Mərkəzi Seçki Komissiyasında MDB PA-nın ekspert qrupu ilə görüş olub
Müstəqil Dövlətlər Birliyi Parlament
Assambleyasının (MDB PA) Azərbaycan Respublikasında keçiriləcək prezident
seçkilərinin uzunmüddətli müşahidəsi üzrə ekspert qrupu martın 27-də Mərkəzi
Seçki Kömissiyasında sədr Məzahir Pənahovla görüşüb.
Qonaqları səmimiyyətlə salamlayan sədr
seçkilərdə şəffaflığın təmin olunması baxımından müşahidəçilik institutunun
böyük əhəmiyyət kəsb etdiyini bildirib və MDB Parlament Assambleyasından olan
uzunmüddətli müşahidəçilərin qarşıdan gələn seçkiləri izləməsindən məmnun
olduğunu vurğulayıb.
Qrupun rəhbəri, MDB PA-nın
Demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarının
monitorinqi üzrə Beynəlxalq İnstitutunun direktoru Dmitriy Qladey bildirib ki,
rəhbərlik etdiyi qrup müxtəlif ölkələrin nüfuzlu ekspertlərindən təşkil olunub.
Qrupun məqsədi Azərbaycanda prezident seçkilərinə hazırlığın vəziyyəti ilə
tanış olmaq və aparılan müşahidələrin nəticəsi olaraq hesabat hazırlamaqdır.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir
Pənahov qonaqların xahişi ilə aşağı seçki komissiyalarının üzvləri üçün
treninqlər də daxil olmaqla, həyata keçirilmiş genişmiqyaslı maarifləndirmə
layihələri, seçici siyahılarının dəqiqləşdiriməsi istiqamətində atılmış
addımlar və seçkilərə son hazırlıq işlərindən danışıb, beynəlxalq
müşahidəçiləri maraqlandıran sualları cavablandırıb.
Görüşdə
həmçinin, qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi
də aparılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi
Foto: AZƏRTAC