Yanvarın 8-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası
08 yanvar 2009 16:24
Yanvarın 8-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. Əvvəlcə Komissiyanın 13 noyabr 2008-ci il tarixli protokolu təsdiq edilmişdir. Sonra MSK katibi Natiq Məmmədov referendum üzrə təşəbbüs qruplarının təqdim etdikləri imza vərəqələrində və digər sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq üçün işçi qrupunun yaradılmasına dair məsələ barədə məlumat vermişdir. Komissiya qərara almışdır ki, imza vərəqələrində və digər sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin mütəxəssisləri sırasından ekspertlərdən ibarət işçi qrupu yaradılsın. Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov işçi qrupunun rəhbəri təyin edilmişdir. MSK vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə 9 nəfərdən ibarət ekspert qrupunun yaradılması ilə bağlı da qərar qəbul etmişdir. Komissiyanın iclasında bəzi normativ xarakterli aktların layihələri təsdiq edilmişdir. Mərkəzi Seçki Komissiyası 17 saylı Yasamal üçüncü, 46 saylı Şirvan və 84 saylı Füzuli seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik etmişdir. İclasda cari məsələlərə də baxılmışdır. Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin, ABŞ səfirliyinin Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.