Azərbaycan Respublikasında bələdiyyə seçkiləri elan edildi
Oktyabrın 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının
növbəti iclası keçirildi.
Komissiyanın
iclasında ilk öncə Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin təyin
edilməsi məsələsinə baxıldı. Ölkəmizdə yerli özünüidarəetmə institutlarının
mövcud olduğu 15 il ərzində zəngin təcrübə qazandıqlarını, cəmiyyət həyatındakı
rolunun ilbəil daha da artdığını vurğulayan MSK sədri bildirdi ki, bələdiyyələrin
səlahiyyət müddəti bu ilin sonlarında başa çatır. Buna görə də Azərbaycan
Respublikası Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq azı 60 gün əvvəl
bələdiyyələrə seçkilər təyin edilməli və respublika üzrə 1607 bələdiyyəyə 15035
üzv seçilməlidir. Bələdiyyə seçkiləri işğal altındakı 7 seçki dairəsi istisna
olmaqla, ümumilikdə 118 seçki dairəsini əhatə edəcək.
Mərkəzi
Seçki Komissiyasının üzvləri seçkilərin təyin edilməsi haqqında qərar layihəsi
ilə tanış
olduqdan sonra Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin
2014-cü il dekabrın 23-ü, çərşənbə axşamına təyin edilməsi barədə qərar qəbul
olundu.
Sonra
"Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə
əsas hərəkət və tədbirlərin Təqvim Planı” müzakirə olunaraq təsdiq edildi.
Vətəndaşların
seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan
şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert
qrupunun yaradılmasına dair məsələyə də baxıldı. MSK-nın qərarı ilə Komissiya
üzvləri və Katibliyin əməkdaşları da daxil olmaqla MSK nəzdində 9 nəfərdən
ibarət tərkibdə ekspert qrupu yaradıldı. Dairə seçki komissiyaları nəzdində qanunvericilikdə
nəzərdən tutulmuş müddətdən gec olmayaraq, müvafiq tələblərə cavab verən 3
nəfərdən ibarət ekspert qruplarının yaradılması isə dairə seçki komissiyalarına
həvalə edildi.
İclasda
23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərində namizədin qeydə
alınması məsələsinə MSK-da yenidən baxılması ehtimalı və zərurəti nəzərə
alınaraq, təqdim edilmiş imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə
olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə müvafiq dövlət qurumlarının
mütəxəssislərindən ibarət işçi qrupu yaradıldı və Komissiyanın üzvü işçi
qrupunun rəhbəri təyin olundu.
Komissiyanın
iclasında cari məsələlərə də baxıldı.
İclasda bəzi beynəlxalq qurumların təmsilçiləri,
həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdi.
Foto: AzərTAc