Beynəlxalq seminarın iştirakçıları Mərkəzi Seçki Komissiyasında olmuşlar
Azərbaycan Milli Məclisi və MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası (PAA) tərəfindən təşkil edilmiş "MDB ölkələrində seçki qanunvericiliyinin inkişafı: təkmilləşdirmə yolları və tətbiq praktikası” mövzusunda beynəlxalq seminarın iştirakçıları dekabrın 17-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşmüşlər.
Qonaqları salamlayan MSK sədri Azərbaycanda seçicilərin iradəsini yüksək səviyyədə reallaşdırmağa imkan verən mükəmməl qanunverici bazanın olduğunu söyləmişdir. Seçki Məcəlləsinin 2003-cü ildə qəbul olunduğunu diqqətə çatdıran M. Pənahov bu hüquqi-normativ aktın Avropa Şurasının Venetsiya Komissiyası tərəfindən yüksək rəy aldığını bildirmişdir. O qeyd etmişdir ki, Milli Məclis tərəfindən Seçki Məcəlləsinə bir neçə dəfə dəyişiklik edilmiş və bu sənəd daha da təkmilləşdirilmişdir. "Dövlətimizin başçısı seçki sahəsində hüquqi bazanın möhkəmləndirilməsi və seçki praktikasının daha da təkmilləşdirilməsi istiqamətində müstəsna əhəmiyyətə malik addımlar atmışdır”, deyən Komissiya sədri Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan sərəncamlar barədə görüş iştirakçılarına məlumat vermişdir.
Seçki qanunvericiliyinin formalaşdırılması istiqamətində MSK tərəfindən görülən işlər barədə söz açan sədr qurumun qəbul etdiyi normativ xarakterli sənədlər barədə də danışmışdır.
O, bütün yeniliklərin, o cümlədən informasiya-kommunikasiya nailiyyətlərinin seçkilərdə tətbiqinin də ölkə rəhbərinin siyasi iradəsinin təzahürü olduğunu vurğulamışdır.
Son prezident seçkilərində tətbiq olunan yeniliklər barədə danışan natiq veb-kameralar quraşdırılmış seçki məntəqələrinin sayının ötən seçkilərə nisbətən iki dəfə artırılaraq 1000-ə çatdırıldığını, Azərbaycan və dünya praktikasında ilk dəfə olaraq veb-kameralar quraşdırılmış seçki məntəqələrində baş verən proseslərin mobil telefonlar vasitəsilə izlənməsinin mümkün olduğunu, hərəkət qabiliyyətində məhdudiyyətlər olan şəxslərin əlil arabaları ilə səsverməyə gələ bilmələri üçün 1200-ə yaxın məntəqədə pandusların quraşdırıldığını nəzərə çatdırmışdır.
Görüşdə seçici siyahıları üzərində iş, seçki subyektlərinin maarifləndirilməsi və digər məsələlər barədə də qonaqlara məlumat verilmişdir.
Səmimi qəbula görə görüş iştirakçıları adından təşəkkürünü bildirən MDB PAA Şurasının baş katibi Aleksey Sergeyev Azərbaycanın son 10 ildə seçki praktikasının təkmilləşdirilməsi sahəsində başqa ölkələrə nümunə ola biləcək nailiyyətlərə imza atdığını bildirmiş və həm qanunvericilik, həm praktiki nöqteyi-nəzərdən Azərbaycanın bu sahədəki təcrübəsinin öyrənilməsinin vacib olduğunu vurğulamışdır.
Görüşdə iştirak edən digər seminar iştirakçıları da Azərbaycanın seçki sahəsində qazandığı təcrübənin digər MDB ölkələrində yayılmasının vacibliyini qeyd etmişlər.
Görüşdən sonra Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzində son prezident seçkilərində tətbiq olunmuş informasiya-kommunikasiya yeniliklərini özündə əks etdirən təqdimat olmuşdur.