"Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri" mövzusunda seminar-müşavirə keçirilib
Bakı, 2 oktyabr, Əsəd Məmmədov, Nihat Budaqov, AZƏRTAC
Oktyabrın 2-də Bakıda "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən seminar-müşavirədə Prezident Administrasiyasının, MSK-nın rəsmiləri və KİV-lərin nümayəndələri iştirak ediblər.
Seminar-müşavirəni açan MSK sədri Məzahir Pənahov bildirib ki, tədbir bu formatda ilk dəfədir keçirilir. M.Pənahov deyib: "Bu, Azərbaycan dövlətinin şəffaf, demokratik seçkilərin keçirilməsi üçün ortaya qoyduğu siyasi iradənin ən bariz nümunələrindən biridir. Seçkilər mətbuat üçün açıq olmalıdır, KİV bu prosesdə önəmli rol oynamalıdır. Çünki istənilən ölkədə əhəmiyyətli tədbirin ictimaiyyətə çatdırılmasında ən önəmli rol mətbuatın üzərinə düşür. MSK da mətbuatla birgə işləməyə hər zaman xüsusi diqqət göstərir. Çalışmışıq ki, yerli mətbuatla yanaşı, beynəlxalq KİV nümayəndələri də bizim tədbirlərin işıqlandırılmasında fəal iştirak etsinlər. MSK bütün seçkiləri Seçki Məcəlləsinin, beynəlxalq standartların tələblərinə uyğun keçirməyə səy göstərir”.
Qeyd edilib ki, seçkiləri şəffaf, demokratik keçirmək üçün ölkədə ictimai-siyasi sabitliyin mövcud olması çox önəmlidir.
Noyabrın 1-də keçiriləcək seçkilərə hazırlıq işlərinə toxunun MSK sədri deyib: "Namizədliklə bağlı 1700-dən çox müraciət daxil olub. Onlardan 700-dən çoxunun namizədliyi qeydə alınıb. Artıq oktyabrın 9-dan təşviqat prosesi başlayır”.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov əminliklə qeyd edib ki, seminar-müşavirə Milli Məclisə seçkilərin şəffaf, demokratik keçirilməsinə öz müsbət təsirini göstərəcək.
Əli Həsənov deyib: "Hər bir seçki müxtəlif sahələrin birgə fəaliyyətinin nəticəsində formalaşır. Seçki qanuna müvafiq olaraq MSK və onun yerli qurumları tərəfindən təşkil olunur. Qanun çərçivəsində seçicilərin səsləri sayılır, sənədləşdirilir və elan edilir”.
Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Azərbaycanın 23 illik müstəqillik tarixində keçirilən bütün seçkilərdə mətbuatın sərbəst iştirakı təmin olunub. Bu da ölkəmizdə bütün seçkilərin şəffaf, demokratik, ədalətli keçirilməsinə imkan yaradıb. Əlbəttə, müəyyən nöqsanlar istisna deyil, heç bir ölkə nöqsanlardan tam sığortalanmayıb. Lakin ümumilikdə ölkəmizdə keçirilən seçkilər ədalətli, demokratik, şəffaf seçkilər kimi dəyərləndirilib. "İnanıram ki, bu seçkilər də istisna olmayacaq. Seçkilər cəmiyyətdəki sabitlikdən, ovqatdan, ictimai-siyasi mühitdən və bütövlükdə yaradılan şəraitdən asılıdır. Bu şərtlər daxilində artıq MSK bir institut kimi formalaşıb, fəaliyyətini təkmilləşdirib. Bu gün ən yüksək standartlar səviyyəsində seçki keçirməyə qadir bir quruma çevrilib”, - deyə Əli Həsənov vurğulayıb.
Mətbuatın seçki prosesindəki rolundan danışan Əli Həsənov diqqətə çatdırıb ki, media hər bir siyasi, plüralist normalar çərçivəsində idarə olunan demokratik ölkənin ümumi seçki prosesində tərəf kimi iştirak edir.
Prezident Administrasiyasının rəsmisi bildirib: "Jurnalist vəsiqəsi kifayət edir ki, hər bir mətbuat nümayəndəsi seçkiləri əvvəldən axıra qədər müşahidə etsin. Buna görə də biz mətbuatı seçkilərin mühüm bir daxili aktoru, tərəfi kimi dəyərləndiririk. Mətbuatın vəzifəsi ondan ibarətdir ki, seçki mühitini doğru-düzgün təhlil etsin, əhalinin seçki ovqatının, fəallığının necə olmasını öyrənsin. Bütün bu prosesləri cəmiyyətə çatdıran yeganə tərəfsiz institut rolunu mətbuat oynayır. Bəzən MSK-nın verdiyi rəyi bəzi dairələr, qüvvələr, xüsusən də məğlub olan namizədlər obyektiv dəyərləndirməyə bilər, amma mətbuat tərəfsiz olaraq bu məsələləri obyektiv dəyərləndirir. Bu baxımdan mətbuatın rolu əvəzsizdir. Bundan əlavə, seçkiqabağı təşviqat prosesində mətbuat konkret olaraq kommersiya fəaliyyətinə qoşulur. Hər bir müstəqil informasiya vasitəsi müvafiq ödəniş müqabilində müəyyən səhifələrini, efir vaxtlarını həmin o namizədlərə ayırır. Bununla bağlı müəyyən normalar var ki, bunlar da Azərbaycan Respublikasının Seçki Məcəlləsində və MSK-nın qəbul etdiyi qərarlarda öz əksini tapıb. Mətbuat seçkilərdə iştirak edən bütün tərəflərə, o cümlədən siyasi partiyalara, bloklara bərabər şərait yaratmalıdır. Mətbuat KİV haqqında Qanuna, Seçki Məcəlləsinə uyğun hərəkət etməli və dövlətin yürütdüyü plüralist siyasətə söykənərək namizədlər üçün bərabər şərait yaratmalıdır”.
Mətbuatın hər bir dövlətin imicinin formalaşmasında mühüm yer tutan bir resurs olduğunu söyləyən Əli Həsənov bildirib ki, bu resursdan istifadə edərək biz Azərbaycan dövlətinin maraqlarını və bu maraqlara söykənən siyasətini daxildə və xaricdə təbliğ edirik. Daxildə mətbuat vasitəsi ilə əhalinin əhval-ruhiyyəsi, dövlətin yürütdüyü siyasətə münasibəti öyrənilir. Çünki bu amillərə söykənərək ölkənin daxili siyasəti proqnozlaşdırılır, onun idarəetmə mexanizmləri yaradılır. Mətbuat bu anlamda cəmiyyətin güzgüsü rolunu oynayır. Əli Həsənov deyib: "Seçki prosesinin dəyərləndirilməsində də KİV-in rolu əvəzsizdir. Çünki KİV bu prosesdə yeganə tərəfsiz rola malikdir. Müasir dünyada imic yaratma, ictimai rəyi idarəetmə mexanizmiləri bəlli mərkəzlər tərəfindən idarə olunur. Yəni, dünyada ümumi meyil ondan ibarətdir ki, KİV-lər azad, müstəqil olmalıdır, öz siyasətlərini və fəaliyyətlərini özləri qurmalıdırlar”.
Ölkəmizdə mətbuatın inkişafı üçün görülən işlərdən danışan Əli Həsənov vurğulayıb ki, Azərbaycanda KİV-ləri dəstəkləmək xətti əsas götürülür. Dövlət büdcəsindən bu istiqamətdə müəyyən qrantlar ayrılır, jurnalist müsabiqələri keçirilir. Eyni zamanda, onların problemlərinin həlli ilə bağlı dövlət tərəfindən müəyyən yardımlar göstərilir. KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasi qəbul edilib və ona müvafiq olaraq Fond yaradılıb. Yəni, Azərbaycan dövləti bu resursun əhəmiyyətini dəyərləndirərək onlarla səmərəli tərəfdaşlıq fəaliyyəti qurmağa çalışır. Bizim KİV-lərə münasibətimizin təməlində tərəfdaşlıq dayanır.
Prezident Administrasiyasının rəsmisi bildirib ki, Azərbaycan dövləti KİV-in seçki prosesinin işıqlandırılmasında obyektiv, qanunlar çərçivəsində iştirakını daim dəstəkləyir.
Əli Həsənov qeyd edib ki, Azərbaycanda KİV sahəsində plüralist normaların formalaşmasının təməlində ümummilli lider Heydər Əliyevin siyasəti dayanır. Ulu Öndərin 1998-ci il 6 avqust tarixli Fərmanı ilə KİV üzərindən bütün tənzimləyici və dövlət idarəedici mexanizmlər ləğv edilməklə Azərbaycanda azad sözün, müstəqil medianın təməli qoyulub. Bu gün Prezident İlham Əliyev bu prinsiplərə əməl edərək Azərbaycanda siyasi plüralist cəmiyyətin formalaşması və inkişafı istiqamətində bütün addımları atır. Bu gün Azərbaycanda azad internet mövcuddur, sosial şəbəkələrdə istənilən fəaliyyət azaddır və istənilən insan bloq açıb orada öz fikirlərini söyləyə və başqaları ilə bölüşə bilər. Hər bir insan facebook səhifəsində özünü və düşündüyü ideyaları şərh edə bilər. KİV-lər istədikləri informasiyanı sərbəst şəkildə toplayb yaya, o cümlədən hakimiyyətin yürütdüyü siyasətə tənqidi və yaxud da dəstəkləyici münasibət bildirə bilər. Bu sahədə Azərbaycanda heç bir problem yoxdur və bundan sonra da olmayacaq. Azərbaycan dövlətinin təməlində demokratik normalar durur ki, bu da bizim Konstitusiyamızda əks olunub. Ümummilli Liderimiz tərəfindən təməli qoyulmuş azad media, siyasi plüralist cəmiyyət normaları Prezident İlham Əliyev və onun komandası tərəfindən davam etdirilir və bundan sonra da davam etdiriləcək.
Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev çıxış edərək aparılan müzakirələrin parlament seçkiləri kimi taleyüklü hadisənin uğurla reallaşmasına böyük töhfə verəcəyini deyib. Bildirib ki, Azərbaycan cəmiyyəti bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərinə böyük maraq göstərməkdədir. Hər gün ölkənin aparıcı KİV-lərində seçkilərə hazırlıqla bağlı müxtəlif məzmunlu materialların dərci bu marağın ödənilməsinə dəstək baxımından mühüm əhəmiyyət daşımaqdadır. Əvvəllər olduğu kimi, media orqanlarının bu dəfə də seçki kompaniyasının ayrı-ayrı namizədlərinin platformalarının işıqlandırılmasına geniş yer ayıracağı şübhəsizdir.
"Müstəqil Azərbaycan Respublikasında ölkə Konstitusiyasının qəbulundan sonra xeyli seçkilər və referendum keçirilib. Ötən müddət ərzində Azərbaycan mediası seçki prosesində iştirakçılıq ənənələrini inkişaf etdirib, təcrübə imkanlarını genişləndirib, qanunverici bazanın möhkəmləndirilməsi sahəsində müvafiq hüququ aktların, normativlərin tətbiqi istiqamətində uğurlara nail olub. Medianın seçki dövründəki hüquq və öhdəlikləri İnsan Hüquqları Bəyənnaməsinin 19-cu və 21-ci maddələrindən törəyir. Bu maddələr hər bir insanın ifadə və məlumat azadlığının, həmçinin öz ölkəsinin idarə edilməsində bilavasitə və yaxud azad seçilən nümayəndələr vasitəsilə iştirak etmək hüququnu təmin edir. Azərbaycanın Seçki Məcəlləsində KİV təmsilçilərinin fəaliyyəti geniş surətdə öz əksini tapıb. Seçki Məcəlləsi mətbuat azadlığına hörmət bəsləmək, təşviqat aparılması üçün KİV nümayəndələrinə bərabər imkanların yaradılması, namizədlərə və MSK-ya KİV-lərdə müvafiq nəşrlərin dərc edilməsi baxımından geniş hüquqi imkanlar yaradır”, – deyə U.Mirzəyev qeyd edib.
Bildirilib ki, müxtəlif vaxtlarda ölkədə medianın seçkiqabağı təşviqatı və seçki ilə əlaqədar prosesləri işıqlandırmasına dair xoşagəlməz meyillər hökm sürüb. KİV-lər bəzən bu və ya digər namizəd, onun təmsil olunduğu siyasi düşərgə barədə etik dəyərlərə, peşə prinsiplərinə zidd materiallar yayımlayıb. Nəticədə qəzet səhifələrində təhqir, böhtan, sərəf və ləyaqətin aşağılanması kimi mənfi hallar müşahidə olunub. Həm bu xoşagəlməz meyillərin təkrarlanmaması, həm də medianın seçki prosesini işıqlandırmasına dair yeni vərdişlərə yiyələnməsinə dəstək üçün müxtəlif illərdə Mətbuat Şurası tərəfindən bir sıra addımlar atılıb. KİV təmsilçiləri üçün seminarlar, treninqlər və məşğələlər təşkil olunub. Onlar dünyanın qabaqcıl ölkələrində seçkinin işıqlandırılmasına dair təcrübə ilə tanış ediliblər. Digər tərəfdən, media məkanında cərəyan edən meyillər araşdırılıb, onların ictimai müzakirəsi təşkil edilib və nəticədə müsbət irəliləyişlər əldə olunub. U.Mirzəyev deyib: "Müqayisə üçün demək istəyirəm ki, ötən parlament seçkiləri öncəsi, seçki günü KİV-lərin qanunvericilinin tələbinin, habelə peşə davranışı qaydalarının prinsiplərini pozması halları 2005-ci ilin parlament seçkiləri ilə müqayisədə təxminən 50 faiz aşağı olub. Güman edirəm ki, noyabrın 1-də keçiriləcək seçkilər bu baxımdan daha sivil mənzərənin müşahidə edilməsi ilə yaddaqalan olacaq”.
Qeyd edilib ki, Azərbaycan Mətbuat Şurası fəaliyyətində KİV-lərin seçkiləri ədalətli, tərəfsiz və qərəzsiz işıqlandırılmasına ictimai nəzarəti həyata keçirib, mövcud istiqamətdəki nəzərəçarpan meyilləri qruplaşdırıb, konkret faktları ictimaiyyətə çatdırıb. Həmçinin media təmsilçilərinin prosesi işıqlandırarkən üzləşə biləcəkləri mümkün maneələrə qarşı müvafiq təsir mexanizminin formalaşdırılmasına da nail olunub.
Mətbuat Şurası qəzet, jurnal, informasiya agentlikləri daxil olmaqla ölkənin aparıcı KİV-lərinin, o cümlədən tanınmış internet xəbər portallarının seçki ilə bağlı məlumatlarını diqqətdə saxlayır. Namizədlər və onların səlahiyyətli nümayəndələri ilə bağlı dərc edilmiş materialların Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarının tələbləri ilə nə dərəcədə uyğunluğu nəzərdən keçirilir. Bu zaman balans prinsipinin pozulması, faktın təhrifi, kontekstdən çıxarılmış sitatlarla manipulyasiya, foto-manipuliyasiya, sərlövhənin mətnlə uyğunsuzluğu, hadisənin şərait imkanlarının təhrifi, real olmayan fakta əsaslanan tənqid, faktla müəllifin şərhi arasında fərqin qoyulmaması halları nəzərə alınır.
Seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının üzvləri Qabil Orucov və Fuad Cavadovun "Seçkiqabağı təşviqata dair ümumi tələblər, seçkiqabağı təşviqat subyektləri, onların hüquq və vəzifələri”, "Ödənişli və ödənişsiz əsaslarla aparılan seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” adlı məruzələri dinlənilib.
Sonra məruzələr ətrafında fikir mübadiləsi aparılıb və sual doğuran məsələlər müzakirə olunub.