Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminarlara başlayıb
2016-cı il sentyabrın 26-na
təyin edilmiş ümumxalq səsverməsinə (referenduma) hazırlıqla əlaqədar
irimiqyaslı layihələr davam etdirilir.
Mərkəzi Seçki Komissiyası sentyabrın
15-dən etibarən dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün
seminarlara başlayıb. Layihənin həyata keçirilməsində əsas məqsəd dairə seçki
komissiyalarının kompüter mütəxəssislərinə "Seçkilər” Dövlət Avtomatlaşdırılmış
İnformasiya Sisteminin daha da təkmilləşdirilmiş imkanları barədə praktiki
məlumat vermək, onlara əyani şəkildə istifadə imkanı yaratmaq, o cümlədən
mütəxəssisləri maraqlandıran məsələlərə yerindəcə aydınlıq gətirməkdir. Seminarlar
çərçivəsində səsvermə günü məlumatların MSK-ya ötürülməsi üçün hazırlanmış xüsusi
proqram modullarından test rejimində istifadə ediləcək ki, bu da kompüter
mütəxəssislərinin praktiki biliklərini və iş təcrübələrini daha da artıracaq və
səsvermə günü sözügedən sistemdən peşəkarcasına istifadəni təmin edəcək.
Ümumxalq səsverməsinə
(referenduma) hazırlıqla əlaqədar Mərkəzi Seçki Komissiyasının son maarifləndirmə
layihələrindən olan dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün
seminarların 3 gün davam etməsi və sentyabrın 17-də başa çatması nəzərdə
tutulur.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi