Saat 15.00-dək Azərbaycanda bələdiyyə seçkilərində seçici fəallığı 32,44 faiz olub

23 dekabr 2014 16:13
Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 15.00-dək seçici fəallığı 32,44 faiz olub.

AzərTAc xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov səsvermə hüququna malik 4 milyon 819 min 382 seçicidən bu saatadək 1 milyon 563 min 357 nəfərinin səs verdiyini diqqətə çatdırıb.

Respublika üzrə ən çox seçici fəallığı 44,64 faizlə 53 saylı Quba-Qusar seçki dairəsində, ən aşağı seçici fəallığı isə 22,64 faizlə 21 saylı Nəsimi birinci seçki dairəsində qeydə alınıb.

R.Gülməmmədov qeyd edib ki, MSK-nın "Qaynar xətt”inə, "facebook” səhifəsinə və elektron ünvanına 80-dən çox müraciət daxil olub. Bütün müraciətlər əməkdaşlar tərəfindən operativ şəkildə cavablandırılır. Müraciətlər seçki prosesi barədə əlavə informasiya almaq məqsədi daşıyır. Şikayət xarakterli heç bir müraciət daxil olmayıb.

Qeyd edək ki, 5 min 15 məntəqə üzrə keçirilən bələdiyyə seçkiləri saat 19.00-da başa çatacaq.

Seçkilərdə 1607 bələdiyyə üzrə 15 min 35 bələdiyyə üzvlüyünə 37 min 77 namizəd iştirak edir. 13 min 907 nəfər səkkiz siyasi partiya tərəfindən, 23 min 61 nəfər fərdi qaydada, 109 nəfər isə təşəbbüs qrupu tərəfindən namizəd irəli sürülüb. Seçkiyə qatılanlardan 18 min 284 nəfər namizəd bitərəfdir. Namizədlər arasında 30 siyasi partiyanın təmsilçiləri var. Ümumilikdə, 4 milyon 819 min 382 seçici 5 min 15 məntəqədə səs verəcək. Ölkədə 118 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb ki, bu da məntəqələrin 20 faizini təşkil edir.

Builki bələdiyyə seçkisini 50 mindən çox müşahidəçi izləyir. Onlardan da 26 mindən çoxu siyasi partiya təmsilçisidir.

AzərTAc