Prezident seçkiləri ilə əlaqədar veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərinin yüksək səviyyədə təşkil olunub, azad,
ədalətli və şəffaf keçirilməsi üçün nəzərdə tutulan çoxsaylı irimiqyaslı layihələrin
reallaşdırılması istiqamətində atılan addımlar artıq yekunlaşmaq üzrədir.
Martın 28-də Mərkəzi Seçki Komissiyasının sədri
Məzahir Pənahov və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin
Quluzadə Komissiyanın inzibati binasındakı veb-kameralara texniki nəzarət
mərkəzinə baxış keçirib və veb-kameraların quraşdırılması ilə bağlı son
hazırlıq işləri ilə tanış olublar.
Bildirilib ki, indiyədək ölkəmizdə keçirilən bütün
seçkilər çoxsaylı aşkarlıq institutlarının, xüsusilə yerli və beynəlxalq
müşahidəçilərin, yerli və xarici kütləvi informasiya vasitələrinin yaxından
iştirakı ilə xarakterizə olunub. Respublikamızda keçirilən seçkilərdə şəffaflığın
beynəlxalq standartlara uyğun, yüksək səviyyədə təmin olunması üçün digər
vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyalarının ən son
nailiyyətləri də uğurla tətbiq edilir ki, bu da seçkilərlə bağlı bütün prosesləri əvvəldən-axıradək fasiləsiz izləməyə,
azad və maneəsiz müşahidə aparmağa və beləliklə, aşkarlığın daha dolğun
təminatına imkan verir. Azərbaycan müşahidəçilərin sərbəst fəaliyyəti
üçün yaradılan geniş və hərtərəfli imkanlar baxımından nümunə ola bilər.
Bu il də respublikamızın ictimai-siyasi həyatında mühüm
hadisə olan prezident seçkilərində müxtəlif metod və vasitələrdən istifadə
etməklə şəffaflığın təmin olunmasına xüsusi diqqət yetirilib. Azərbaycanda artıq
10 ildir ki uğurla tətbiq olunan və seçki məntəqələrinə getmədən, internet vasitəsilə
səsvermə prosesini birbaşa izləməyə imkan verən veb-kameralardan istifadə
təcrübəsi cari il prezident seçkilərində də davam etdirilir. Seçki günü –
aprelin 11-də seçki məntəqələrində proseslərin tamamilə müşahidə edilməsi
məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində (təqribən
20%) veb-kamera quraşdırılıb. Veb-kameralar vasitəsilə keyfiyyətli və fasiləsiz
yayım imkanlarının təmin edilməsi üçün kameraların quraşdırılması,
tənzimlənməsi və digər texniki parametrlərin daha da təkmilləşdirilməsi mütəmadi
qaydada diqqət mərkəzində saxlanılır. Seçki günü internet istifadəçiləri həm
ölkə daxilindən, həm də ölkə xaricindən MSK-nın rəsmi internet səhifəsinə daxil
olmaqla heç bir qeydiyyat tələb olunmadan səsvermə prosesi, səslərin sayılması
və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən birbaşa müşahidə etmək
imkanına malik olacaqlar.
Mərkəzi Seçki
Komissiyası Katibliyinin
Media
və ictimai əlaqələr şöbəsi
Tədbirdən fotolar
Foto: AZƏRTAC