Oktyabrın 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
Oktyabrın 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 13 oktyabr 2013-cü ildə keçirilmiş iclasının protokolu təsdiq edilmişdir.
Sonra Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır. Bu barədə məlumat verilərkən bildirilmişdir ki, müraciətlərdən biri "Demokratik Qüvvələrin Milli Şurası” seçicilərin təşəbbüs qrupunun namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Mustafa Hacılı tərəfindən edilmişdir. Ərizəçi 33 saylı Xətai birinci seçki dairəsinin seçki məntəqələrinin heç birində səsvermə günü protokolların tərtib edilməsində qanunvericiliyin tələblərinə əməl olunmamasına baxmayaraq, həmin hal üzrə vermiş oluduqları şikayəti təmin etməyən seçki dairəsinin müvafiq qərarının ləğv edilərək mahiyyəti üzrə yeni qərarın qəbul olunmasını xahiş etmişdir.
MSK-nın iclasında qeyd olunmuşdur ki, müraciətin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, həmin dairə üzrə seçki məntəqələrində protokolların qanunvericiliyin tələblərinin pozulması ilə tərtibinə dair iddialar ümumi xarakterli olmaqla öz təsdiqini tapmadığından, müraciət əsassız hesab edilərək təmin edilməməlidir. Belə ki, araşdırma prosesində iştirak etmiş şikayətçi Mustafa Hacılının araşdırmaya sübut kimi təqdim etdiyi, onun və məşvərətçi səs hüquqlu üzv Qulamova Zərifə Yusif qızının adından imzalanmış, ümumi xarakterli yeganə akt bütün seçki məntəqələrində baş verməsi iddia olunan hallarla bağlıdır. İki nəfərin 35 seçki məntəqəsində eyni vaxtda olmaları və bu və ya digər qanun pozuntularını rəsmiləşdirmələrini təsəvvür etmək belə asan olmadığından həmin aktın hər hansı sübut əhəmiyyəti daşıyan sənəd kimi qəbul edilməsi mümkün deyildir. Eyni zamanda, araşdırma prosesində mübahisələndirilən hallara dair Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq seçki dairəsini əhatə edən seçki məntəqələrində səsvermə günü müşahidə aparmış 113 nəfər müxtəlif statuslu şəxslərdən alınmış izahatlarda iddia edilən hallar öz təsdiqini tapmamış, əksinə prosesin tamamilə qanunvericiliyin tələblərinə tam cavab verdiyi müəyyən olunmuşdur. Həmin şəxslər arasında müxtəlif qüvvələrin, o cümlədən, "Demokratik qüvvələrin milli şurası” seçicilərin təşəbbüs qrupunun təmsilçiləri, eyni zamanda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Müşahidə Missiyasının və digər beynəlxalq qurumların missiyalarının üzvləri də olmuşlar. Onlar qeyd edilən seçki məntəqələrində seçki prosesini əvvəldən axıra kimi izləyərək, səslərin sayılmasını və səsvermənin nəticələrinə dair protokolun doldurulmasını müşahidə etdiklərini və bu zaman heç bir qanun pozuntusuna rast gəlmədiklərini, habelə səsvermənin nəticələrinə dair protokolun surətini aldıqdan sonra seçki məntəqəsini tərk etdiklərini bildirmişlər. Bütün bunları nəzər alan MSK sözügedən müraciətin əsassız olduğundan təmin edilməməsini və 33 saylı Xətai birinci seçki dairəsi dairə seçki komissiyasının qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını qərara almışdır.
Növbəti müraciət də prezidentliyə namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Mustafa Hacılı tərəfindən edilmişdir. O, Mərkəzi Seçki Komissiyasına müraciət ünvanlayaraq 35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasına dairənin əhatə etdiyi bütün seçki məntəqələrində seçkinin ləğv edilməsi barədə şikayət verildiyini və onunla əlaqədar komissiyanın qəbul etdiyi protokol- qərarın ləğvini və mahiyyəti üzrə qərar qəbul olunmasını xahiş etmişdir.
MSK-nın iclasında vurğulanmışdır ki, "Demokratik qüvvələrin milli şurası” seçicilərin təşəbbüs qrupunun sözügedən seçki məntəqələrindəki məşvərətçi səs hüquqlu üzvləri və müşahidəçiləri səsvermə başa çatanadək qanun pozuntusu barədə heç bir irad bildirməmişlər. Dairə seçki komissiyasında protokolların qəbul edilməsi prosesini müşahidə etmiş ATƏT-in Seçki Müşahidə Missiyasının nümayəndələri tərəfindən də məntəqə seçki komissiyalarının protokolları təhvil verilənədək komissiya sədrlərinin DSK-ya gəlib getmələri ilə bağlı hər hansı bir faktın olması qeyd edilməmişdir. Ekspert qrupunun üzvü nəticəyə gəlmişdir ki, şikayətçinin müraciətdə göstərdikləri əsassızdır.
Bundan əlavə, sözügedən məsələylə bağlı dairə seçki komissiyası tərəfindən qərarın qəbul edilməsi, əsaslandırılması və tərtib olunmasında prosessual pozuntuya yol verilməsi müəyyən edilmişdir. Ona görə də həmin protokol üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmadığından etibarsız hesab edilməlidir. Şikayətçinin DSK-nın araşdırması ilə razılaşmamasını və mahiyyəti üzrə qərar qəbul edilməsi xahişini nəzərə alaraq yeni araşdırma aparılmışdır.
MSK qərara almışdır ki, qeydə alınmış namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Mustafa Hacılının sözgedən müraciəti qismən təmin edilsin. Budan əlavə, 35 saylı Xətai III seçki dairəsi dairə seçki komissiyasının qeyd edilən qərarı qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından etibarsız hesab edilməsi barədə qərar çıxarılmışdır. Müraciətin 35 saylı Xətai III seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız hesab edilməsi hissəsinin əsassız olduğundan təmin edilməməsi də qərara alınmışdır.
MSK cari məsələlərə də baxmışdır.
İclasda beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.