Mərkəzi Seçki Komissiyası ümumxalq səsverməsinə (referenduma) yekun vurub
Məzahir
Pənahovun sədrliyi ilə oktyabrın 11-də Mərkəzi Seçki Komissiyasının (MSK)
iclası keçirilib. İclasda 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinə
(referenduma) yekun vurulması və yekunların elan edilməsi məsələsinə baxılıb.
Qeyd
olunub ki, Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2016-cı il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər
edilməsi haqqında” Referendum Aktının layihəsi 2016-cı il sentyabrın 26-da ümumxalq səsverməsinə
(referenduma) çıxarılıb. Referenduma hazırlıq və
onun keçirilməsi prosesi seçki qanunvericiliyinin tələbləri əsas götürülməklə, MSK
tərəfindən təsdiq edilmiş ümumxalq səsverməsinin
(referendumun) hazırlanıb
keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına uyğun
ardıcıl, sistemli və mütəşəkkil qaydada həyata keçirilib. Referendum təyin
edildikdən sonra seçicilərin aktiv seçki hüquqlarının təmin edilməsi məqsədilə
qanunvericilklə müəyyən edilmiş müddətdə dəqiqləşdirmələr aparılması üçün seçki
məntəqələrində yerləşdirilən seçici siyahılarının ölkə üzrə daimi siyahı kimi tərtibində
və ictimailəşdirilməsində hələ ilin əvvəlindən başlanılaraq komissiyalar və
aidiyyəti qurumlar tərəfindən geniş və əhatəli iş aparılıb, nəticədə həmin siyahılar
yüksək dəqiqliklə hazırlanaraq Komissiyanın internet səhifəsində yerləşdirilib.
Eləcə də, seçicilərin referenduma çıxarılan məsələlərlə yaxından tanış edilməsi
istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib, Referendum Aktının layihəsi rəsmi dərc edilərək
Azərbaycan Respublikası Prezidentinin, Mərkəzi Seçki Komissiyasının və bir sıra
digər qurumların internet səhifələrində yerləşdirilib.
Referendum
elan edildikdən qısa müddət sonra Referendum Aktının layihəsi və ümumxalq səsverməsinə
çıxarılan məsələlərin seçicilər üçün daha aydın və anlaşılan olması məqsədilə
Referendum Aktı layihəsinin Konstitusiyanın mövcud variantı ilə müqayisəli şəkildə təqdimatı hazırlanaraq, qanunvericilikdə nəzərdə
tutulmuş 30 gün müddətindən daha tez - səsvermə gününə təxminən 45 gün
qalmışdan başlayaraq aşağı seçki komissiyaları vasitəsilə seçicilərin
ünvanlarına çatdırılıb və arzu edən şəxslərin əldə edə bilmələri üçün hər cür şərait
yaradılıb. Səsvermə günü seçicilərin seçimlərinin asanlaşdırılmasında faydalı
olmuş bu sənədlər əhalinin sıx olduqları yerlərdə də paylanılaraq, müxtəlif
televiziya və radio kanallarında, habelə ictimai yerlərdə qoyulmuş elektron məlumat
lövhələrində video-çarxlar şəklində də mütəmadi nümayiş etdirilib. Qeyd edilənlərlə yanaşı, kütləvi informasiya vasitələri
referendum Aktı layihəsinin müzakirəsinə, habelə Azərbaycan Respublikasının
Konstitusiyasına təklif olunan dəyişikliklərə dair çoxsaylı şərhlərə, ekspert rəyləri
və ictimaiyyət nümayəndələrinin fikirlərinə geniş yer ayırıb. Referendumun
keçirilmə tarixi və səsvermə qaydalarına dair 40-dan artıq müxtəlif növdə yüz
minlərlə plakat çap edilərək bütün yaşayış məntəqələrinin ərazisində asılıb,
oxşar mövzulara həsr edilən 7 reklam
çarxı səsvermə günü də daxil olmaqla, mütəmadi şəkildə hər gün müxtəlif
televiziya və radio kanallarında nümayiş etdirilib.
Referendumun
hazırlanması və keçirilməsi zamanı müxtəlif zəruri mövzularla bağlı geniş
maarifləndirmə kampaniyası da həyata keçirilib. Belə ki, Komissiya üzvləri və
Katibliyinin əməkdaşlarının bu istiqamətlərdə yüzlərlə çıxış, məqalə və müsahibələrinə
kütləvi informasiya vasitələrində geniş yer verilib. Həmçinin respublika üzrə
seçki komissiyalarının 33 mindən çox üzvünü əhatə edən müxtəlif səpkili ölkə
miqyaslı və regional seminar-müşavirə, seçki hüququ üzrə ixtisaslaşdırılmış
kurslar keçirilib, aşağı seçki komissiyalarının üzvləri və dairə
seçki komissiyalarının kompüter mütəxəssisləri də daxil olmaqla, çoxsaylı
ardıcıl treninqlər gerçəkləşdirilib. Referendumun azad və ədalətli
keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edən normativ-hüquqi bazanın daha da təkmilləşdirilməsi
məqsədilə Komissiya tərəfindən qəbul olunmuş çoxsaylı təlimat, qayda, izah və
digər normativ aktlar toplu halında çap edilərək aşağı seçki komissiyalarına
çatdırılıb, mətbuat və internet vasitəsilə ictimailəşdirilib, habelə həmin
materialların heç bir mane olmadan maraqlı subyektlər tərfindən əldə edilməsi
üçün hər cür şərait yaradılıb.
Ümumxalq səsverməsində respublika üzrə təşviqat aparmaq hüququna malik
olan və ölkə üzrə geniş seçici kütləsini
əhatə edən üç referendum üzrə təşviqat qrupu MSK tərəfindən qeydə alınıb və Referendum Aktı layihəsinin geniş və hərtərəfli
müzakirəsində əhəmiyyətli rol oynayan həmin qruplara qanunvericilikdə nəzərdə tutulmuş qaydadareferenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə təşviqat aparmaq üçün bərabər
əsaslarla geniş imkanlar yaradılıb. Belə ki, qanunvericiliklə müəyyən olunmuş
teleradio verilişləri təşkilatlarının kanallarında və dövri nəşrlərin səhifələrində
ödənişsiz əsaslarla, habelə 33 KİV-də ödənişli
efir vaxtı və dərc imkanları yaradılıb. Bütün bunlarla yanaşı, Seçki Məcəlləsinin
və "Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərinə uyğun olaraq,
referendum üzrə təşviqat qruplarına seçicilərlə görüşlər keçirmək üçün respublikanın
şəhər və rayonlarında yarısı açıq, yarısı isə qapalı olmaqla ümumilikdə 256 yer
ayrılıb, eləcə də referendumqabağı təşviqat
kampaniyası dövründə plakatların və digər çap materiallarının yerləşdirilməsi
üçün 10 mindən çox xüsusi məlumat lövhələri təşviqat qruplarının ixtiyarına
verilib. Sentyabrın 3-də start verilmiş təşviqat kampaniyası sentyabrın 25-dək
davam edərək ümumilikdə sivil və müasir tələblərə cavab verən şəraitdə
keçirilib və bu dövrdə seçicilərin maarifləndirilməsi,
referenduma çıxarılan məsələlərin seçicilərə dolğunçatdırılması istiqamətində
əhəmiyyətli işlər görülüb.Təşviqat qrupları tərəfindən seçiciləri
Konstitusiyada dəyişikliklər edilməsi haqqında Referendum Aktı layihəsinin
lehinə və ya əleyhinə səs verməyə çağıran 35 minədək plakat, 10 minlərlə digər
çap materialları yayılıb və onlar təşviqat kampaniyası müddətində seçicilərlə
1500-ə yaxın görüş keçiriblər.
Referendum
geniş ictimaiyyətin də böyük maraq dairəsində olub. Belə ki, səsvermə prosesi
müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını, referendum üzrə təşviqat
qruplarını təmsil edən, habelə öz təşəbbüsləri ilə referendumun müşahidəsinə
qatılan 53 mindən çox yerli müşahidəçinin, 33 ölkədən olan 117 beynəlxalq
müşahidəçinin, 16 nüfuzlu beynəlxalq KİV-in və heç bir qeydiyyat tələb
olunmadan proseslərin izlənilməsinə qatılmış yerli KİV-lərin çoxsaylı nümayəndələrinin
müşahidəsi ilə keçirilib. Bütün qeyd edilənlərlə yanaşı, səsvermə prosesi işğal
olunmuş ərazilər istisna olmaqla, respublikanın bütün ərazisini əhatə edən 1000
seçki məntəqəsində (səsvermə keçirilən məntəqələrin təxminən 20%-də)
quraşdırılmış veb-kameralardan geniş miqyasda izlənməklə qanunvericiliyin tələblərinə
müvafiq olaraq azad, ədalətli, şəffaf və geniş aşkarlıq şəraitində keçib. İnternet
istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın
internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, real zaman
rejimində məntəqələrdə səsvermə günü baş verən bütün prosesləri əvvəldən axıradək
izləmək imkanına malik olublar.
Aşkarlığın
təmin olunmasında əlavə vasitə kimi dörd təşkilat tərəfindən referendumda
"exit-poll” keçirilib ki, onlardan da ikisi öz fəaliyyətlərini nüfuzlu beynəlxalq
təşkilatlarla birgə təşkil ediblər və "exit-poll”ların nəticələri MSK-nın rəsmi
nəticələri ilə demək olar ki, üst-üstə düşüb. Referendumu legitim və milli
qanunvericiliyin tələblərinə tam cavab verən proses kimi qiymətləndirən, habelə
səsvermənin yüksək səviyyədə təşkilini, səsvermənin nəticələrinə təsir etmək
baxımdan heç bir qanun pozuntusunun aşkar edilməməsi faktlarını xüsusi qeyd edən
Avropa Şurası Parlament Assambleyası da referendum prosesini müsbət qiymətləndirərək
digər yerli və beynlxalq müşahidə subyektləri ilə eyni mövqedən çıxış edib.
Ümumxalq
səsverməsində seçicilər azad və maneəsiz şəkildə seçki məntəqələrinə gələrək öz
iradələrini ifadə edib və ümumilikdə, ölkə üzrə seçicilərin ümumi sayının 69,7
faizi səsvermədə iştirak edib. Səsvermə günü də daxil olmaqla, bütün referendum
prosesi boyunca MSK-ya və aşağı seçki komissiyalarına heç bir şikayət daxil
olmayıb. Səsvermə günü seçicilər tərəfindən
seçki məntəqələrinin ünvanları, seçici siyahıları və digər bu kimi məsələlərlə
bağlı Komissiyanın 115 saylı və elektron qaynar xətlərinə daxil olmuş azsaylı
sorğu xarakterli müraciətlərə isə dərhal reaksiya verilərək, operativ şəkildə
lazımi addımlar atılıb.
Səsvermə
günü seçki məntəqələri bağlandıqdan sonra fasiləsiz olaraq səslərin
hesablanması həyata keçirilib. Səsvermə başa çatdıqdan və seçki məntəqələri üzrə
səsvermənin nəticələri rəsmiləşdirildikdən sonra seçki məntəqələrinin 70%-dən
çoxundan "online” rejimdə internet səhifəsinə
daxil olmuş səsvermənin nəticələrinə dair protokol məlumatları səsvermə günü
başa çatdıqdan dərhal sonra MSK tərfindən ilkin nəticələr kimi elan edilib və
elə həmin günün birinci yarısında artıq ölkə üzrə bütün seçki məntəqələrinin
protokol məlumatları əsasında səsvermənin ilkin nəticələri tam şəkildə
ictimaiyyətə çatdırılıb.
Seçki
dairələri üzrə səsvermənin nəticələrinə dair dairə seçki komissiyalarının
protokolları qanunla müəyyən olunmuş qaydada səsvermə günündən sonra 2 gün müddətində
ona əlavə edilməli olan sənədlərlə birlikdə MSK-ya təqdim edilib və həmin sənədlər,
eləcə də digər aidiyyatı materiallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada
və müddətdə tam, hərtərəfli və obyektiv surətdə
araşdırılıb.
Komissiya
bəzi seçki məntəqələri üzrə seçicilərin iradəsinin müəyyən olunmasının
qeyri-mümkünlüyü, səsvermənin təşkilində nöqsanlara yol verilməsi və səsvermə
prosedurlarına tam əməl ediməməsi halları müəyyən edildiyindən 3 seçki məntəqəsi
üzrə səsvermənin nəticələrinin tam şəkildə və 1 seçki məntəqəsi üzrə qismən
etibarsız hesab edilməsinə, ümumilikdə isə 6 məntəqə seçki komissiyasının
buraxılmasına qərar verib. MSK eyni zamanda digər seçki dairələri üzrə səsvermənin
nəticələri düzgün müəyyən olunduğundan və rəsmiləşdirildiyindən səsvermənin nəticələri
barədə Komissiyanın Protokolunun təsdiq edilərək referenduma yekun vurulması və
referendumun yekunlarının elan edilərək referendum yolu ilə qəbul edilmiş aktın
mətni dərc edilməsini qərara alıb.
İclasda beynəlxalq qurum və kütləvi
informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi