Mərkəzi Seçki Komissiyası Səhiyyə Nazirliyi ilə birgə referendumla əlaqədar seminar-müşavirə keçirib
2016-cı il sentyabrın
26-na təyin edilmiş ümumxalq səsverməsi ilə (referendumla) əlaqədar Mərkəzi
Seçki Komissiyasının Səhiyyə Nazirliyi ilə birgə seminar-müşavirəsi keçirilib.
Komissiyanın inzibatı
binasında baş tutan tədbir səhhəti ilə əlaqədar seçicilərin müvəqqəti olduqları
yerlərdə referendumun təşkilinə dair məsələlərə həsr olunub.
Seminar-müşavirədə MSK üzvləri, Səhiyyə Nazirliyinin rəsmiləri və MSK
Katibliyinin nümayəndəsi tərəfindən səhhəti ilə əlaqədar müvəqqəti məskunlaşma
yerlərində olan şəxslərin seçici kimi əhatə dairəsinin müəyyən edilməsi və
seçki məntəqələrinin yaradılması, həmin məntəqələrdə səsvermənin təşkili,
nəticələrin müəyyən olunması və ictimailəşdirilməsi, seçicilərin Referendum
Aktı layihəsi ilə tanış olmaları, seçicilərin səhhəti ilə əlaqədar müalicə
müəssisələrində yerləşdirilməsi, müəssisədən müəssisəyə köçürülməsi,
çıxarılması, onların qeydiyyatı və siyahılarının tərtib edilməsi qaydaları,
habelə səsvermə günü məntəqə seçki komissiyalarının vəzifələri və səsvermə
prosedurları barədə məruzələr edilib və təqdimatlar keçirilib.
Tədbirdə Mərkəzi Seçki Komissiyasının üzvləri, Səhiyyə Nazirliyinin
nümayəndələri, MSK Katibliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşları,
müvafiq dairə və məntəqə seçki komissiyalarının sədrləri, eləcə də kütləvi
informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Seminar-müşavirə gündəlikdə nəzərdə tutulduğu kimi, səhhəti ilə
əlaqədar seçicilərin müvəqqəti olduqları yerlərdə referendumun təşkilinə dair
müxtəlif məsələlər ətrafında müzakirələrlə davam edib, həmçinin iştirakçıları
maraqlandıran suallar cavablandırılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr
şöbəsi