Avqustun 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
Əvvəlcə Azərbaycan Respublikas Prezidenti seçkilərinin elan edilməsi məsələsinə baxılmışdır. Bu məsələ barədə məlumat verən MSK sədri bildirmişdir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 178.1-ci maddəsinə görə Prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddətinin başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur. Azərbaycan Respublikasında sonuncu prezident seçkiləri 2008-cü il oktyabrın 15-də keçirildiyindən və fəaliyyətdə olan Azərbaycan Respublikası Prezidentinin 5 illik səlahiyyət müddəti başa çatmaqda olduğundan, növbəti prezident seçkiləri 2013-cü il oktyabrın 16-na təsadüf edir. Lakin Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə ümumxalq hüzn və ya iş günü hesab edilməyən bayram gününə düşərsə, səsvermə, səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir. Nazirlər Kabinetinin 12 dekabr 2012-ci li tarixli, 309 saylı qərarına əsasən 2013-cü ildə 15 və 16 oktyabr Qurban bayramıdır. Ona görə də, göstərilənlər əsas götürülərək Azərbaycan Pespublikasında növbəti prezident seçkiləri günü cari ilin oktyabr ayının iş günü hesab edilən digər gününə keçirilməklə qanunvericiliklə müəyyən olunmuş qaydada elan edilməlidir. O,
2013-cü ilin oktyabr ayının 9-unun növbəti prezident seçkiləri günü elan olunmasını təklif etmişdir. Bu təklif Mərkəzi Seçki Komissiyasını əksər üzvləti tərəfindən dəstəklənmişdir.
Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, 9 oktyabr 2013-cü il Azərbaycan Respublikası Prezidentinin seçkiləri günü elan edilsin.
Sonra Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planın təsdiq edilmişdir.
İclasda vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də baxılmışdır. Mərkəzi Seçki Komissiyası qəraına əsasən 9 nəfərdən ibarət ekspert qrupu yaradılmışdır ki, buraya Komissiyanın üzvləri və Katibliyin Hüquq şöbəsinin əməkdaşları daxil edilmişlər. Dairə seçki komissiyalarının nəzdində isə 3 nəfərlik ekspert qruplarının yaradılması haqqında qərar çıxarılmışdır.
MSK 2013-cü il okyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə namizədin qeydə alınması üçün təqdim edilmiş imza vərəqələrində olan imzaların və digər məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası
Hesablama Palatasının mütəxəssisləri sırasından ekspertlərdən ibarət İşçi qrupunun yaradılması barədə də qərar qəbul etmişdir. İşçi qrupuna MSK üzvü İlham Məmmədov rəhbər təyin edilmişdir.