Mərkəzi Seçki Komissiyası "exit-poll" keçirmək niyyətində olan təşkilatları qeydə alıb
Martın 24-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi
Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 17 mart və 19 mart 2018-ci ildə
keçirilmiş iclaslarının protokolları təsdiq edilib.
Sonra
2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin
seçkilərində Vətəndaşların Əmək
Hüquqlarını Müdafiə Liqası ("AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə), "Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət
və Yardım Mərkəzi ("Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa) ilə
birgə), "ELS” Müstəqil Araşdırmalar Mərkəzi və "Rəy” Monitorinq Mərkəzi
tərəfindən "exit-poll” keçirilməsi niyyəti ilə MSK-ya daxil olan müraciətlərə baxılıb.
Komissiya qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq
araşdırma aparılaraq iclasa çıxarılmış müraciətləri müzakirə etdikdən sonra sözügedən
təşkilatların qarşıdan gələn prezident seçkilərində "exit-poll” keçirmək üçün
qeydə alınması barədə qərar qəbul edib.
2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası
Prezidentinin seçkilərində Azərbaycan Demokrat Partiyası tərəfindən təqdim
olunan vəkil edilmiş şəxslər MSK-nın qərarı ilə qeydə alınıb.
İclasda həmçinin, 21 saylı Nəsimi birinci seçki dairəsi dairə seçki
komissiyasının tərkibində dəyişikliklər olunub.
Beynəlxalq müşahidə missiyalarının və kütləvi informasiya
vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi