Dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün treninqlərə başlanıldı
Azərbaycan Respublikasında 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar layihələr davam etdirilir.
Mərkəzi Seçki Komissiyası (MSK) bələdiyyə seçkilərinə hazırlıq məqsədilə 2014-cü il dekabrın 15-dən etibarən dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün treninqlərə başladı. Tədbirin keçirilməsində başlıca məqsəd dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə "Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni və daha da təkmilləşdirilmiş imkanları barədə praktiki məlumat vermək, əyani formada istifadə qaydalarını öyrətmək, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirməkdir. Treninqlər çərçivəsində seçki günü məlumatların MSK-ya ötürülməsi üçün hazırlanmış proqram modullardan test rejimində istifadə imkanı yaradılacaq ki, bu da dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə praktiki iş təcrübəsi qazanmaq imkanı verəcək və səsvermə günü "Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemindən daha rahat istifadəni təmin edəcək.
Treninqlərin 3 gün davam etməsi və dekabrın 17-də başa çatması nəzərdə tutulur.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi