıqları istiqamətində atılan addımların və görülən işlərin şəffaflığının təmin edilməsi məqsədilə MSK bütün maraqlı seçki subyektləri ilə yanaşı, media nümayəndələri üçün də tam açıq oldu. İllər ərzində formalaşmış ənənəyə uyğun qaydada, Komissiyanın iclasları və həyata keçirdiyi layihələrin vaxtı barədə media qurumları əvvəlcədən məlumatlandırılaraq mütəmadi qaydada tədbirlərə dəvət olundu və lazımi informasiya əldə etdilər. Ölkə ictimaiyyətinin seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı məlumatlandırılması məqsədilə seçkilər təyin olunduğu gündən MSK tərəfindən müxtəlif aktual mövzuları əhatə edən brifinqlər keçirildi, reallaşdırılan bütün layihələr barədə mətbuat bülletenləri dərc olundu və mediaya məlumatlar çatdırıldı. Audiovizual, elektron və rəqəmsal formada fəaliyyət göstərən, habelə çap mediası bütün seçki kampaniyası boyunca MSK-nın iclaslarına, təşkil edilmiş tədbirlərə və qəbul olunmuş sənədlərə geniş yer ayırdı, yüzlərlə müxtəlif xarakterli məlumat və materiallar yayıldı. Mediada MSK sədrinin, Komissiya üzvlərinin və Katiblik təmsilçilərinin də demək olar ki, hər gün çoxsaylı açıqlamaları əks olundu, jurnalistləri maraqlandıran məsələlərə aydınlıq gətirildi və həyata keçirilən layihələr, seçkilərə hazırlıq istiqamətində görülən işlərlə bağlı ətraflı məlumat verildi.

MSK-nın bütün qərarları və təsdiq etdiyi digər normativ-hüquqi sənədlər, qanunvericiliyin tələbinə əsasən "Azərbaycan” qəzetində dərc edildi və MSK-nın rəsmi internet səhifəsində yerləşdirildi. Seçkilərə start verildiyi gündən başlayaraq İctimai televiziyada hər həftə tamaşaçılar üçün daha baxımlı vaxtda efirə gedən "Diqqət Mərkəzi: Xalq seçir” adlı maarifləndirmə proqramında MSK üzvləri və Katibliyin əməkdaşları Prezident seçkiləri ilə əlaqədar fərqli aktual mövzularla tamaşaçılar qarşısında çıxış etdilər. Bundan başqa, "Azərbaycan” qəzetində MSK təmsilçilərinin mütəmadi olaraq seçkilərin müxtəlif mərhələləri ilə bağlı bir sıra zəruri məsələlərə həsr olunan hüquqi maarifləndirmə xarakterli geniş həcmli məqalələri dərc edildi.

Aşağı seçki komissiyalarının təmsilçiləri də mediada çıxış edərək, jurnalistlər tərəfindən ünvanlanan sualları cavablandırmaqla seçki dairəsi çərçivəsində görülmüş işlər, yerlərdə seçkilərə hazırlıq prosesləri ilə bağlı seçiciləri və ictimaiyyəti məlumatlandırdılar.

MSK-nın 16 ildir ki, fəaliyyət göstərən və seçki subyektlərinin etibarlı məlumat mənbəyinə çevrilən 115 nömrəli qaynar xəttinin də ictimaiyyətin məlumatlandırılmasında əhəmiyyətli rolu oldu. İstər avtomatlaşdırılmış telefon, istərsə də elektron qaynar xətlərə Prezident seçkiləri ərzində daxil olan bütün müraciətlər dərhal cavablandırıldı və operativ şəkildə müvafiq addımlar atıldı. Ünvanlanan müraciətlərin əksəriyyətini seçici siyahılarında adların yoxlanılmasına dair suallar, seçki məntəqələrinin ünvanlarına dair sorğular, səsvermə prosedurları və digər hüquqi məsələlər təşkil edirdi.

İctimaiyyətin məlumatlandırılmasında onlayn platformaların imkanlarından da geniş istifadə edildi. Bu prosesdə xüsusilə mühüm rolu olan MSK-nın internet səhifəsi seçkilər dövründə tamamilə yenilənərək istifadəyə verildi. Yeni forma və dizaynda təqdim olunan səhifə daha yüksək funksionallığı, informasiya bolluğunu, çevik və sistemli fəaliyyəti təmin etməklə bərabər, seçkilərlə bağlı istənilən məlumatın asanlıqla alınmasında da hər kəs üçün əlçatan və səmərəli oldu. İnternet səhifəsində (www.msk.gov.az, www.cec.gov.az, www.infocenter.gov.az) seçkilərə dair bütün məlumatlar mütəmadi olaraq yerləşdirildi. Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, MSK tərəfindən qəbul olunan bütün təlimat, qayda, izah və qərarlar (Komissiyanın iclaslarından dərhal sonra) Azərbaycan və ingilis dillərində internet səhifəsinə qoyuldu. MSK-nın fəaliyyəti ilə əlaqədar, eləcə də əvvəlki seçkilərlə bağlı məlumatlar, daxil olmuş şikayət və müraciətlərə dair Ekspert qrupu üzvləri tərəfindən verilmiş rəylər və iclaslardan dərhal sonra isə MSK-nın müvafiq qərarları, habelə iclaslara dair mətbuat bülletenləri Azərbaycan və ingilis dillərində yerli və beynəlxalq ictimaiyyətə təqdim olundu. Bundan başqa seçki dairələrinin və seçki məntəqələrinin dislokasiyası, seçicilərin axtarış sistemi, xüsusi naviqasiyalı proqram təminatı vasitəsilə seçicilərin öz məntəqəsinə gedişi, prezidentliyə namizədlərin irəli sürülməsi və qeydə alınması barədə məlumatlar, həmçinin seçki günü seçki dairələri üzrə seçicilərin fəallığı və lider namizədlər haqqında ilkin məlumatlar, seçki dairələrinin və seçki məntəqələrinin protokol məlumatları, seçki komissiyalarının tərkibi, ünvanı, əlaqə məlumatları, seçki məntəqələrinin ünvanı və xəritəsi, seçicilərin siyahısı, seçkiqabağı təşviqatla əlaqədar məlumatlar, mətbuat bülletenləri və maraq kəsb edən digər informasiyalar da internet səhifəsi vasitəsilə ictimailəşdirildi.

Prezident seçkilərinə dair hər bir lazımi məlumatın yerləşdirildiyi və mütəmadi yenilənən internet səhifəsi seçki prosesi boyunca istifadəçilərin ixtiyarında idi. Arzu edənlər asanlıqla səhifəyə daxil olaraq, istədikləri müxtəlif məlumatları əldə edirdilər. Qeyd etmək lazımdır ki, seçkilər rəsmən təyin edildiyini gündən – 2023-cü il dekabrın   7-dən 2024-cü il fevralın 8-dək MSK-nın internet səhifəsinə 4400000-dən artıq istifadəçi baxışı oldu. Təkcə seçki günü bu rəqəm 650000-dən yuxarı idi. Komissiyanın sosial şəbəkələrdəki səhifələri də seçki kampaniyası boyunca aktiv fəaliyyət göstərdi, məlumatlar davamlı şəkildə paralel olaraq bu səhifələrdə də yerləşdirildi.

MSK əvvəlki illərdə keçirilən seçkilərdə olduğu kimi, fərqli statuslu seçki iştirakçılarının fəaliyyətinin asanlaşdırılması və onlara hərtərəfli kömək göstərilməsi, o cümlədən ictimaiyyətin seçkilərlə bağlı dolğun və operativ məlumatlandırılması məqsədi daşıyan layihə çərçivəsində Prezident seçkilərində də Müstəqil Media Mərkəzi yaratdı. Yanvarın 17-də MSK sədrinin də bilavasitə iştirakı ilə rəsmi açılışdan sonra “Seçki-2024” Müstəqil Media Mərkəzi ictimaiyyətə təqdim olundu. Seçkilər dövründə fasiləsiz fəaliyyət göstərən Mərkəzdə media mənsublarına informasiya kommunikasiya texnologiyalarının hazırkı vasitələrindən, eləcə də pulsuz və yüksək sürətli internetdən istifadəyə tam şərait yaradıldı. Müşahidə missiyaları yaradılan imkandan bəhrələnərək, seçki günü və ondan sonrakı günlərdə Müstəqil Media Mərkəzində mətbuat konfransları keçirdi, seçkilərlə bağlı bəyanat və təəssüratlarını ictimaiyyətlə bölüşdülər. Mərkəzin www.secki-2024.az internet səhifəsi də Azərbaycan, rus və ingilis dillərində mütəmadi şəkildə fəaliyyət göstərərək, seçki prosesi barədə müxtəlif informasiyaların, səlahiyyətli şəxslərin və ekspertlərin rəy, açıqlama və bəyanatlarının, habelə foto və video görüntülərin operativ şəkildə geniş ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynadı.

Seçkilərdə aşkarlıq və şəffaflıq

Azərbaycanda keçirilən seçkilər, xüsusilə Prezident seçkiləri daim böyük maraq kəsb etməklə, yerli və beynəlxalq ictimaiyyətin ciddi diqqət mərkəzində olur. Məhz bu səbəbdən də seçkilər mütəmadi olaraq genişmiqyaslı yerli və beynəlxalq müşahidə missiyaları tərəfindən izlənilir. Seçki Məcəlləsində nəzərdə tutulan müşahidəçilərin kifayət qədər sadə qeydiyyatı proseduru istənilən şəxsin, yaxud təşkilatın asanlıqla müvafiq qurumlar tərəfindən akkreditə olunaraq prosesi izləməsinə tam şərait yaradır ki, bu da bilavasitə şəffaflığın təmin olunmasına dəlalət edir.

Prezident seçkilərində şəffaflığın təmin olunması üçün MSK başda olmaqla, bütün aidiyyəti qurumlar tərəfindən lazımi tədbirlər görüldü. Ölkəmizdə 2008-ci ildən başlayaraq geniş tətbiq olunan və internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi Prezident seçkilərində də tətbiq edildi. Seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün digər vasitələrlə yanaşı, bütün respublika coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində veb-kameralar quraşdırıldı. Bu məsələyə Komissiyanın iclasında baxılaraq müvafiq qərar qəbul edildi və veb-kameralar quraşdırılan məntəqələrin siyahısı dərc olundu, eləcə də MSK-nın rəsmi internet səhifəsində yerləşdirildi.

Qeyd etmək lazımdır ki, səsvermə günü seçki məntəqələrində proseslərin birbaşa izlənilməsi, keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin olunması üçün veb-kameraların tənzimlənməsi və digər texniki parametrlərinin gücləndirilməsi Prezident seçkilərində xüsusi diqqətdə saxlanılaraq daha da təkmilləşdirildi. Belə ki, veb-kameraların müşahidə sistemi tam yenilənərək yeni nəsil müşahidə sistemi tətbiq olundu və əvvəlki illərdəkindən 2 dəfə daha yüksək görüntü effektinə, optimal şəbəkə utilizasiyasına, avtofokuslama və s. kimi mühüm xüsusiyyətlərə malik kameralar quraşdırıldı. Həm müşahidə sisteminin avadanlıq və proqram təminatı baxımından komponentləri, həm də səsvermə günü seçki məntəqələrindəki prosesləri canlı izləmək üçün nəzərdə tutulan internet səhifəsi tam şəkildə yeniləndi.

Yanvarın 31-də MSK, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəhbərliyi Komissiyanın inzibati binasında yerləşən veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirdi, seçkilərin şəffaflığının təmin edilməsində müstəsna əhəmiyyəti olan veb-kameraların quraşdırılması istiqamətində son hazırlıq işləri ilə tanış oldular. Seçki günü internet istifadəçiləri istər ölkə daxilindən, istərsə xaricdən MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan bu veb-kameralar vasitəsilə seçki məntəqəsindəki bütün prosesləri - səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən, əvvəldən-axıradək canlı müşahidə edirdilər. Seçki günü veb-kameralara ölkə daxilindən və xaricdən 470000-ə yaxın baxış oldu.

Prezident seçkilərinə böyük sayda müşahidəçi qatılması proseslərin geniş ictimaiyyətin maraq dairəsində olduğunu göstərdi. Seçkiləri izləmək niyyətində olan aktiv seçki hüququna malik hər bir şəxs olduqca sadə prosedurla - hazır formanı doldurub, iki fotoşəkil əlavə etməklə MSK və ya dairə seçki komissiyalarına müraciət edib sərbəst və maneəsiz şəkildə akkreditasiyadan keçərək, seçkiləri müşahidə etmək hüququ əldə etdi. Bu cür asan və rahat prosedur maraqlı şəxslərin kütləvi şəkildə müşahidəçi qismində seçkilərə qatılmasına və şəffaflığın daha da yüksəldilməsinə zəmin yaratdı.

Seçkiləri izləmək üçün ümumilikdə 89366 yerli müşahidəçi qeydiyyatdan keçdi. Bütün respublika ərazisində müşahidə aparmaq niyyəti ilə MSK tərəfindən qeydiyyatdan keçmiş 5405 yerli müşahidəçidən 3308 nəfər 19 qeyri-hökumət təşkilatının, 250 nəfər siyasi partiyanın, 1721 nəfər öz təşəbbüsü ilə akkreditasiya olundu. Həmçinin siyasi partiyanın təşəbbüsü ilə MSK və dairə seçki komissiyalarının hər birində 1 nəfər olmaqla, 126 nəfər də xüsusi icazə alaraq komissiyaların iclaslarında iştirak hüququ əldə etdi. Yerli müşahidəçilərin digər bir qrupu isə müəyyən seçki dairəsi hüdudları daxilində müşahidə aparmaq üçün müvafiq DSK-lar tərəfindən akkreditə olundu. Bu kateqoriyadan olan müşahidəçilərin sayı isə 83961 idi ki, bunlardan da 32584 nəfər 19 siyasi partiyanı, 2250 nəfər 36 qeyri-hökumət təşkilatını, 12831 nəfər prezidentliyə namizədləri təmsil edirdi, 36296 nəfər isə öz təşəbbüsü ilə seçkilərin müşahidəsi prosesinə qatılmışdı. Seçkilərdə siyasi partiyalar tərəfindən aşağı seçki komissiyalarına 6351 nəfər məşvərətçi səs hüquqlu komissiya üzvü də təyin olundu ki, onlar da müşahidəçi statusu olan subyektlər kimi istər seçki komissiyalarının iclaslarında, istərsə də seçkilərlə bağlı digər proseslərdə yaxından iştirak etdilər.

Yeri gəlmişkən vurğulamaq lazımdır ki, əsas məramı siyasi proseslərdə iştirak olan siyasi partiyaların müxtəlif statuslarla Prezident seçkilərində fəal iştirakı aydın görünürdü. Seçkilərə öz namizədləri ilə qatılmayan siyasi partiyalar belə Prezident seçkilərinə ciddi maraq göstərirdi. Siyasi partiyalar kifayət qədər böyük sayda müşahidəçi və məşvərətçi səs hüquqlu komissiya üzvü ilə şəffaflığın təmin olunmasında yüksək fəallıq nümayiş etdirirdilər. Belə ki, MSK və dairə seçki komissiyalarında akkreditasiyadan keçən müşahidəçilərin 51000-dən çoxu namizədləri qeydə alınan 5 siyasi partiya da daxil olmaqla, 19 siyasi partiyanın və öz təşəbbüsü ilə seçkilərə qatılan namizədlərin təmsilçiləri idi.

Eyni zamanda seçkilərdə şəffaflığın təmin olunmasında qeyri-hökumət təşkilatları da yüksək fəallıq göstərdilər və bütövlükdə 83 qeyri-hökumət təşkilatı, vətəndaş cəmiyyəti institutu və ictimai birliklərin 7000-ə yaxın müşahidəçisi aktiv şəkildə seçkilərin müşahidəsinə qoşuldu.

Prezident seçkilərində 72 beynəlxalq (xarici) təşkilat və 89 ölkəni təmsil edən 790 beynəlxalq müşahidəçi də iştirak etdi. Həm yerli, həm də beynəlxalq müşahidəçilər müvafiq lövhəciklərlə təmin olundu, yerli və beynəlxalq müşahidəçilərə “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də beynəlxalq müşahidəçilərə ingilis və rus dilində Seçki Məcəlləsi və "Müşahidəçilər üçün yaddaş” kitabçası təqdim edildi. MSK-nın iclaslarından və həyata keçirdiyi bütün tədbirlərdən əvvəl media qurumları ilə yanaşı, respublikadakı beynəlxalq (xarici) müşahidə missiyaları, beynəlxalq təşkilatlar, diplomatik nümayəndəliklər də məlumatlandırılaraq dəvət edildi və iştirakları təmin olundu.

Seçkilərin izlənilməsində iştirak etmək üçün 110 aparıcı xarici media qurumunun 217 təmsilçisi də MSK tərəfindən müvafiq lövhəciklə təmin edildi və onlar dünya ictimaiyyətinin seçkilərlə bağlı məlumatlandırılmasında mühüm rol oynadılar. Yerli media nümayəndələri isə heç bir qeydiyyat tələb olunmadan, seçkilər elan olunduğu gündən səsvermə günü və ondan sonrakı dövr də daxil olmaqla, seçkilərlə bağlı bütün proseslərin izlənməsində fəal iştirak etdilər.

Prezident seçkilərində qanunvericiliyin tələbinə uyğun olaraq, exit-poll keçirmək məqsədi ilə MSK-ya ünvanlanan bütün müraciətlərə Komissiyanın iclaslarında aparılan müzakirələrdən sonra müsbət reaksiya verildi və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (“Oracle Advisory Group” (Amerika Birləşmiş Ştatları) ilə birgə)”, “Rəy” Monitorinq Mərkəzi və “Sosioloji Tədqiqatlar Mərkəzi” MMC exit-poll keçirmək üçün qeydə alındılar. Seçki günü bu qurumlar tərəfindən aparılan sorğuların nəticələri MSK-nın rəsmi nəticələri ilə, xəta əmsalı nəzərə alınmaqla, demək olar ki, üst-üstə düşdü.

Prezidentliyə namizədlərin irəli sürülməsi və qeydə alınması

Prezident seçkiləri təyin olunduqdan sonra namizəd qismində iştirak etmək niyyətində olan şəxslər həm siyasi partiyaların təşəbbüsü ilə, həm də öz təşəbbüsləri ilə seçkilərə qatıldılar. Ümumilikdə 17 iddiaçı (5-i siyasi partiyalar tərəfindən, 12-si isə öz təşəbbüsü ilə) namizədliklərinin irəli sürülməsinin təsdiq edilməsi üçün tələb olunan müvafiq sənədləri MSK-ya təqdim etdi, namizədliklərinin irəli sürülməsi təsdiq olunaraq onlara imza vərəqələri verildi. Namizədliyinin irəli sürülməsi təsdiq olunan 17 iddiaçıdan 10-u imza vərəqələrini ümumiyyətlə geri qaytarmadı. İmza vərəqələrini və ona əlavə olunmuş sənədləri geri qaytaran 7 nəfərin hamısının namizədliyi qeydə alındı ki, onlardan 5-nin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülmüşdü, 2-si isə öz təşəbbüsü ilə namizəd qismində seçkilərdə iştirak edirdi.

Qeyd etmək lazımdır ki, istər siyasi partiyaların təşəbbüsü ilə, istərsə də öz təşəbbüsləri ilə seçkilərə namizəd qismində qatılmaq niyyəti olan şəxslərə MSK tərəfindən namizədliyin irəli sürülməsi və qeydə alınması prosesində lazım olan hazır formalar təqdim edilirdi ki, bu da prosedurların sadələşdirilməsinə və namizəd qismində iştirak etmək niyyətində olan vətəndaşların fəaliyyətinin daha da asanlaşdırılmasına imkan yaradırdı.

Namizədlərin sənədlərinin yoxlanılması prosesi bütün maraqlı şəxslər üçün şəffaf şəkildə aparılaraq ictimaiyyətə tam açıq oldu. Belə ki, siyasi partiyaların, prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələri, yerli və beynəlxalq müşahidəçilər, media və vətəndaş cəmiyyəti təmsilçiləri mütəmadi şəkildə yoxlama prosesinə dəvət edildi, istənilən an prosesləri birbaşa izləmək niyyətində olan tərəflərə tam şərait yaradıldı.

Prezidentliyə namizədlərin qeydiyyatı prosesinin gedişi və seçkilərə qatılan namizədlər haqqında məlumatlar MSK-nın rəsmi internet səhifəsində hər kəs üçün açıq platformada yerləşdirilərək aşkarlıq və şəffaflıq tam təmin olundu. Namizədliyin irəli sürülməsi və təsdiqi, imza vərəqələrinin götürülməsi, qaytarılması və qeydə alınması da daxil olmaqla, bütün mərhələlər barədə məlumatlar operativ şəkildə MSK-nın saytına qoyulurdu. Statistik göstərici və qeydlər gündəlik yenilənməklə istər seçki prosesinin iştirakçıları, istərsə də ictimaiyyətin proses barədə aydın və ətraflı məlumat almasında mühüm rol oynayırdı.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, prezidentliyə qeydə alınmış namizədlər seçki fondlarının gəlir və xərclərinin maliyyə hesabatlarını MSK-ya təqdim etdilər və hesabatlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə MSK-nın rəsmi internet səhifəsində yerləşdirilməklə ictimailəşdirildi.

Prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin forması və sayı 2023-cü il dekabrın 30-da MSK-nın qərarı ilə təsdiq edildi, 2024-cü il yanvarın 24-dən etibarən seçki bülletenlərinin çapına başlanıldı. Ümumilikdə 6524203 seçki bülleteni beynəlxalq müşahidə missiyalarının, beynəlxalq və xarici qurumların, habelə media nümayəndələrinin də iştirakı üçün yaradılan hərtərəfli şəraitdə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada vaxtında çap olundu. Seçki bülletenləri yanvarın 30-dan etibarən səsvermənin nəticələrinə dair dairə və məntəqə seçki komissiyalarının yekun protokolları ilə birlikdə dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına paylanıldı. Həmçinin müşahidəçilər və digər maraqlı seçki subyektlərinə təqdim edilməsi üçün yekun protokolların nümunəsi də, hər birinə 30 nüsxə olmaqla, məntəqə seçki komissiyalarına verildi.

Seçkiqabağı təşviqat

Namizədlərin qeydiyyatı prosesi başa çatdıqdan sonra seçkiqabağı təşviqat mərhələsi başladı. Eyni imkanlı seçkiqabağı təşviqatın təmin olunması və namizədlər üçün bərabər şəraitin yaradılması məqsədilə MSK başda olmaqla aşağı seçki komissiyaları və digər əlaqədar qurumlar tərəfindən öz səlahiyyətləri daxilində bütün tədbirlər görülərək ardıcıl və sistemli şəkildə məqsədyönlü addımlar atıldı, azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün ölkə ərazisində bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat mühiti yaradıldı. Belə ki, MSK-nın qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətində Seçki Məcəlləsində nəzərdə tutulandan 2 dəfə artıq - həftəlik 6 saat (3 saat televiziyada, 3 saat radioda) olmaqla namizədlərin öz seçki ismarışlarını seçicilərinə çatdırması üçün “dəyirmi masa” formatına uyğun ödənişsiz efir vaxtı ayrıldı.

Qeyd etmək lazımdır ki, prezidentliyə namizədlərin və namizədləri qeydə alınmış siyasi partiyaların MSK-ya müraciətləri nəzərə alındı, onların təşəbbüs və istəklərinə uyğun olaraq hər bir efir vaxtı üçün ayrıca mövzular müəyyənləşdirildi, ödənişsiz efir vaxtı həm televiziyada, həm də radioda namizədlərin arzusuna əsasən onların öz seçkiqabağı təşviqatlarını effektiv aparmaları üçün həftənin əlverişli günlərinə və seçicilər üçün daha baxımlı vaxta təyin edildi. Namizədlərin debatları müntəzəm olaraq həftədə 3 gün hər dəfə 1 saat olmaqla saat 21:00-da televiziya izləyicilərinə, 3 gün isə hər dəfə 1 saat olmaqla saat 21:00-da radio dinləyicilərinə təqdim olundu. Həmçinin, debatlar ilk dəfə İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəsmi sosial media hesabından birbaşa yayımlandı ki, bu da namizədlərin seçkiqabağı platformasının daha geniş auditoriyaya çatdırılmasında əlavə bir vasitə kimi mühüm rol oynadı.

Namizədlərin  azad seçkiqabağı təşviqatı üçün “Azərbaycan” qəzeti, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzetlərindən əlavə, “Respublika” qəzetində də dərc imkanı yaradıldı və beləliklə, ödənişsiz əsaslarla seçkiqabağı təşviqat aparılan dövri nəşrlərin sayı 4-ə çatdırıldı. Ödənişli əsaslarla seçkiqabağı təşviqata qoşulmaq məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada mediadan daxil olan 44 müraciətin də hamısı təmin edildi, təqdim olunmuş bütün məlumatlar Komissiyanın rəsmi internet səhifəsində yerləşdirilməklə ictimailəşdirildi və bütün namizədlər üçün şərtlərin bərabərliyi prinsipi daim diqqətdə saxlanıldı. Qeyd etmək lazımdır ki, əvvəlki illərlə müqayisədə media bu seçkilərdə ödənişli əsaslarla seçkiqabağı təşviqat mərhələsinə qoşulmaqda xüsusilə fəallıq nümayiş etdirdilər.

Bütün bunlarla yanaşı, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, seçkiqabağı təşviqat tədbirləri çərçivəsində təşviqat subyektlərinin seçicilərlə görüşləri üçün ilkin mərhələdə respublikanın şəhər və rayonlarında 139-u açıq, 142-si qapalı olmaqla, ümumilikdə 281 ödənişsiz yer ayrıldı. Ardınca isə daha geniş imkanlar təmin olunması məqsədilə demək olar ki, ölkənin əksər yaşayış məntəqələrini əhatə edən 4420 əlavə ödənişsiz görüş yerləri də təşviqat subyektlərinin sərəncamına verildi. Prezidentliyə namizədlər və namizədi qeydə alınan siyasi partiyalar bu açıq və qapalı görüş yerlərindən tam ödənişsiz və heç bir icazə tələbi olmadan qanunvericiliyə uyğun qaydada istifadə etməklə öz seçiciləri ilə görüşlər keçirir, onlara ismarışlarını çatdırır və seçkiqabağı platformalarını sərgiləyirdilər.

Təşviqat materiallarının yerləşdirilməsi üçün bütün seçki məntəqələrinin ərazisi əhatə olunmaqla quraşdırılmış on mindən artıq böyük ölçülü lövhələr də prezidentliyə namizədlərin və namizədi qeydə alınan siyasi partiyaların ixtiyarında idi. Seçkiqabağı təşviqat subyektləri yaradılan bütün bu imkanlar və bərabər şəraitdən azad, sərbəst şəkildə və səmərəli istifadə etdilər. Yanvarın 15-dən start götürən seçkiqabağı təşviqat kampaniyası bütövlükdə müasir tələblərə cavab verən şəraitdə keçdi və fevralın 6-sı saat 8:00-da başa çatdı.

Seçki günü

Prezident seçkiləri 125 seçki dairəsi üzrə 6319-u daimi, 218-i müvəqqəti olmaqla, ümumilikdə 6537 seçki məntəqəsində keçirildi. Məntəqələrdən 47-si işğaldan azad olunmuş ərazilərdə, 49-u Azərbaycanın 37 xarici ölkədəki səfirlik, konsulluq və diplomatik nümayəndəliklərində yerləşirdi. Seçki günü – fevralın 7-si saat 8:00-da bütün ölkə üzrə səsvermə başlandı, seçicilər yüksək fəallıqla seçki məntəqələrinə gələrək azad, sərbəst şəkildə öz konstitusion hüquqlarını reallaşdırdı və ümumilikdə ölkə üzrə seçicilərin 76,43 faizi səsvermədə iştirak etdi.

Gün ərzində 5 dəfə - saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da seçicilərin fəallığı barədə məlumatlar Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi şəbəkəsi üzərindən xüsusi proqram təminatı vasitəsi ilə birbaşa MSK-ya ötürülərək ictimailəşdirildi və Komissiyanın internet səhifəsində yerləşdirildi. Respublikada fəaliyyət göstərən televiziya kanalları gün ərzində MSK və aşağı seçki komissiyalarının fəaliyyətini işıqlandırmaq üçün canlı müsahibə və xəbər buraxılışları yayımladı, eləcə də MSK-ya daxil olan məlumatların işlənməsində birbaşa iştirak etdilər. Seçki məntəqələri bağlandıqdan sonra fasiləsiz olaraq səslərin hesablanması həyata keçirildi və seçki məntəqələri üzrə nəticələrin müəyyənləşdirilməsinə yekun vurulduqca məntəqə seçki komissiyalarının protokol məlumatları operativ şəkildə MSK-nın internet səhifəsinə daxil olmaqla ictimailəşdirildi. Seçki məntəqələri bağlandıqdan bir neçə saat sonra məntəqələrin mütləq əksəriyyətindən daxil olmuş məlumatlar əsasında səsvermənin ilkin nəticələri ictimaiyyətə çatdırıldı.

Səsvermə günü MSK-ya heç bir rəsmi müraciət və ya şikayət daxil olmadı. Komissiyanın qaynar xəttinə və elektron poçt ünvanlarına daxil olan sorğu və məlumat xarakterli müraciətlər isə operativ şəkildə reaksiya verilməklə cavablandırıldı və müvafiq addımlar atıldı.

Seçki hüququ ilə bağlı müraciət və şikayətlərə baxılması

Prezident seçkiləri rəsmən təyin olunduqdan dərhal sonra vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün seçki hüququnun pozulması ilə əlaqədar müraciətlərin obyektiv, qərəzsiz və operativ araşdırılması məqsədilə Seçki Məcəlləsinə və MSK-nın nüfuzlu beynəlxalq təşkilatlarla birgə işləyib hazırladığı müvafiq Təlimata əsasən MSK üzvlərindən və peşəkar hüquqşünaslardan ibarət Ekspert qrupu yaradıldı. Ekspert qrupları, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə dairə seçki komissiyalarında da təsis olundu.

Qeyd etmək lazımdır ki, bütün seçki kampaniyası boyunca MSK-ya cəmi 1 şikayət daxil oldu və həmin şikayətlə bağlı operativ qaydada müvafiq tədbirlər görüldü. Hərtərəfli araşdırma əsnasında, seçki prosesinin əvvəllərində daxil olmuş bu şikayətin əsassız olduğu aşkarlandı. Seçki günü və ondan sonrakı günlər də daxil olmaqla, MSK-ya və aşağı seçki komissiyalarına hər hansı qanun pozuntusu barədə heç bir şikayət daxil olmadı. Ümumiyyətlə, MSK seçkilərlə bağlı istənilən müraciətə xüsusi həssas münasibət sərgiləyirdi. Telefon və elektron qaynar xəttlər də daxil olmaqla, ənənəvi və onlayn vasitələr üzərindən bir çox kanallar asanlıqla müraciət ünvanlanması üçün ölkə vətəndaşlarının ixtiyarında idi.

Seçkilərə yekun vurulması

Seçki günü səsvermə başa çatdıqdan sonra səsvermənin nəticələrinə dair yekun protokollar və digər seçki sənədləri qanunla müəyyən olunmuş müddətdə və qaydada məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına, oradan isə MSK-ya təqdim edildi. Dairə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları və onlara əlavə edilmiş sənədlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə tam, hərtərəfli və obyektiv surətdə yoxlanıldı. Həmçinin seçki günü müxtəlif mənbələr tərəfindən səsləndirilən, hətta onlayn platformalarda və sosial şəbəkələrdə olan cüzi sayda məlumatlarda yer alan iddialar belə fərqli alternativ resurslar, eləcə də seçki məntəqələrində quraşdırılmış veb-kamera görüntülərindən istifadə edilməklə mümkün qədər geniş və hərtərəfli araşdırıldı.

2024-cü il fevralın 11-də MSK-nın iclasında növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə yekun vuruldu, səsvermənin ümumi yekunlarına dair MSK-nın protokolu tərtib olundu və bütün üzvlər tərəfindən imzalanaraq təsdiqləndi. Komissiya, həmçinin seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən qanun pozuntuları aşkarlanan 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 38 saylı, 61 saylı Qusar seçki dairəsinin 7 və 27 saylı, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin 9 saylı, 68 saylı Sabirabad-Şirvan seçki dairəsinin 2 saylı, 77 saylı Lənkəran şəhər seçki dairəsinin 7 və 31 saylı, 92 saylı Göyçay-Ağdaş seçki dairəsinin 6 saylı, 99 saylı Bərdə seçki dairəsinin 2 saylı, 114 saylı Şəki şəhər seçki dairəsinin 1 saylı və 115 saylı Şəki kənd seçki dairəsinin 6 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrini etibarsız hesab edilməsinə və həmin seçki məntəqələrinin məntəqə seçki komissiyalarının buraxılmasına qərar verdi.

Komissiyanın qərarı ilə Seçki Məcəlləsinin tələbinə uyğun olaraq MSK-nın Protokolu müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün həmin gün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olundu. Konstitusiya Məhkəməsi Plenumunun fevralın 13-də keçirilən iclasında növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri rəsmən təsdiq edildi.