Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlayıb
2018-ci il aprelin 11-də keçiriləcək
Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar seçki bülletenlərinin
çapına başlanılıb.
Mərkəzi Seçki Komissiyasının sədri
Məzahir Pənahov və Komissiya üzvləri seçki bülletenlərinin çapına başlanması
ilə bağlı martın 24-də Milli Məclisin Mətbəəsində keçirilən tədbirdə iştirak
ediblər. Seçki bülletenlərinin çap olunması prosesi və bu məqsədlə Mətbəədə
yaradılmış şəraitlə yaxından tanış olan MSK sədri bülletenlərin Seçki
Məcəlləsində nəzərdə tutulmuş vaxtda və qaydada çap edilməsi və aşağı seçki
komissiyalarına verilməsinin dəqiqliklə yerinə yetirilməsi üçün öz
tövsiyələrini verib.
Prezident seçkilərinin iştirakçısı olan
bütün maraqlı subyektlər, beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları və
kütləvi informasiya vasitələri üçün tamamilə açıq və şəffaf həyata keçirilən
proses barədə jurnalistlərə açıqlamasında MSK sədri bildirib ki, seçki bülletenlərinin
mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər Seçki Məcəlləsinə
əsasən MSK-nın qərarı ilə müəyyən olunub. Prezident seçkiləri ilə əlaqədar 5347803
(beş milyon üç yüz qırx yeddi min səkkiz yüz üç) seçki bülleteninin çap
olunması nəzərdə tutulub. Seçki bülletenləri çap olunduqca qanunvericiliklə müəyyən
olunmuş qaydada və müddətdə Mərkəzi Seçki Komissiyasından dairə seçki
komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki
komissiyalarına veriləcək.
Tədbir çərçivəsində MSK sədri kütləvi
informasiya vasitələri üçün təşkil olunan brifinqdə seçkilərin yüksək səviyyədə
təşkil olunub, azad, ədalətli və şəffaf keçirilməsi həyata keçirilmiş layihələr
və son hazırlıq işləri barədə də ətraflı məlumat verib, həmçinin jurnalistlər
tərəfindən ünvanlanmış sualları cavablandırıb.
Seçki bülletenlərinin çap olanması
prosesinin mühafizəsi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti
tərəfindən həyata keçirilir.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və
ictimai əlaqələr şöbəsi
Foto: AZƏRTAC