Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının bəyanatı
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının
B Ə Y A N A T I
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi
və ətraf yeddi rayonu işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti
nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə
çevrilmişdir.
Ermənistanın işğalı
nəticəsində Azərbaycan
Respublikasının vətəndaşları olan Dağlıq Qarabağ bölgəsinin erməni icması digər
konstitusion hüquqları ilə yanaşı, seçki hüquqlarından da məhrum olmuşdur.
Ermənistan bu ərazilərdə dəfələrlə saxta seçki şousu yaratmağa cəhd
göstərmişdir. Azərbaycan ərazilərində seçkilərin keçirilməsinin əsasını Azərbaycan Konstitusiyası və
Seçki Məcəlləsi təşkil etdiyi üçün bu "seçkilər” qeyri-legitimdir və beynəlxalq
ictimaiyyət tərəfindən tanınmır.
Ermənistanın hərbi təcavüzü nəticəsində ölkə
ərazisindəki 125 seçki dairəsindən 7-nin ərazisi tamamilə, 3 seçki dairəsi ərazisinin isə bir
hissəsi işğal altındadır. Bununla yanaşı digər 4 seçki dairəsi ərazisində də
məcburi köçkün məntəqələri mövcuddur. Doğma torpaqlarından zorla didərgin
salınmış məcburi köçkün vətəndaşlarımızın Azərbaycan Respublikasının Milli Məclisinə
2020-ci il fevralın 9-na təyin edilmiş seçkilərdə öz konstitusion hüquqlarından
istifadə edə bilmələri üçün 523 seçki məntəqəsi yaradılıb və respublika
ərazisində fəaliyyət göstərən digər seçki məntəqələri kimi bu məntəqələr də seçki gününə tam hazır
vəziyyətə gətirilib. Məcburi köçkün vətəndaşlarımızın respublikanın bütün regionlarına
səpələnməsi onların səsverməsinin təşkilini nə qədər çətinləşdirsə də, böyük
zəhmət və gərgin iş sayəsində bu qəbildən olan vətəndaşlarımızın da səsvermə hüquqlarınıntamtəmin edilməsi üçün
geniş şərait və hərtərəfli imkan yaradılıb.
İndiyə qədər ölkəmizdə keçirilən seçki və
referendumlarda Ermənistanın təcavüzü nəticəsində öz doğma yurdlarından
didərgin salınan Azərbaycan vətəndaşlarının seçki hüquqlarının təmin olunduğunu və milli mənsubiyyətinə
görə vətəndaşlar arasında heç bir fərq qoyulmadığını diqqətə çatdıraraq,
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bəyan edir ki,
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni əsilli Azərbaycan vətəndaşları da digər
vətəndaşlarımız kimi bu seçkilərdə öz səsvermə hüquqlarından azad və sərbəst
şəkildə istifadə edə bilər və bunun üçün Azərbaycan Respublikası
qanunvericiliyinin tələblərinə uyğun olaraq bütün addımların atılmasına hazırdır.
Bakı şəhəri, 5 fevral 2020-ci il