Azərbaycan Avropa üçün böyük əhəmiyyət kəsb edən ölkədir
Bakı, 10 oktyabr. Azərbaycan iqtisadi əlaqələr, həmçinin enerji təhlükəsizliyi baxımından nəinki Avropa, həmçinin İtaliya üçün böyük əhəmiyyət kəsb edən ölkədir.
Bu sözləri Avropa Parlamentinin xarici əlaqələr üzrə komitənin vitse prezidenti Fiorello Provera Müstəqil Mətbuat Mərkəzində keçirdikləri mətbuat konfransında söyləmişdir.
F.Provera demişdir: "Missiyamız bir çox seçki məntəqələrində, əsasən də getmək istədikləri 18 nömrəli məntəqədə olmuşdurlar və heç bir maneəyə rast gəlinməmişdir. AP-nin missiyası seçki sisteminin inkişaf etdiyini xüsusi vurğulayır. Azərbaycanda dəyişiklik və inkişaf yalnız Bakıda deyil, rayonlarda da müşahidə olunur. Çoxlu sayda yeni binalar tikilmişdir və ümumiyyətlə ölkənin ümumi atmosferi müsbətdir”.
O, həmçinin bildirmişdir ki, AP missiyasının məqsədi ölkədə daxili siyasi vəziyyəti nəzərə almadan seçki prosesini izləməkdir. Biz deyə bilərik ki, namizədlər üçün eyni şərait yaradılmışdır. Bilirəm ki, bizim AP-nin fikirləri Avropa İttifaqı və ATƏT\DTİHB-nin fikirlərindən fərqlənir. Hər kəsin öz fikri var və hamı öz fikirlərinə görə məsuliyyət daşıyır. Bildirməliyəm ki, mükəmməl demokratiyanı tələb eləmək olmaz, çünki mükəmməl demokratiya heç bir yerdə mövcud deyil. Bizim məqsədimiz hakim deyil, dost kimi Bakının tədricən, addım –addım inkişafına kömək etməkdir. Biz Azərbaycanı partnyor kimi həvəsləndirməliyik”.
Jurnalistlərə olunan təzyiqlərdən danışan tənqidçilərə cavab verən F.Provera demişdir: "Bu gün İtaliyada diffamasiya ilə bağlı 4 jurnalist həbs olunub, onlardan birinin yaşı 70-dən yuxarıdır. İkinci tənqid olunan hal – prezidentliyə namizədlər arasında qadınların olmamasıdır. Buna misal olaraq heç vaxt qadın prezidenti olmayan ABŞ–ı göstərmək olar. Azərbaycan 20 ildir ki müstәqil ölkədir və biz demokratiyanın inkişaf etdirilməsində bu ölkəyə kömək etməliyik”.
Azərbaycanın 20%-dən çox torpaqlarının işğal olunduğunu xatırlayan Provera daha sonra demişdir: "Bunu normal hal hesab etmək olmaz. Mən Avropa ölkələrini Azərbaycana bu problemi həll etməkdə kömək etməyə çağırıram. Bu problem həll olunmadan ölkə inkişaf edə bilməz. Həmçinin qeyd etmək istəyirəm ki, erməni lobbisi ermənilərin milli maraqlarını yaymaqlarına kömək edir. Buna görə də, Azərbaycan Avropa ölkələrində öz lobbi siyasətini həyata keçirməlidir”.