Mərkəzi Seçki Komissiyasında MDB nümayəndə heyəti ilə görüş keçirilib
Martın 21-də Mərkəzi Seçki Komissiyasının (MSK)
sədri Məzahir Pənahov 2018-ci il aprelin 11-də keçiriləcək Azərbaycan
Respublikası Prezidentinin seçkilərini izləmək üçün Azərbaycanda səfərdə olan Müstəqil
Dövlətlər Birliyinin İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor
Quminskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ölkəmizdə keçirilən seçki prosesinin müşahidəsində daim
yaxından iştirak edən MDB nümayəndə heyətini salamlayan sədr Məzahir Pənahov prezident
seçkiləri ərəfəsində MSK-da keçirilən görüşdən məmnunluğunu bildirib. Sədr həmçinin
qeyd edib ki, beynəlxalq təşkilatlarla və onların müxtəlif qurumları ilə
qarşılıqlı faydalı əməkdaşlığa xüsusi əhəmiyyət verən MSK bu münasibətləri
bundan sonra da davam etdirmək niyyətindədir.
Səmimi qəbula görə minnətdarlığını bildirən
nümayəndə heyətinin rəhbəri Viktor Quminski qarşıdan gələn prezident
seçkilərinə hazırlıqlarla maraqlanıb. MSK sədri M.Pənahov sualları
cavablandıraraq, ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən
seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün gerçəkləşdirilmiş
layihələri və bundan sonra atılacaq addımları diqqətə çatdırıb.
Görüş çərçivəsində həmçinin, seçkilərlə bağlı müxtəlif
sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri və maraq
doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi
Foto: AZƏRTAC