Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Finlandiya Respublikasına rəsmi səfərə gedir
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2014-cü il 26-27 iyun tarixlərində Finlandiyada keçiriləcək Seçki İdarəetmə Qurumlarının 11-ci Avropa Konfransında iştirak etmək məqsədilə bu ölkədə səfərdə olacaq.
Avropa Şurasının Venesiya Komissiyası, Finlandiya Parlamenti və Ədliyyə Nazirliyi tərəfindən birgə təşkil edilən tədbirdə Avropa ölkələrinin Seçki İdarəetmə Qurumlarının rəhbərləri təmsil olunur.
Avropa Şurası Venesiya Komissiyasının katibi Tomas Markertin dəvətinə əsasən həyata keçirilən səfər çərçivəsində M.Pənahovun müxtəlif qurumların rəhbərləri ilə görüşləri, qurumlararası əlaqələr və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.
Səfər zamanı MSK sədrini Katibliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşid Yusifbəyli müşayiət edəcək.