Noyabrın 28-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi

28 noyabr 2014 21:32

Noyabrın 28-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirildi. Əvvəlcə Komissiyanın 25 noyabr 2014-cü il tarixində keçirilmiş iclasının protokolu təsdiq edildi.

Sonra 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində səsvermə günü seçki məntəqələrində proseslərin əvvəldən axıradək izlənilməsi məqsədilə, respublika ərazisini tam əhatə etməklə, ərazilərində seçki keçirilən seçki dairələri üzrə 1000 (min) seçki məntəqəsində veb-kameraların quraşdırılmasına qərar verildi.

Komissiyanın iclasında, bələdiyyə seçkilərində Müsavat Partiyasının səlahiyyətli nümayəndəsinin qeydə alınması məsələsi müzakirə edildi və həmin partiya tərəfindən təqdim olunmuş şəxs səlahiyyətli nümayəndə kimi qeydə alındı.

Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş 3 müraciətə də baxıldı. MSK üzvlərinin müzakirəsindən sonra daxil olmuş müraciətlərdən 1-nin təmin edilməsi, digərinin qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən ərizəçiyə geri göndərilməsi qərara alındı. Ərizəçi öz şikayətindən imtina etdiyinə görə o biri müraciətin isə araşdırılmasına xitam verildi.

MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edildi.

İclasda cari məsələlərə də baxıldı.

Kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak edirdi.


Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi