Mərkəzi Seçki Komissiyasında Avstraliya Parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib
2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsini (referendumu) müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Avstraliya Parlamentinin nümayəndə heyəti sentyabrın 23-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşüb.
MSK sədri nümayəndə heyətini salamlayaraq ümumxalq səsverməsi (referendum) ərəfəsində parlamentarilərlə görüşdən məmnunluğunu bildirib və rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlar və xarici ölkələrin ali seçki qurumları ilə ilbəil genişlənən əlaqələrindən söhbət açıb. O qeyd edib ki, beynəlxalq təcrübənin öyrənilməsi seçki (referendum) praktikasının təkmilləşməsində və hazırkı inkişaf səviyyəsinə çatmasında mühüm əhəmiyyət kəsb edir.
Səmimi qəbula üçün minnətdarlıqlarını bildirən nümayəndə heyətinin rəhbəri senator Kristofer Bək və Avstraliya Parlamentinin üzvləri Azərbaycan Respublikasının seçki və referendum sistemi, seçki komissiyalarının fəaliyyət prinsipləri və ümumxalq səsverməsinə (referenduma) hazırlıqla bağlı görülmüş işlərlə maraqlanıblar. Qonaqların suallarını cavablandıran MSK sədri Məzahir Pənahov ümumxalq səsverməsinin yüksək səviyyədə hazırlanması, azad, ədalətli və şəffaf keçirilməsi üçün həyata keçirilmiş genişmiqyaslı layihələr barədə ətraflı məlumat verib.
Sonra parlamentarilər MSK-nın fəaliyyəti və müxtəlif layihələrlə bağlı atılan addımlarla yaxından tanış olublar.
Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi