Sentyabrın 23-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Sentyabrın 23-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi. Əvvəlcə Komissiyanın 18 sentyabr və 19 sentyabr 2015-ci il tarixində keçirilmiş iclaslarının protokolları təsdiq edildi.
Sonra Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar seçki bülletenlərinin mətni və forması təsdiq edildi, ümumilikdə 5344431 (beş milyon üç yüz qırx dörd min dörd yüz otuz bir) seçki bülleteninin mətbəə üsulu ilə hazırlanması qərara alındı.
Komissiyanın iclasında 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Müsavat Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Ana Vətən Partiyası və "AZADLIQ-2015” siyasi partiyalar bloku tərəfindən təqdim olunmuş səlahiyyətli nümayəndələrin qeydə alınması məsələsinə baxıldı və sözügedən siyasi partiyalar və siyasi partiyalar bloku tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alındı.
MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində də dəyişikliklər edildi.
İclasda həmçinin, Milli Məclisə seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxıldı və Komissiya üzvlərinin müzakirəsindən sonra müvafiq qərarlar qəbul olundu.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxıldı.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi