Avqustun 1-də Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün təşkil edilmiş seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam etmişdir

01 avqust 2013 16:19
Avqustun 1-də Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün təşkil edilmiş seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam etmişdir.

Kurslarda Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyev "Seçki hüququnun apelyasiya məhkəmə instansiyasında müdafiəsi (apelyasiya şikayəti, icraat qaydası, sübutlar, sübutetmə yükü və s.)” mövzusunda mühazirə ilə çıxış etmişdir. O, bildirmişdir ki, hazırda ölkəmizdə beş apelyasiya məhkəmə instansiyasının fəaliyyət göstərməsinə baxmayaraq, işlərin böyük qisminə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Bakı Apelyasiya Məhkəməsinin sədri diqqətə çatdırmışdır ki, qanunvericilikdə edilən dəyişikliyə əsasən, artıq məhkəmələrə ünvanlanan şikayətlər üzrə baxılan işlərdə sübutetmə vəzifəsi seçki komissiyalarının üzərinə düşmüşdür. O demişdir: "2012-ci ilədək şikayətlərə Mülki Prosessual Məcəlləyə əsasən baxılırdısa, artıq bu proses İnzibati Prosessual Məcəllə ilə tənzimlənir və şikayətlərə inzibati məhkəmələrdə baxılır. Qanunvericilikdə edilən dəyişikliyə

görə məhkəmə prosesində seçki komissiyalarının qərarlarının qanunauyğunluğunu komissiyaların özləri sübut etməlidirlər”.

Kurslarda növbəti mühazirəni MSK Katibliyinin ümumi şöbəsinin müdiri Elşən Əsgərov oxumuşdur. Şöbə müdiri "Dairə seçki komissiyalarında kargüzarlığın aparılması qaydaları” mövzusunda mühazirə demişdir.

Komissiyanın İnformasiya Mərkəzinin direktoru Rüfət Gülməmmədov isə "Seçici siyahılarının tərtib edilməsi, dəqiqləşdirilməsi və seçicilərə təqdim edilməsi qaydaları və şərtləri. Seçki prosesində DAİS-dən istifadəyə dair tələblər” mövzusunda mühazirə oxumuşdur.

Mühazirələrdən sonra DSK sədrləri 12 saylı Qaradağ- Binəqədi –Yasamal, 25 saylı Nizami ikinci, 26 saylı Sabunçu birinci və 31 saylı Suraxanı ikinci seçki dairələrində təcrübə mübadiləsində olmuşlar.

Kurslar avqustun 4-dək davam edəcəkdir